Məhkəmə qərarları › İş №2(105)-580/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-580/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-580/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı X3 cavabdehlər X4 və Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(060)-3527/2014 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2014-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim İ.Mahmudov) iddia tələbinin təmin edilməsi, cavabdehlər X7 və Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 122 saylı evin 74 saylı mənzilinin satışından əldə etdikləri 56070 (əlli altı min yetmiş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(060)-3527/2014 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(060)-3527/2014 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işlə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 122 saylı evin 74 saylı mənzilinin satışından əldə etdikləri 56070 (əlli altı min yetmiş) manat məbləğində pul vəsaiti alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(060)-3527/2014 nömrəli qiyabi qətnaməsini almamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli və onunla bağlı 05 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, mülki iş MPM-nin 244-cü maddəsinin tələblərinə əməl edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, MPM-nin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qiyabi qətnamənin ləğvi üçün həmin qətnaməni çıxarmış məhkəməyə qiyabi qətnamə ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində ərizə verə bilər. Lakin hazırkı ərizəyə baxan məhkəmə qanunvericiliyin bu tələbinə əhəmiyyət verməmiş, cavabdehin ərizəsini məhz həmin müddət ərzində verilməsini ətraflı yoxlamamışdır. Belə ki, mülki işin birinci cildinin 74-cü səhifəsindəki qəbzdən görünür ki, cavabdeh həmin qətnaməni xx.xx.2014-cü ildə şəxsən imza etməklə almış və yenidən xx.xx.2014-cü il tarixli yazılı ərizəsinə xx.xx.2014-cü il tarixli cavab məktubunda qətnaməni xx.xx.2014-cü il tarixdə alması bir daha onun diqqətinə çatdırılmışdır. Daha sonra cavabdeh xx.xx.2014cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə müddətin ötürülməsi əsası ilə apellyasiya şikayəti geri qaytarılmış və o da bu qərardadla razılaşıb xx.xx.2015-ci ildə müddətin bərpasını xahiş etmiş, həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Lakin hazırkı ərizəyə baxan birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamış, ərizənin qəbulundan imtina etmək əvəzinə həmin ərizəyə baxmaqla, Mülki Prosessual Məcəllənin 244, 246-cı maddələrinin tələblərini pozmuşdur. Ərizəyə baxan məhkəmə həmçinin ərizənin təmin edilməməsini cavabdehin qiyabi qətnamənin ləğvi barədə ərizəni qiyabi qətnamənin rəsmi qaydada aldığı gündən 10 gün müddətində deyil, xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilməsi ilə əsaslandırmışdır. Halbuki, MPM-nin 249-250-ci maddələrində qiyabi qətnamənin ləğvi barədə ərizəyə baxılması ilə bağlı məhkəmənin səlahiyyətləri və əsasları göstərilmişdir. Məhkəmənin ərizənin təmin olunmaması barədə göstərdiyi əsaslar isə yuxarıda qeyd olunan qanunvericilik aktında nəzərdə tutulmamışdır. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir (Mülki Prosessual Məcəllənin 244, 246-cı maddələri). Göründüyü kimi qanunvericilik qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktından ərizənin verilməsi müddətin keçməsi onun təmin olunmaması deyil, imtinası üçün əsas ola bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli və onunla bağlı 05 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, ərizəyə yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli və onunla bağlı 05 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar