Məhkəmə qərarları › İş №2(105)-575/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-575/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-575/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili X8 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı zərərin əvəzi olaraq pul vəsatinin tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-468/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-468/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim X.İ.Quliyev). Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-468/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 880.000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu olaraq ödədikləri 30 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 880.000 ABŞ dollarının ödəniş gününə olan manatla ekvivalenti məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödədikləri 30 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki halları araşdırılmadan, sübutlar qiymətləndirilmədən, şahidlərin ifadələri təhrif edilib rədd edilərək maddi və prosessual hüquq normaları pozularaq və düzgün tətbiq edilməyərək qəbul edilmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 İddiaçı1 ilə iş birliyində olmasını təsdiq etsə də məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Cavabdeh1 birbaşa İddiaçı1lə iş birliyində olmasını etiraf etmək istəməsi də ona verilən suallara cavabında təsdiq edilmişdir ki, o, Cavabdeh2lə olan iş birliyində İddiaçı1 də olmasını qəbul etmiş, şəriki Cavabdeh2 500000 ABŞ dollarını İddiaçı1 payı kimi ödəmişdir. Eyni zamanda Cavabdeh1 etiraf etmişdir ki, aralarında narazılıq olan zaman görüşlər keçirilmiş, həmin görüşlərdə Cavabdeh2 demişdir ki, qardaşı Zaurun payına çatan məbləği ortada olan pullardan götürməsin, onun 500000 ABŞ dollarını pulunu qaytarsın. Bundan əlavə Cavabdeh1 etiraf etmişdir ki, İddiaçı1 iş birliyində olduğu üçün bir müddət daş karxanasının idarə etməsində də iştirak etmiş, karxanaya gedibgəlmiş,karxanada yerləşən ofisdə mütəmadi olmuşdur. Həmçinin, məhkəmə qətnaməsində göstərilən, guya İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmamasına da etiraz edərək, apellyasiya kollegiyasının nəzərinə çatdırır ki, həm 17.06.2015-ci il tarixli notarial sənədlə, həm 16.06.2015-ci il tarixdə İsayev qardaşları arasında olan razılaşma ilə təsdiqlənir ki, Əzizov qardaşları hər zaman İddiaçı1 tələblərinə qarşı qabaqlayıcı tədbirlər görmək istəmişlər. Halbuki, əgər onlar həqiqətən də iddiaçının tələblərinə cavab verməli deyildilərsə və qarşı tərəfin onlara iddia qaldırmağa subyektiv hüququ olmayıbsa, qabaqlayıcı tədbirlərə zərurət yaranmırdı. Əgər həmin şəxslərin İsayev qardaşları arasında olan münasibətlərə heç bir aidiyyatı olmamışdırsa, eyni zamanda onların qum-çınqıl biznesinə İddiaçı1 (etiraf edirlər ki. Cavabdeh2lə qum-çınqıl biznesləri olmuşdur) heç bir aidiyyatı olmamışdırsa, onda nəyə görə İddiaçı1lə Cavabdeh2 arasında olan razılaşmada onların da adı keçir və birmənalı şəkildə göstərilir ki, gələcəkdə İddiaçı1 Əzizov qardaşlarına dair heç bir etirazı ola bilməz. Bütün bunlar ona dəlalət edir ki, hazırda Əzizov qardaşları etiraf etməsə də, 2012-ci illərdə başlanan qum-çınqıl bizneslərində İddiaçı1 də Cavabdeh2 tərəfindən və onun qardaşı kimi iştirakçı olduqlarını bilirdilər və qəbul ediblər. Kollegiyanın diqqətinə çatdırır ki, iddiaçı və cavabdehlərin iştirakı ilə keçirilən və mübahisənin danışıqlar yolu ilə həll edilməsinə hesablanan görüşdə (tarix 2017-ci il, həmin görüş şahid X5 iştirakı ilə keçirilib və telefonun yaddaşına yazılıb) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etiraf edirlər ki, İddiaçı1 şərikli qırma daş - çınqıl biznesinə 880.000 (səkkiz yüz səksən min) ABŞ dolları pul vermişdir. Həmin vəsaitin 500.000 (beş yüz min) ABŞ dolları hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı1 qaytarmaq üçün nəzərdə tutulmuş, ayrılmış, lakin sonuncuya çatdırılmamışdır. Eyni zamanda 380.000 (üç yüz səksən min) ABŞ dollarının İddiaçı1 tərəfindən əlavə olaraq qırma daş - çınqıl biznesinə qoyulması faktı cavabdehlər tərəfindən etiraf edilmiş, lakin Cavabdeh2 saxlanması və ümumi biznesə yatırılmaması qeyd edilmişdir. Həmçinin tərəflər arasında olan görüşdə hər üç cavabdeh etiraf etmişdir ki, Xaçmaz rayonu, Xaçmaz rayonu, Hacıqurbanoba kəndində yerləşən qırma daş - çınqıl karxanasının yarısı - 50 %-i iddaçının haqqıdır və payıdır. Hansı ki, həmin karyer İddiaçı2 tərəfindən verilən 40000 (qırx min) ABŞ dolları pul müqabilində alınmışdır. Lakin həmin əmlak üzrə də iddiaçının haqqı və payı ona verilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən pul vəsaitləri cavabdehlərə aşağıdakı qaydada çatdırılmışdır : - X32 vasitəsilə - 100.000 (yüz min) ABŞ dolları iddiaçılar tərəfindən cavabdehlərə çatdırılmışdır. X23 vasitəsilə 170.000 (yüz yetmiş min) ABŞ dolları iddiaçılar tərəfindən cavabdehlərə çatdırılmışdır. İddiaçı2 tərəfindən şəxsən 40.000 (qırx min) ABŞ dolları cavabdehlərə verilmiş və karyerin alınmasına sərf edilmişdir. Şahid Ceyhun vasitəsilə 60.000 (altmış min) ABŞ dolları “AUDİ Q-7” markalı maşının sifariş ilə gətirilməsinə sərf edilmişdir. X33 vasitəsilə 70.000 (yetmiş min) ABŞ dolları iddiaçılar tərəfindən cavabdehlərə çatdırılmışdır. X35 vasitəsilə 30.000 (otuz min) ABŞ dolları iddiaçılar tərəfindən cavabdehlərə çatdırılmışdır. İddiaçı1 tərəfindən şəxsən 150.000 (bir yüz əlli min) ABŞ dolları cavabdehlərə vermişdir. Ağa vasitəsilə 260.000 (iki yüz altmış min) ABŞ dolları iddiaçılar tərəfindən cavabdehlərə çatdırılmışdır. Qətnamədə göstərilir ki, tərəflər arasında əvəllər də mübahisə olmuş, 17.06.2015-ci il tarixli sənəd imzalanmışdır. Həmin sənəd üzrə hər 3 cavabdehin mənafelərinə uyğun müddəalar vardır. Lakin nədənsə məhkəmə Əzizov qardaşlarına qarşı iddiaşının tələb irəli sürməsi üzrə subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Qətnamədə göstərilir ki, 20 iyun 2015-ci ildə Xaçmaz rayon polis şöbəsində aparılan araşdırma zamanı iddiaçı 583.000 (beş yüz səksən üç min) ABŞ dolları, Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırma zamanı iddaçı 485.000 (dörd yüz səksən beş min) ABŞ dolları, hazırki tələbdə isə 880.000 (səkkiz yüz səksən min) ABŞ dolları tələb edir və məbləğlər üst-üstə düşmür, ona görə iddia rədd edilməlidir. Halbuki işin həqiqi halı ondan ibarətdir ki, əvvəlki şikayətlər üzrə İddiaçı1 tək çıxış etmişdir, hazırda isə o. arvadı və biznes işlərində payı olan İddiaçı2 ilə birlikdə tələb irəli sürür. Bundan əlavə əvvəlki şikayətlər üzrə məbləğlərin dəqiqləşdirilməsi istiqamətində istintaq orqanı tərəfindən heç bir araşdırma aparılmamışdır. Həmçinin, hazırki iddia tələbi iddiaçılar tərəfindən dəqiqləşdirilib və şahidlər vasitəsilə təsdiq edilib. X1 ifadəsi dəyişdirilmişdir. Amma iş materiallarında yazılı şəkildə var. Eyni zamanda onun tərəfindən yazılan səs yazısının disk variantı sübut kimi qəbul edilməmişdir. Halbuki, məhkəmə həqiqətə çatmaq üçün bütün mümkün qanuni vasitələrdən istifadə etməlidir. Səs yazısının gizlin yazılması əsası ilə rədd edilməsi isə qanunsuzdur. Belə ki, həmin səs yazısı iddiaçı tərəfindən yazılmamışdır. Görüşün baş tutması və görüşdə olanlara iddiaçının arvadı və onun qohumlarını inandırmaq üçün təqdim edilməsi məqsəidə yazılmışdır. Amma mübahisə o zamandan bəri öz həllini tapmadığına görə, eyni zamanda cavabdehlər həmin görüşün belə olmasını inkar etdiklərinə görə məhkəməyə təqdim edilməsinə zərurət yaranmışdır. Bundan əlavə şahid Ramis İslamzadənin guya iddiaçının işçisi olduğu qətnamədə göstərilmişdir. Halbuki o, iddiaçının işçisi deyil və cavabdehlərdən olan Cavabdeh2 də İddiaçı1 kimi uşaqlıqdan tanıyır. Qətnamədə yazılır ki, guya şahid Ramis İslamzadənin ifadəsi detallı deyil, halbuki o, ətraflı, detallı və aydın ifadə vermişdir. X23 Vaxayeviçin ifadəsi tam əks qətnamədə öz əksini tapmışdır. İş materiallarında yazılı şəkildə mövcuddur. X3 detallı və aydın ifadəsi yazılı şəkildə iş materiallarında mövcuddur. X2 qısa, detallı olmayan ifadə vermişdir. Lakin, məhkəmə onun ifadəsinə əsas kimi istinad etmişdir. Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi kim qəbul edilən 29 sentyabr 2016-cı il tarixli qərarda göstərilir ki, Cavabdeh2 ilə İddiaçı1 arasında 16.06.2015-ci il tarixli razılaşma olmuşdur. Həmin razılaşmanın tərkibi kimi, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev pr.-tində yerləşən 2-mərtəbəli yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya verilməsini göstərsə də, nədənsə həmin razılaşma ilə nəzərdə tutulan Bakı şəhəri, Nizami rayonunda 14-mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evinin bu vaxta kimi cavabdeh tərəfindən iddiaçının istifadəsi üçün İsayevlərin anası X6 adına rəsmiləşdirilməsi öhdəliyini görməzlikdən gəlmişdir. Həmin öhdəlik bu vaxta kimi icra edilməmişdir. Həmçinin kollegiyanın diqqətinə çatdırır ki, məhkəmənin iddia müddətinin tətbiqi barədə mövqeyi də, əsassızdır. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.10.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı1 şikayətinin mülki xarakter daşıdığına görə ona məhkəməyə müraciət edilməsi hüququ izah edilmşdir. 16.06.2015-ci il tarixli razılaşmanın tələbi kimi Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evi iddiaçının istifadəsi üçün İsayevlərin anası X6 adına rəsmiləşdirilməmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-468/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatıda apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iş üzrə iddiaçılardan İddiaçı1 doğma qardaşıdır, İddiaçı2 isə qardaşının arvadıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə ona, digər cavabdehlər Ramin və Cavabdeh3lara qarşı iddia qaldıraraq onlarda vurulan zərərin əvəzi olaraq 880000 ABŞ dolları pulun tutularaq onlara verilməsini xahiş edir. İddiaçıların ona qarşı yönəlmiş iddia tələblərini əsassız hesab edir. Belə ki, iş üzrə digər cavabdehlər Ramin və Əbdülfəz Əzizovla təxminən 1998-ci ildən 2012-ci ilədək olan dövr ərzində iş birliyi olmuş, həmin dövr ərzində onlar birgə yük avtomaşınları alaraq rayonlardan Bakı şəhərinə çınqıl-daş daşınması ilə məşğul olmuş və Xaçmaz rayonu ərazisində daş karxanası işlətmişlər. Lakin bu işlərlə iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir əlaqəsi olmamışdır. Qardaşı İddiaçı1lə aralarında 2011-ci ilədək Türkiyədən karqo üsulu ilə Azərbaycana, Azərbaycandan isə avtomaşınlarla Rusiya Federasiyasının Dağıstan Respublikasına mal mübadilələri olmuşdur. Belə ki, o, Türkiyədən malı gətizdirmiş və Dağıstan Respublikasına qardaşı Zaura satmaq üçün göndərmişdir. Zaur isə malları sataraq pulunu avtomobil sürücüləri ilə ona göndərmişdir. Bu şəkildə onlar şərikli işləyərək pul qazanmışdır. Bu iş 2011-ci ilin noyabr ayınadək davam etmiş, sonradan qardaşı iş birliyini pozmuş və özü tək Dağıstan Respublikasında bu işlə məşğul olacağını bildirmişdir. Dəfələrlə qardaşına bu işdə ziyana düşəcəyini bildirsə də öz bildiyi kimi hərəkət etmiş, ona görə də malın çoxunu onda qoyaraq iş birliyindən ayrılmışdır. Sonradan isə qardaşı Zaur müstəqil işləyə bilməyərək xeyli miqdarda ziyana düşmüş və çoxlu borcları yaranmışdır. Qardaşı kimi ona köməklik edərək öz qazancından onun borclarını bağlayaraq onu vəziyyətdən çıxarmış, hətta qardaşını Azərbaycana dəvət edərək yaşaması üçün 120000 manat dəyərində öz evini ona vermişdir. Sonradan o, həmin evi də dəyər-dəyməzə 60000 manata satmışdır. Zaurun özünün külli miqdarda borcları olduğundan ondan, keçmiş şəriki olmuş Əbdülfət və Ramindən müxtəlif orqanlara əsassız şikayətlər etməyə başlamış və pul tələb etmişdir. Lakin onun Prokurorluğa və Daxili İşlər orqanlarına etdiyi şikayətləri öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı1 ona qarşı iddiasını əsassız hesab edir, ona hər hansı məbləğdə pul verməli deyildir. Qeyd olunanlara əsasən apelyasiya şikayətini təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(067)- 468/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndə və vəkili X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(067)-468/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 lazımi qaydada xəbərdarlıq edilsə də o, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Xaçmaz rayon X24 Bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 20 iyun 2015-ci il tarixli qərarının surətindən görünür ki, 10 iyun 2015-ci il tarixdə cavabdeh İsayev X26 rayon Polis Şöbəsinə müraciət edərək qardaşı, İddiaçı1 ilə birlikdə 1999-cu ildən biznes fəaliyyəti ilə məşğul olduğunu, sonradan qardaşı İddiaçı1 tüfeyli həyat tərzi keçirdiyini və biznes fəaliyyətini iflasa apardığını, Zaurun onun ailə üzvlərinə ziyan verəcəyi ilə hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb etməsini bildirmişdir. Xaçmaz rayon Polis Şöbəsində aparılmış araşdırma nəticəsində material üzrə cinayət tərkibi olmadığı müəyyən edildiyindən cinayət işi başlanması rədd edilmişdir. Həmçinin araşdırma zamanı İddiaçı1lə Cavabdeh2 arasında 1999-cu ildən 2012-ci ilədək iş birliyi olduğu müəyyən edilmişdir. Xaçmaz rayon X24 Bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 20 iyun 2015-ci il tarixli qərardan görünür ki, İddiaçı1 izahatında göstərmişdir ki, qardaşı, iş üzrə Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və ümumi işlər üçün 583.000 ABŞ dolları pul vermişdir. İş materiallarında Xaçmaz rayon Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 26 sentyabr 2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 16 sentyabr 2016-cı il tarixdə ərizə ilə Xaçmaz rayon Prokurorluğuna müraciət edərək qardaşı Cavabdeh2 bir neçə il əvvəl ona Xaçmaz şəhərində yaşayan dostları Cavabdeh1 və Cavabdeh3 ilə şərikli Xaçmaz şəhərində qum karxanası açmağı və Bakı şəhərinə beton zavoduna çınqıl daşı, otsep daşımaq üçün yük avtomobilləri almağı təklif edərək hər bir yük avtomobilinin ayda 12.000 ABŞ dolları qazanc gətirə biləcəyini bildirdiyini, qardaşına inanaraq 7 ədəd yük avtomobili alıb verdiyini, Xaçmaz şəhəri, 2 saylı orta məktəbin yaxınlığında isə qum karxanası aldığını, lakin Cavabdeh1 qanuni sahibkarlıq fəaliyyəti göstərərək heç bir əmək müqaviləsi bağlamadan karxanada 10 nəfərdən artıq işçi işlətdiyini, vəzifəsindən sui-istifadə edərək qazancı özünün tək mənimsədiyini, saxtakarlıqlar edərək dövlətə və onlara digər ödənişləri ödəməkdən yayındığını bildirmiş və ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini, təqsirli şəxslərin isə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırma nəticəsində İddiaçı1 şikayət ərizəsində göstərdiyi hallar öz təsdiqini tapmadığından həmin material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilən qərardan müəyyən olunur ki, İddiaçı1lə iş üzrə cavabdeh olan qardaşı Cavabdeh2 arasında iş birliyi 2009-cu ildən başlanmış, 2012-ci ildə başa çatmış, 2015-ci ildən isə İddiaçı1 cavabdehlər barəsində müxtəlif orqanlara şikayətlər etməyə başlamışdır. Həmin qərardan görünür ki, İddiaçı1 izahatında qardaşı Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və bu kimi ümumi işlər üçün 485.000 ABŞ dolları pul vermişdir. İş materiallarında olan 16 iyun 2015-ci il tarixli İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış razılaşma müqaviləsinin surətindən görünür ki, cavabdeh İsayev X20 qəsəbəsi, Quşçuluq massivi, H.Əliyev prospektində yerləşən iki mərtəbəli yaşayış evini İddiaçı1 satmaq və yaşamaq üçün verir, həmçinin Cavabdeh2 Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evini 2016-cı ilin dekabr ayınadək alıb anaları X6 adına keçirəcək və yaşamaq üçün İddiaçı1 verəcək, həmin evə qarşı Cavabdeh2 heç bir iddiası olmayacaqdır. İddiaçı1 müqavilədə qeyd etmişdir ki, göstərilən evlərlə əlaqədar məsələ həll olunduqdan sonra qardaşı Cavabdeh2 qarşı heç bir iddiası olmayacaq, həmçinin Namiqin dostları- cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan İddiaçı1 Bakı şəhəri, 27 saylı Notariat kontorundə təsdiq etdirərək imzaladığı 17 iyun 2015-ci il tarixli, 7E-5427 reyestr nömrə ilə qeydə alınmış ərizəsinin surətindən görünür ki, İddiaçı1 ərizə yazaraq qardaşı Cavabdeh2 ilə aralarında narazılıq olduğunu, hazırda aralarında olan narazılığın bitdiyini, bunun müqabilində Cavabdeh2 özünə məxsus olan ünvan 1 ünvanındakı evə sərəncam vermək, satmaq üçün ünvan 2 2015-ci il tarixdə ona etibarnamə verdiyini, onun gələcəkdə qardaşı Cavabdeh2, onun ailəsinə və onun dostları- cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı heç bir əmlak, pul və digər iddiaları və şikayəti olmayacağını bildirmişdir. İddiaçı tərəf Rusiya Federasiyası Ərazisində notarial qaydada imzaları təsdiq edilmiş 2 ədəd ərizəni məhkəməyə təqdim edərək həmin ərizələrin iş üzrə sübut kimi qəbul edilməsini xahiş etmişdir. Həmin ərizələrdə Rusiya Federasiyasının vətəndaşı X30 və X15 tərəflərin iş birliyi ilə əlaqədar şahid kimi fikir bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, onların 2009-2015-ci illər ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında iş birliyi olmuş, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul vermişlər, lakin cavabdehlər onların pulunu qaymayaraq onlara ziyan vurmuşlar. Belə olduğu halda iddiaçıların üzərinə onların 2009-2015-ci illər ərzində cavabdehlərlə aralarında iş birliyi olması, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul vermələrini, lakin cavabdehlərin onların pulunu qaytarmayaraq onlara ziyan vurmalarını sübut etmə yükü düşür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil. iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın təmin edilməməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, İddiaçı1 Cavabdeh2 ilə birlikdə 2012-ci ilin əvvələrinədək ortaq biznesləri olmuş, lakin 2012-ci ilin yanvar ayında atalarının vəfatından sonra öz aralarındakı şərikli bizneslərinə son vermişlər. 2015-ci ildə iddiaçı hazırkı tələblə bağlı cavabdehlər barəsində Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmiş, Cavabdeh2 isə İddiaçı1 onu hədələməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmişdir. Hər iki şikayət üzrə araşdırmalar aparılmış, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra aralarında olan narazılığın aradan qaldırılması üçün Cavabdeh2 öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı1 mülkiyyətinə vermiş, İddiaçı1 isə öz növbəsində səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizəni imzalayaraq göstərmişdir ki, qardaşı Cavabdeh2 ilə aralarında olan narazılıq bitmişdir. Bunun müqabilində qardaşı Cavabdeh2 özünə məxsus olan ünvan 1 ünvanındakı evə sərəncam vermək, satmaq üçün ünvan 35-ci il tarixdə Zaura etibarnamə vermişdir. Onun gələcəkdə Cavabdeh2, onun ailəsinə, onun tanışları Cavabdeh1, X17 qarşı heç bir əmlak, pul və digər iddiaları və şikayətləri olmayacaqdır. Müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən irəli sürülən iddia tələbi ilə bağlı əvvəllər də tərəflər arasında mübahisə olmuş və həmin mübahisə 17.06.2015-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı1 arasında əldə edilmiş razılıqla bitmiş və İddiaçı1 həmin məsələlərlə bağlı Cavabdeh2, onun ailəsinə və onun tanışları Cavabdeh1, X17 qarşı heç bir tələb irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür. Xaçmaz rayon X24 Bölməsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 20 iyun 2015-ci il tarixli qərarda müəyyən olunur ki, araşdırma zamanı İddiaçı1 izahatında qardaşı Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və ümumi işlər üçün üçün 583.000 ABŞ dolları pul verdiyini göstərmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə Xaçmaz rayon Prokurorluğunun 26 sentyabr 2016-cı il tarixli qərarından müəyyən olunur ki, araşdırma zamanı İddiaçı1 izahatında qardaşı Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və bu kimi ümumi işlər üçün 485.000 ABŞ dolları pul verdiyini göstərmişdir. Hal-hazırda isə İddiaçı1 iddia tələbində 2009-2015-ci illər ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında iş birliyi olmasını, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul verdiyini göstərir. Yəni araşdırmalar zamanı İddiaçı1 verdiyi izahatlarında göstərdiyi məbləğlərin birbirindən fərqli olduğu, iddia tələbində göstərdiyi məbləğin isə polisdə və prokurorluqda verdiyi izahatlarla tamamilə bir-birinə zidd olduğu müəyyən olunur. Cavabdehlərdən 880.000 ABŞ dolları məbləğdə pulun tutulmasını tələb edən iddiaçılar 17 iyun 2015-ci il tarixdə əldə edilən sonuncu razılıqdan sonra konkret olaraq nə qədər məbləğdə və nəyə əsasən borcun qalmasını sübuta yetirə bilməmiişlər. Bundan başqa iddiaçı cavabdehlərin həqiqətən borclu olduqları halda nəyə görə belə bir ərizəni imzalanmasını heç bir inandırıcı və ağlabatan dəlillə əsaslandıra bilməmişdir. Bundan başqa iddiaçılar irəli sürdükləri iddia tələbinin əsası olan halları təsdiq edən sübut qismində məhkəməyə təqdim etdikləri X11 tərəfindən cavabdehlərin xəbəri olmadan qeydə alınmış audio səs yazısına, şahid ifadələrinə və müxtəlif şəxslər tərəfindən məhkəməyə ünvanlanmış ərizələrə istinad edirlər. İddiaçının təqdim etdiyi audio yazının sübut kimi qəbuledilənliyi məsələsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Məhkəmə haqlı olaraq hesab etmişdir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından iddiaçının təqdim etdiyi səs yazısı qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qeyd edilənlərə əsasən prosessual qanunvericilik gizli yolla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan etmiş və şəxsin öz xəbəri olmadan səs yazısına məruz qoyula bilməməsi Konstitusiya ilə təminat altına alınmışdır. Bu səbəbdən sözügedən səs yazısı sübut kimi qəbul edilməməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin ifadələri də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iddiaçının iş yoldaşıdır, pulun cavabdehlərə verilməsində iştirak etməmiş və Cavabdeh2, o cümlədən digər cavabdehləri şəxsən tanımamış və onlarla münasibətdə olmamışdır. O, pulun verilməsini ancaq İddiaçı1 eşitdiyini bildirmişdir. X18 ifadəsində iddiaçının işçisi olduğunu, İddiaçı1 500.000 ABŞ dolları pulu daş karxanası biznesinə qoymasını bildirsə də pulun şəxsən onun vasitəsi ilə göndərilmədiyini, müxtəlif vaxtlarda başqa sürücülərin gətirib Namiqə verdiyini göstərmişdir. X23 Vaxayeviç ifadəsində iddiaçının işçisi olduğunu, 2009-2011-ci illər ərzində 170.000 ABŞ dolları pulu şəxsən Cavabdeh2 çatdırmasını bildirsə də konkret olaraq hansı tarixdə, harada və hansı məbləğləri Namiqə verməsini, eləcə də həmin məbləğlərin hansı məqsədlə Namiqə göndərilməsi barədə tam, ətraflı və dəqiq məlumatlar verməmiş, həmin məbləğin daş karxanası biznesinə sərf edilməsinin birbaşa şahidi olmamışdır. X7 ifadəsində iddiaçının işçisi olduğunu və 100.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh2 çatdırmasını bildirsə də onun da ifadəsi detallı olmamış və konkret olaraq hansı tarixdə, harada və hansı məbləğləri Namiqə verməsi barədə məhkəməyə dəqiq məlumatlar verməmiş, həmin məbləğin daş karxanası biznesinə sərf edilməsinin birbaşa şahidi olmamışdır. Pulun hansı məqsədlə Namiqə verilməsini isə İddiaçı1 ona dediklərinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab olunmur. Şahid ifadələrinə hüquqi qiymət verilərkən ilk öncə nəzərə alınmalıdır ki, iddiaçılar tərəfindən təqdim edilən şahidlər onların işçiləri olmuş və ona görə də mübahisənin münasibətdə olduqları tərəfin xeyrinə həll edilməsində maraqlıdırlar. Mülki prosessual qanunvericiliyə görə şahid işin nəticəsində maraqlı olmayan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin hüquqi marağından başqa, tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətlərdə olması (xidməti asılılıq, qohumluq münasibətləri) şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmasa da, belə şahidlərin ifadələri məhkəmə tərəfindən ciddi yoxlanılmalı və hərtərəfli qiymətləndirilməlidir. Bundan başqa şahidlərin verdiyi ifadələr təfsilatlı olmamış, həmin ifadələrdə hansı məbləğdə pulun hansı şəraitdə, hansı məqsədlə Cavabdeh2 verilməsi göstərilməmişdir. Ən önəmlisi də pulun hansı məqsədlə verilməsi barədə verilən ifadələrdə iddiaçıların sözlərinə istinad olunmuşdur. Bu səbəbdən iddiaçılar tərəfindən təqdim edilən şahid ifadələri sübut əhəmiyyətinə malik deyillər. Qanunvericiliyin tələblərinə görə hər bir sübut, o cümlədən şahid ifadələri işin digər halları ilə məcmu şəklində qiymətləndirilməlidir. Hazırkı iş materiallarından göründüyü kimi qeyd olunan şahid ifadələri iş materiallarında başqa hər hansı sübut növü ilə təsdiq olunmur. İddiaçının təqdim etdiyi ifadə verən şahidlər İddiaçı1 Cavabdeh2 göndərdiyi pul məbləğlərinin məhz daş karxanası, yük avtomobillərinin və biznesin qurulması üçün digər zəruri ehtiyacların ödənilməsinə sərf edilməsinin bir başa şahidi olmamışlar, şahidlər ifadələrində iddiaçıdan eşitdiklərini demişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır; güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı tərəf məhkəməyə iddia tələblərinin əsasını sübut edən hallar kimi yalnız şahidlər təqdim etmişlər. İddiaçı tərəf şahid ifadələrindən başqa güvənli nəticəyə gəlməkdən ötrü məhkəməyə güvənliliyi şübhə doğurmayan, bir-birini təsdiq edən və tamamlayan digər sübutlar təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf şahid ifadələrindən başqa güvənli nəticəyə gəlməkdən ötrü məhkəməyə güvənliliyi şübhə doğurmayan, bir-birini təsdiq edən və tamamlayan digər sübutlar təqdim etmədiyindən təqdim olunmuş şahidlərin ifadələri mübahisənin obyektiv həlli üçün güvənli sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahidlərin iddiaçıların işçiləri olmasını nəzərə alaraq onların məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşmaqla həmin ifadələrin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və hesab edir ki, bu şahid ifadələri iddiaçı tərəfin öz tələblərinin əsasını sübut edən hallar kimi qiymətləndirilə bilməz. Mübahisə həll edilərkən sadəcə iddiaçıların cavabdehə pul verilib-verilməməsi araşdırılmamalıdır. Hətta iddiaçılar tərəfindən biznes üçün Cavabdeh2 pul verilməsi fərz edilsə belə, burada əsas aydınlaşdırılmalı olan məqam 2012-ci ildə tərəflər öz aralarındakı biznes ortaqlığına son qoyarkən onların aralarındakı razılığın necə olmasıdır. İşin hallarından da görünüdüyü kimi, nə iddiaçılar, nə də ki onların şahidləri 2012-ci ildə iddiaçılar ilə Cavabdeh2 biznes şərikliyinə son qoyarkən öz aralarındakı son razılaşmanın necə olması və Cavabdeh2 iddiaçılara borcunun qalıb-qalmaması barədə məhkəməyə heç bir mötəbər məlumat və sübut təqdim edə bilməmişlər. Əksinə, iddiaçının anası Ş.İsayevanın ifadəsinə görə 2012-ci ildə tərəflər öz razılıqları ilə paylarını götürməklə ortaqlığa (şərikliyə) son qoymuşlar. Yəni, onlar ayrılarkən birinin digərinə borcu qalmamışdır. Qeyd olunanlarla yanaşı iddiaçılar məhkəməyə bir sıra ərizələr təqdim edərək həmin şəxslərin ərizədə göstərdiyi məlumatların sübut kimi nəzərə alınmalarını xahiş etmişlər. Məhkəmə hesab etmişdir ki, həmin ərizələr (izahatlar) şahid ifadəsinə bərabər tutula və sübut qismində dəyərləndirilə bilməz. Çünki prosessual qanunvericiliyə əsasən məhkəmə iclasında şahid qismində dindirilən şəxs yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilir və ondan bu barədə iltizam alınır. Ona görə də hər hansı şəxsin hətta notarial qaydada təsdiq edilmiş yazılı izahatı belə şahid ifadəsinə bərabər tutula və öz-özlüyündə müəyyən faktı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçılar tələb olunan məbləğin eyni zamanda Cavabdeh1 və X14 da tutulmasını məhkəmədən xahiş edirlər. İddia tələbi bu hissədə də tam əsassızdır və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəlmişdir. Başqa sözlə iddiaçılar hazırkı tələblə Cavabdeh1 və X17 qarşı iddia qaldırmağa subyektiv hüquqa malik deyildirlər. Belə ki, işin müəyyən olunan hallarından görünür ki, iddiaçıların Cavabdeh1 və X25 ilə birgə fəaliyyət göstərməsi, biznes şərikliyində olması və aralarında belə bir hüquq münasibətinin yaranması işdə hər hansı sübutla təsdiq olunmur. İş üzrə cavabdehlər Cavabdeh1 və X25 2015-ci ilədək ancaq Cavabdeh2 ilə şərik olmuş və sonradan ayrılmışlar. Ayrılarkən və ondan sonrakı dövrdə aralarında heç bir narazılıq və birinin digərinə qarşı hər hansı tələbinin olmaması iş materialları ilə də təsdiq olunur. Bundan əlavə iddiaçılarla cavabdehlər Cavabdeh1 və X25 arasında hər hansı biznes münasibətinin olması və iddiaçıların onlara pul vəsaiti verməsi barədə iddiaçılar məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Əksinə İddiaçı1 məhkəmə iclasında izahat verərək Cavabdeh1 və X17 pul vermədiyini və iddia etdiyi pulları Namiqə göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa iş materiallarından görünür ki, məhkəməyə təqdim edilən iddia ərizəsində iddiaçılar 880.000 ABŞ dolları məbləğində borcun cavabdehlərdən tutulmasını xahiş etsə də sonradan iddiaçılar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə təqdim edilən iddia tələbinin dəyişdirilməsinə dair ərizədə 880.000 ABŞ dolları məbləğində vəsaitin dəymiş zərər olaraq cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmiş və bu zaman iddia tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 21 və 1092-ci maddələrinə istinad etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan normalardan göründüyü kimi öhdəlik zərərin vurulması (delikt), əsassız varlanma, müqavilə və ya Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslar nəticəsinə yarana bilər. Yəni öhdəliyin yaranması üçün bu əsaslardan birinin mövcud olması zəruridir. İşdən görünür ki, iddiaçılar iddia ərizəsində müqavilə öhdəliklərinə istinad etməsinə baxmayaraq sonuncu ərizəsində iddia tələbinin hüquqi əsası kimi həm deliktə, həm də əsassız varlanmaya dair müddəalara əsaslanmışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər mübahisəli hüquq münasibətini necə adlandırılmasından asılı olmayaraq iddia ərizəsi və onun əlavərində göstərilənlər baxımından tərəflər arasındakı hüquq münasibəti mahiyyət etibarı ilə müqavilə münasibətlərinə uyğun gəlir. Çünki, iddiaçılar iddia etdikləri pul vəsaitini Cavabdeh2 ilə şərikli biznes fəaliyyəti ilə əlaqədar öz aralarında əldə etdikləri şifahi razılaşma əsasında ona verdiklərini göstərmişlər. Digər tərəfdən nəzərə alınmalıdır ki, o halda tələb edilən məbləğ dəymiş zərər hesab edilə bilərdi ki, cavabdehlər tərəfindən delikt törədilmiş olsun. Hazırkı işdə isə deliktdən ümumiyyətlə söhbət getməmiş və iddiaçıların əmlaklarına cavabdehlərin təqsirli hərəkətləri nəticəsində zərər dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə onu da qeyd edir ki, mübahisəli hüquq münasibəti əsassız varlanmaya da uyğun gəlmir. Belə ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hazırki işdə isə iddiaçılar cavabdehə iddia etdikləri pulu öz aralarındakı razılaşma (şifahi müqavilə) əsasında verdiklərini qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəlləninn 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunanlardan başqa iş materiallarından görünür ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmiş və iddia müddətinin başlanğıcının 2012-ci il tarixdən hesablanmalı olmasını və bu hesabla 7 il keçməsini göstərmişlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 3 2001-ci il tarixli Qərarında göstərilir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Məhkəmə cavabdehlərin mövqeyi ilə qismən razılaşır və hesab etmişdir ki, hazırkı iddia hər bir halda məhz iddia müddəti ötürülməklə veridiyinə görə də rədd edilməlidir. Bununla belə məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının başlanğıcı 2012-ci ildən deyil, 17.06.2015-ci il tarixdən hesablanmalıdır. Çünki qeyd olunan tarixdə mübahisənin həlli məqsədi ilə Cavabdeh2 öz mülkiyyətindəki evi İddiaçı1 mülkiyyətinə vermiş və bununla da iddia müddəti yenidən başlamışdır. Lakin bu halda belə iddiaçılar hazırkı iddianı 4 ildən artıq müddət keçdikdən sonra irəli sürməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçıların apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-468/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar