Məhkəmə qərarları › İş №2(105)-578/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-578/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-578/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-24/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir.

2. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

3. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli, 9/5995 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 04 baş, 3 yaşlı, hər birinin diri çəkisi 65 kq olan “Qala” cinsli ana qoyunun xx.xx.2023-cü ilə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1560 (4x390) manat müəyyən olunur. Ekspertiza təyini haqqında qərardadda göstərilən 01 baş, iki yaşlı, diri çəkisi 75 kq olan “Qala” cinsli qoçun isə xx.xx.2023-cü ilə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 520 manat müəyyən olunur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində maşınla vurularaq beş baş xırda buynuzlu heyvanlarının öldürülməsi nəticəsində məhv edilmiş əmlakının dəyəri olan cəmi 4080 manat pulun cavabdehdən alınıb ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Həmyəli kəndində yaşayır və şəxsi təsərrüfatında iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlayır və əldə etdiyi kənd təsərrüfatı məhsulları ilə səkkiz nəfərdən ibarət ailəsini təmin etməyə çalışır. 03 noyabr 2023-cü il tarixdə ona məxsus beş baş xırda buynuzlu heyvanlarını (dörd baş "Qala"cinsli boğaz ana qoyun hər birinin dəyəri 520 manat, bütövlükdə isə 2080 manat və bir baş "Qala" cinsli qoçun dəyəri 800 manat, 4 baş ana qoyundan alınacaq 4 baş quzunun satışından əldə olunacaq pulun miqdarı-əldən çıxmış fayda kimi 1200 manat) Həmyəli kəndinin (Nəsimi qəsəbəsi) ərazisində yaşadığı evin qarşısında Cavabdeh idarə etdiyi "Mersedes-190" markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sürət həddini aşaraq idarə etməni itirərək vurub öldürmüşdür. Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində ona 4080 manat zərər dəymişdir. Baş verənlərin səbəbi cavabdehin yol hərəkəti qaydalarını pozması yəni sürət həddini aşaraq idarə etməni itirməsidir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu onun nəqliyyat vasitəsini düzgün idarə etməməsi, sürət həddini aşması, idarə etməni itirməsi və yol hərəkəti qaydalarını pozmasıdır. Cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi Şamaxı Rayon Polis Şöbəsində araşdırılmış və ona bildirilmişdir ki, dəymiş maddi ziyanin ödənilməsi tələbi ilə bağlı mülkü iddia qaydasında məhkəməyə müraciət edə bilər. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun təsərrufatında olan beş baş xırda buynuzlu heyvanları avtomobillə vurularaq öldürülməsi nəticəsində ona 4080 manat məbləğində maadi ziyan dəymişdir. Öldürülmüş heyvanların foto şəkillərini sübut kimi təqdim edəcəkdir. Məhv edilmiş əmlakının, əldən cıxmış fayda ilə birlikdə ümumi dəyəri 4080 manat təşkil edir.

6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-24/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2080 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 manat məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verib Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsininin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini, ödədiyi 31 (otuz bir) manat dövlət rüsumunun da iddiaçıdan alınaraq ona ödənilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı uydurmasına görə guya hadisə zamanı onun 1 baş qoyunu yox, 5 baş qoyunu ölmüşdür. Halbuki bu yalandır. İş üzrə xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı günahkar hesab edilməklə cərimə olunmuşdur ona görə ki, o özünün heyvanlarını nəzarətsiz buraxmış və heyvanlar avtomobillərin hərəkət etdiyi yola çıxmışlar. Aydındır ki, yol nəqliyyat vasitəsinin hərəkəti üçündür, xırda buynuzlu heyvanlar üçün deyildir. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam aydınlaşdırılmamış və işin halları qətnamədə göstərilən nəticəyə uyğun olmamışdır. Qətnamədə qanun normaları düzgün tətbiq və təfsir edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-385.1.4-cü maddələrnə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi – iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Hesab edir ki, iddiaçı özü günahkar olduğundan onun pul tələbi təmin olunmamalıdır

10. Məhkəmə iclasında iştirak edərkən, o iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyim “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobillə yolda hərəkətdə olarkən iddiaçıya məxsus xırda buynuzlu heyvanlar avtomobil yolu ilə hərəkət etdiyindən və hava qaranlıq olduğundan onları görməmiş və nəticədə 2 baş xırda buynuzlu heyvanları vurmuşdur. Avtomobil yolu ilə hərəkət etmişdir, həmin yola gözlənilmədən heyvanların çıxa biləcəyini ehtimal etməmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad edilərək iddia tələbinin qismən təmin edilməsi tam əsassızdır. Belə ki, iddiaçı yalan danışır, 03 noyabr 2023-cü il tarixdə o, "Mersedes-190" markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı-Həmyəli yolu ilə hərəkət edərkən qarşısına sahibsiz və nəzarətsiz xırda-buynuzlu heyvanlar çıxdı. Onlardan ikisi onun maşınına çırpldığından biri öldü, digəri isə yaralı idi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. İşin hallarına görə xx.xx.2023-cü il tarixində İddiaçı məxsus beş baş xırda buynuzlu heyvanların yola çıxması nəticəsində Cavabdeh idarə etdiyi "Mersedes-190" markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus olan beş baş qala cinsli qoyunu vuraraq öldürmüşdür. Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçıya vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə əlaqədar təyin edilmiş ekspertiza rəyinə əsasən dörd baş qala cinsli ana qoyunun dəyəri 1560 manat və bir baş qala cinsli qoçun dəyəri 520 manat olduğu müəyyən edilmişdir.

32. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.

34. Belə ki, iş materiallarında olan AR DİN Şamaxı rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun məzmununlan görünür ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus 5 baş xirda buynuzlu heyvanları ölmüşdür.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

37. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

38. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

39. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-24/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-24/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar