Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-577/2025 15.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 119/2025 nömrəli, 06 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK7517668B173 saylı kredit müqaviləsinə əsasən 5294,27 manat əsas, 400,41 manat faiz borcu olmaqla, cəmi 5694,68 manat pul və dövlət rüsumu kimi ödənilmiş 76,95 manat pul alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5294,27 manat əsas, 400,41 manat faiz, cəmi 5694,68 manat pul vəsaitinin və 76,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK7517668B173 saylı kredit müqaviləsinə əsasən ona illik 18 faiz dərəcəsi ilə 59 ay müddətinə 5348,62 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olumasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun hüquqları kobud şəkildə pozulmuş və təqdim etdiyi sübutlar qətnamədə göstərilməmişdir. Belə ki, sözügedən kredit müqaviləsi üzrə müəyyən qədər aylıq ödənişlər etsə də nə iddiaçı tərəfindən bu etiraf edilməmiş, nə də məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Qeyd edir ki, hər bir şəxs başına gələ biləcək hansısa bir hadisədən qabaqcadan sığortalanmamışdır. Belə ki, gözlənilmədən onun maddi gəlirləri kəskin azaldığına görə aylıq kredit ödənişlərini vaxtında ödəməyə bir müddət çətinlik çəkmiş, lakin bu ötüb keçmişdir. Hazırda əvvəlki qrafik üzrə hər ay 138 manat krediti ödəməyi davam etdirə bilər. Müvafiq ekspertiza araşdırması aparılarsa, asanlıqla müəyyən edilər ki, kredit borcunun müəyyən hissəsini ödəmişdir. Ona görə iş üzrə onun üçün hesablanmış əsas borcun 5294,27 manat və faiz borcunun 400,41 manat göstərilməsi düzgün deyildir. Çünki bu borcun bir hissəsini ödəmişdir. İddiaçının ərizəsindən də görünür ki, onlar yazmışlar ki, Kapital Banka olan borcunu tam qaytarmamışdır. Bu o deməkdir ki, borcunun bir hissəsini ödəmiş, bir hissəsi isə qalmışdır. Ona görə də hesab edir ki, birinci instansiya tərəfindən işin faktiki halları tam aydınlaşdırılmamış və qəbul edilmiş qətnamədəki nəticələr – pul hesabı nəticələri düzgün hesablanmayaraq işin hallarına uyğun olmamışdır. Yuxarıda göstərdiyi səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 448, 739 və 743-cü maddələrinə istinadlar edilməsində məhkəmə tələskənliyə yol vermiş və kredit ödənişində ondan asılı olmayaraq tərəfindən qısamüddətli fasilənin yaranmasına görə həm iddiaçının məhkəməyə müraciət etməsi, həm də məhkəmənin qeyri-obyektiv mövqe tutması, həmçinin onun borcunun artıq yazılması anlaşılan deyildir. Məhkəmənin bu qətnaməsinin 2-ci səhifəsinin sonuncudan əvvəlki abzasında yazılmış sitat: “Bu hal cavabdehin əmlak vəziyyətinin pisləşməsinə və borcun qaytarılmasının təhlükə altında olmasına dəlalət edir” – yazılması isə həqiqətdir. Doğrudan da cavabdeh kimi onun əmlak vəziyyəti pisləşmişdir. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə icraata xitam verilməli və aylıq kredit ödənişləri üçün iddiaçı tərəfindən əvvəlki 138 manat olmaqla cədvəl qrafiki təzələnməli və aylıq kredit ödənişini davam etdirməlidir. Bundan ötəri məhkəmə qətnaməsi lazım deyildir. Odur ki, bu səbəbdən kredit müqaviləsindən kənar pul ödənişinin ona tətbiq olunması ədalətli deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdehin vəfatından sonra vərəsəsinin müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini, əvvəki qrafik üzrə aylıq kredit ödənişlərinin davam etdirilməsinə hazır olduğundan əvvəlki ödənişləri nəzərə alınmaqla sözügedən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyin davam etdirilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi kredit borcunun qaytarılması barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, RGTK7517668B173 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 59 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 5348,62 manat məbləğində kredit verilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 743-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 743, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin ekspertiza nəticəsində kredit borcunun bir hissəsinin ödənilməsinin müəyyənləşdiriləcəyi barədə dəlilinə gəldikdə isə qeyd edir ki, cavabdeh şikayətində onun maddi gəlirlərinin kəskin azaldığına görə aylıq kredit ödənişlərini vaxtında ödənilməsində bir müddət çətinlik çəkdiyini və banka olan borcunu tam qaytarmadığını etiraf etmişdir. O, həmçinin aylıq kredit ödənişlərinin iddiaçı tərəfindən əvvəlki 138 manat olmaqla qrafikin təzələnməsi və aylıq kredit ödənişinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə illik 18 faiz hesablanmaqla, 5348,62 manat məbləğində restrukturizasiya olunmuş gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 103 gün gecikmə yaranmışdır. xx.xx.2024-cü il tarixli ərizəsində qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə gecikən əsas, faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etirazının olmadığını qeyd etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-577/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-577/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver