Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-582/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(060)-14/2022 nömrəli qətnaməsindən İddiaçı hüquqi varisi Səfərəliyev Rauf Asif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 38000 (otuz səkkiz min) ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq İddiaçı hüquqi varisi X1 hüquqi varisi Səfərəliyev Rauf Asif oğluna ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı hüquqi varisi X1 hüquqi varisi Səfərəliyev Rauf Asif oğluna ödənilməsi qət edilmişdir. İddiaçı hüquqi varisi Səfərəliyev Rauf Asif oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 ABŞ dolları və 22.000 manat pulun, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ildə Sumqayıt şəhərində yerləşən «Odnoklasnik» kafesində Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh özünü iş adamı kimi təqdim edərək, kriptovalyuta bazarında çalışdığını və kriptovalyuta alveri ilə məşğul olduğunu bildirmişdir. Beləliklə, onların tanışlıq münasibəti yaranmışdır. 2017-ci ilin may ayında Amin iddiaçıya zəng edərək «Opera» çay evində görüşməyi təklif etmişdir. Görüş zamanı Amin iddiaçıya «MMM» adlı şirkətdə çalışdığını söyləmiş və ordan yüksək məbləğdə qazanc götürdüyünü bildirmiş və kompyuterini açaraq ona şirkət haqqında izahat verməyə başlamışdır. Sonra bu şirkətdə böyük qazanc olacağına inandırıb onu bu şirkətə işə düzəltməyi təklif etmişdir. İddiaçı kompyuterdən və kriptovalyutadan anlayışının olmadığını bildirdikdə cavabdeh iddiaçıya təkidlə narahat olmadığını bildirmiş, bütün işləri və texniki məsələlərlə özü məşğul olacaqdır. İddiaçıdan ancaq pul vəsaiti tapıb ona vermək lazım olduğunu bildirmişdir. Amin iddiaçını bu işin perspektivinə inandırıb, 2017-ci ilin may ayında ilkin olaraq 35000 ABŞ dolları məbləğində pul almış və iddiaçıya bu şirkətə üzv qəbul etdirəcəyinə dair söz vermiş və əmin etmişdir ki, bir ay tamamında əlavə gəlir əldə olunacaqdır. Danışdıqları vaxt tamam olduqda iddiaçı Aminlə görüşmüş ki, işin nəticəsi ilə tanış olsun. Bu haqda soruşduqda Amin iddiaçıya şirkəlin bağlandığını və orada yoxlamalar getdiyini bildirmiş və yaxın 3-5 gün ərzində işlərin qaydasına düşəcəyini bildirmişdir. Həmin vaxtdan 1 ay vaxt keçməsinə baxmayaraq hər dəfə görüşdüklərində Amin iddiaçıya narahat olmamağı bildirirdi və hər şeyin nəzarət altında olduğunu bildirmişdir. Amin özünü mömin bir insan kimi iddiaçıya təqdim etdiyindən iddiaçı ondan şübhə etməmiş, sentyabr ayında Amin iddiaçıya Türkiyədən onların Şirkətinin məsul şəxslərindən olan Məsud bəy adlı bir nəfər gəldiyini, onlarla görüşüb şirkət haqqında son məlumatlar verəcəyini bildirmişdir. Cavabdeh dediyi şəxs gəlmiş və o, Amin vasitəsi ilə «Zəfəran» kafesində görüşmüşlər. Məsud bəy kimi özünü təqdim edən şəxs şirkətdə işlərin yolunda olduğunu və tezliklə yoxlamaların bitəcəyini bildirmişdir. Sonra Amin iddiaçıya Məsud bəyin maraqlı bir təklif verdiyini bildirmişdir. Təklif ondan ibarətdir ki, yenidən bu şirkətə yatırım etməklə köhnə yatırdıqları pullar tez bir zamanda qazancla bərabər geri ala bilərlər. İddiaçını buna Amin inandırmış və başqa yollarının olmadığını bildirmişdir. Hesablama apardıqdan sonra iddiaçı yenidən 15.000 ABŞ dolları yatırım etməyi təklif etmişdir. İddiaçı çarəsiz qalıb Aminin dediyi ilə razılaşmışdır. Sentyabr ayında Aminə 15.000 ABŞ dolları vermişdir. Amin iddiaçını tam əmin edərək ondan aldığı 50.000 ABŞ dolları miqdarında Bitkoin aldığını və tam əminliklə bildirdi ki, 2017-ci il dekabr ayına qədər bütün vəsait və qazancla bərabər qayıdacağına söz vermişdir. 2017-ci il oktyabr ayında Amin iddiaçıya zəng edərək şirkətin yenidən bağlandığını və sonradan yatırım etdikləri pullarda təhlükə olduğunu bildirmişdir. İddiaçı ona etiraz edərək pul almamışdan öncə hər şey qaydasında olduğunu dediyini, pulu alandan 15 gün sonra şirkətin bağlandığını bildirir. Cavabdeh iddiaçını sakitləşdirərək, hər şeyin düzələcəyinə söz vermiş və onun pullarına başı ilə cavab verdiyini və qarant olduğunu bildirmişdir. Sadəcə iddiaçıya səbirli olub gözləməyi təklif etmiş, iddiaçı da çarəsiz qalıb cavabdehin dedikləri ilə razılaşmışdır. Artıq 2018-ci ilin fevral ayında iddiaçının vəziyyəti maddi cəhətdən pisləşmiş və iddiaçı yaşadığı 9-cu mk/rn, ev 84, 51 saylı mənzildə yerləşən beş otaqlı mənzili borclarını ödəmək üçün satmışdır. Borclarını ödədikdən sonra əlində 20000 ABŞ dolları civarında pul qalmışdır. İddiaçı hər hansı bir kommersiya işi ilə məşğul olmaq istəyirdi ki, iqtisadi vəziyyətini düzəltsin. Mütəmadi olaraq Aminlə görüşüb vəziyyət müzakirə etmiş, söhbət əsasında Amin iddiaçıdan evin satışından sonra nə qədər pul qaldığını öyrənmiş və iddiaçıya köməklik edəcəyini bildirmişdir. 2018-ci il aprel ayında Amin iddiaçıya zəng edərək görüşməyi təklif etmişdir. Görüşəndə iddiaçıya yaxın bir dostunun olduğunu, Ramin adında o adam Foreks bazarında çalışdığını demişdir. Cavabdeh iddiaçıya təklif etmişdir ki, 20.000 ABŞ dollarını Raminə versinlər, o da onlara əvəzində yaxşı qazanc versin. İddiaçı Aminə həmin adamı tanımadığını və ona pul həvalə edə biləməcəyini bildirmişdir. Amin də ona bildirmişdir ki, pulu özü götürəcək və məsuliyyəti də özü daşıyacaqdır. Beləliklə, iddiaçıdan 20.000 ABŞ dolları almış və yaxın zamanda yaxşı qazancla birlikdə qaytaracağına söz vermişdir. Lakin üstündən aylar keçməsinə baxmayaraq Amin iddiaçıya nə əvvəl ki, 50.000 ABŞ dolları, nə də sonrakı 20.000 ABŞ dollarını qaytarmamışdır. İddiaçı artıq Amin tərəfindən aldandığını hiss etmiş və cavabdehdən verdiyi pullarını qaytarmağı tələb etmişdir. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan yayınmışdır. Belə olduqda iddiaçı Aminə hüquq mühafızə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bu sözündən sonra cavabdeh təlaş keçirtmiş və hissə-hissə iddiaçıya 12.000 manat qaytarmış və geridə qalan 50.000 ABŞ dolları və 22.000 manat pulu qaytaracağı barədə qəbz yazıb imzalamışdır. Lakin bu günə qədər borclu olduğu pulu qaytarmaqdan imtina edir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh Nurədin oğlu özünü iş adamı kimi təqdim edərək bir çox adamları aldatmış, onların etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onların külli miqdarda vəsaitlərini mənimsəmişdir. Bu əməlinə görə Cavabdeh 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı hüquqi varisi Səfərəliyev Rauf Asif oğlu Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəyə qiymət verərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh Nürəddin oğlunun xx.xx.2018-ci il tarixdə yazdığı iltizamdan görünür ki, o, İddiaçı 2017-ci ilin may ayında “MMM”-ə qoyduğu 50000 ABŞ dolları və və 22000 manatı almışdır. Həmin pulu İddiaçı olmadığı təqdirdə oğlu Səfərəliyev Raufa çatdırmağı öhdəsinə götürdüyünü öz imzası ilə təsdiq etmişdir. Mülki Məcəllənin tələblərinə riayət edilməsə də bu münasibətlər borc münasibətləridir və müqavilə əsasında yaranan münasibətləridir. Məhkəmə isə qətnamə çıxararkən Mülki Məcəllənin 135, 385, 1091, 1092-ci maddələrini istinad etməklə borc münasibətlərinə əsassız varlanma kimi qiymət vermişdir. Halbuki, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Hazırki mübahisə isə borc münasibətləridir, tərəflər bu münasibətləri sadəcə notarial qaydada təsdiqlənməsinə riayət etməmişdir. Beləliklə tərəflər arasında əqd bağlanarkən onlar öz rəftarı ilə iradə ifadələrini göstərmişlər. Məhkəmə bu iltizam mövcud olduğu və mübahisələndirilmədiyi halda iş üzrə preyudisiallığı olmayan xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına və cavabdehin izahatına istinad etməklə iddianı qismən təmin etmişdir. Cavabdeh Nürəddin oğlunun həmin qərarda qeyd olunan formada etirafedici ifadə verməsini məhkəmə hazırki iş üzrə sübut kimi qiymətləndirməsi əsassız və qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi sözügedən iddianın qismən təmin edilməsi qənaətinə gəlsə də, prosessual hüquq normalarına düzgün tətbiq etmədiyi üçün iddianın təmin edilməyən hissəsinin məhkəmə araşdırması zamanı sübuta yetməməsi barədə gəldiyi nəticə səhv olmuşdur. Çünki, iddiaçı illtizamı təqdim edib və pulu cavabdehə verdiyini barədə ifadə bəyanı edib. Cavabdeh isə ifadəsində 38000 ABŞ dolları aldığını bildirib. Beləliklə, mübahisədə sübutetmə yükü cavabdehin üzərinə keçib. Birinci instansiya məhkəməsinin qətnamədə mübahisəyə düzgün qiymət vermədiyi və qərarında əsaslandırmadığı üçün təmin edilməyən hissədə iddianın nə üçün əsassız olması müəmmalı qalmışdır. Bu əsas göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə əsas verir. Belə ki, cavabdeh ona iltizam üzrə pulu qismən ödədiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız cavabdehin polis orqanında verdiyi izahatı (iş materiallarında olan sübut əhəmiyyəti olmayan) mövcuddur. Cavabdehin izahatı və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, cavabdeh tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə cavabdeh təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, qismən borclu olduğunu qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə cavabdeh tərəfindən təqdim edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı hüquqi varisi Səfərəliyev Rauf Asif oğlunun nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin 38000 ABŞ dolları məbləğində pulu almasını etiraf etməsi ilə əsaslandırmışdır. İddiaçının hüquqi varisi Rauf Səfərəliyev bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya qaydasında şikayət vermiş, qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə iddiaçının maddi hüquq normasının səhv tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdən görünür ki, tərəflər arasındakı münasibətlər borc münasibətlərindən yaranan mübahisəyə aid deyil, bu mənada şikayətin bu dəlili ilə razılaşmaq olmaz. Qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Cavabdeh İddiaçı 2017-ci ilin may ayında “MMM”-ə qoyduğu 50.000 ABŞ dolları və 22.000 manat alması, həmin məbləğin oğlu Rauf Səfərəliyevə qaytaracağını öhdəsinə götürməsi barədə xx.xx.2018-ci il tarixdə öz imzası ilə yazılı qəbz verməsi, həmin məbləğdən 12.000 manatını qaytarması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələri təşkil edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülki işin 1-ci cildinin 6-cı səhifəsində olan yazılı qəbzlə cavabdehə tələb olunan məbləğdə pul verdiyini sübut etdiyi halda, cavabdehin bunun əksini təsdiq edən hər hansı tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı tərəfindən yazıldığını iddia olunan sənəddə imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsi məsələsinin araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/936 nömrəli 23 iyun 2023-cü il tarixli ekspert rəyi ilə ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 161-ci vərəqində İddiaçı adından olan xx.xx.2019-cu il tarixli Qəbzin sonunda “İddiaçı” yazılarının qarşısındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması göstərilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Göründüyü kimi iddiaçının cavabdehdən heç bir pul tələbi olmaması barədə cavabdeh tərəfindən təqdim edilmiş yazılı sənəddəki imza sonuncu tərəfindən imza edilmədiyi bir daha ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddia tələbinin təmin edilməyən hissəsindəki dəlili ilə razılaşır və hesab edir ki, həmin hissədə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu mənada apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 110 (yüz on) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı hüquqi varisi Səfərəliyev Rauf Asif oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 22.000 (iyirmi iki min) manat və 12000 (on iki min) ABŞ dolları məbləğində pul (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) alınaraq İddiaçı hüquqi varisi Səfərəliyev Rauf Asif oğluna verilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 110 (yüz on) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-582/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-582/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver