Məhkəmə qərarları › İş №2(105)-584/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-584/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-584/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5609/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə X2 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və müqavilə nəticəsində əldə edilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəl cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı ünvan 1 ünvanında 40 kv m ölçüdə 2-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsinin alqı-satqısı ilə bağlı ödədiyi 55000 manat məbləğin və həmin qeyriyaşayış sahəsinin təmirinə çəkdiyi 11000 manat məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırmış, qeyd edilən ünvanda yerləşən qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qarşısını almaq üçün Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2020- ci il tarixdə əmlakın üzərinə həbs qoyulmasına dair müvəqqəti təminat tədbiri seçilmişdir. Lakin həmin iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minmədən qeyd edilən qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən özəlləşdirilərək çıxarış alınmış və X1. Sonradan Cavabdeh2 qeyd edilən mənzili aldıqdan sonra Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmiş, məhkəmə tərəfindən əmlakın üzərinə qoyulmuş həbs ləğv edilmişdir. İddiaçı Cavabdeh1 üzərinə həbs qoyulmuş qeyri yaşayış sahəsini bir qrup şəxslə birlikdə yaşayış sahəsinə çevirərək başqa şəxsin adına özgəninkiləşdirilməsinə saxta yollarla nail olmuşdular. İddiaçı qeyd edilən daşınmaz əmlakın üzərində məhkəmə tərəfindən həbs qoyulmasına baxmayaraq satılmaqla Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız olduğunu, etibarsız əqdlər heç bir hüquqi nəticələrə səbəb olmadığından Cavabdeh1 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, Cavabdeh1 ilə X2 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və müqavilə nəticəsində əldə edilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin həqiqi hallarına uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işin hallarından və təqdim edilmiş sənədlərdən də göründüyü kimi həm “satıcı”, həm də “alıcı” mübahisələndirilən əmlakın üzərində həbs olmasını əvvəlcədən bilmişdir, lakin qanunvericiliyin və Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarının tələblərini pozmuşdur ki, bu da həmin alqı-satqının etibarsızlığını mübahisələndirmək üçün əsasdır. Mübahisəli əmlakın üzərinə həbs qoyulmasına səbəb onun pul tələbiylə bağlı təminat tədbiri olmuşdur. Məhkəmə onun xeyrinə qərar qəbul etsə də, həmin qərar icra edilmədən əmlak satılmışdır ki, bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. Məhkəmə onun malik olduğu hüquqları nəzərə almadan qərar qəbul etmişdir. Göründüyü kimi məhkəmə iddiaçının qeyd etdiklərinin həqiqətən əsaslı olub-olmadığını özü dəqiqləşdirməmiş, bunu dəqiqləşdirməkdən də ötrü ekspertiza təyin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddia hazırki tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən əsassız olması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 339.4-cü maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini çıxarışın, salqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 339.4-cü maddəsinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Cavabdeh1 iddiaçıya qarşı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337 məhəllədə inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 44 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması, həmin sahə üzrə verilmiş müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin olunması, iddiaçı Xaləddin Baxışovun Cavabdeh1 qarşı təmir xərcinə görə iddiasının təmin edilərək, onun xeyrinə Cavabdeh1 10.332 manat məbləğin tutulması, mübahisəli əmlakla bağlı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli müqavilənin bağlanması və həmin müqaviləyə edilmiş dəyişikliyin təsdiq edilməsi işin mübahisəsiz halıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 140, 149.2, 340.1-ci maddələri təşkil edir. Birinci instansiya məhkəməsi alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə iddianı rədd edərkən bir tərəfdən iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququnun olmadığını, digər tərəfdən əqdlərin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini qənaətinə gəlmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Baxılan işdə iddiaçı çıxarış və cavabdehlər arasında bağlanmış əqdin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı ödədiyi 55000 manat məbləğin və həmin sahəsinin təmirinə çəkdiyi 11000 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və qətnamənin icrasının təmin edilməsi məqsədilə müvəqqəti təminat tədbiri seçilsədə, qətnamənin icrasından yayınmaq məqsədilə qeyri-yaşayış sahəsi formal olaraq Cavabdeh1 tərəfindən adına çıxarış əldə edilərək, həmin sahə digər cavabdeh Azər Baxşıyevə satılmışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. İddia tələbinin məzmununa əsasən iddiaçı ona istinad edir ki, mübahisə olunan çıxarış və əqdin rəsmiləşdirilməsində məqsəd borclu Cavabdeh1 müqavilənin predmeti olan əmlakın mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilməsinin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur. Məhkəmə kollegiyasının qənaətinə görə uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Mövcud vəziyyətdə iddiaçının subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə məhkəmə müdafiəsi hüququ ilə uzlaşmır. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə akti elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciər etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının (tələbkarın) cavabdehin (borclunun) öz əmlakını icradan yayındırmaq məqsədilə çıxarış əldə edərək bağladığı əqdin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ olduğundan, bu tələb uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir. Baxılan işdə birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, iddiaçının irəli sürdüyü dəlillərə lazımi şəkildə qiymət verməmiş, eləcə də qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. İşdən görünür ki, iddaçının istinad etdiyi təminat tədbiri barədə qərardadla üzərinə həbs qoyulmuş daşınmaz əmlak Bakı şəhəri Xətai rayon, M.Hadi küçəsi 2337-ci məhəllə "xxxx" MTK-ya məxsus binanın yerləşən 1 giriş 2-ci mərtəbədə olan 40 kv.metr qeyriyaşayış sahəsidir və həmin əmlak üzərinə qadağa xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra olunmuşdur. Lakin Cavabdeh2 müraciəti əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin əmlak üzərində qadağa xx.xx.2022-ci il tarixdə götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(011)-1399/2022 nömrəli qərardadı xx.xx.2022-ci i tarixdə icra edilərək Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə "xxxx" MTK-ya məxsus binada yerləşən İ giriş 2-ci mərtəbədə olan 40 kv.m. qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllə "xxxx" MTK-ya məxsus binada yerləşən 2-ci mərtəbədə olan 44 kv.m. qeyri-yaşayış sahəsinə dair vətəndaş Cavabdeh1 adına verilmiş xx.xx.2008-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə “binanın 2-ci mərtəbəsində 44 kv.m sahəsi olan 9a saylı mənzil” kimi oxunmasına dair müvafiq düzəliş edilmişdir. Bundan əlavə ünvan 3 ünvanında "xxxx" MTK (hal-hazırda “Yüksəliş-C MMC) tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair Azərbaycan Respublikası Dövlət və Şəhərsalma Arxitektura Komitəsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə elektron qaydada daxil olmuş istismara icazədə qeyri-yaşayış sahəsi yalnız birinci və zirzəmi mərtəbəsində nəzərdə tutulub. İkinci mərtəbədə qeyri-yaşayış sahəsi nəzərdə tutulmayıb. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın etibarsızlığı ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevanın şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 140-cı maddəsinin mənasına görə daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəflərin qeydin olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın etibarsızlığı barədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin əqdin etibarsızlığı ilə bağlı hissəsinə gəldikdə isə məhkəmə kollegiyası məsələyə formal yanaşmayaraq, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilənin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavinin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilib-verilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və digər xüsusatları aydınlaşdırılmaqla Mülki Məcəllənin 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olub-olmamasına hüquqi qiymət verilməklə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, "xxxx" MMC-nın Daşınmaz Əmlakı Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna və xx.xx.2008-ci il tarixli müqaviləyə (təsdiq edilmiş dəyişlik nəzərə alınmaqla) əsasən Cavabdeh1 reyestr xidmətində mülkiyyət hüququ qeydə alınmış və həmin qeydə əsaslanaraq mübahisəli əmlakı notariat qaydada təsdiq olunmuş əqdə əsasən digər cavabdeh Azər Baxşıyevə satmış, nəticədə sonuncu bu əqd əsasında adına müvafiq çıxarış əldə etmişdir. Həmçinin müəyyən edilir ki, əqdin bağlanması zamanı mənzil üzərində hər hansı bir məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Göründüyü kimi mövcud əqdin bağlanması zamanı əqdin tərəflərinin heç də üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyətlərinin olmadığı, əksinə müqavilədəki hüquqi nəticənin yaratmaq niyyətlərinin oluğunu, o cümlədən də daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi, bu müqavilənin Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbi baxımından etibarsızlığı üçün hüquqi əsas olmadığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğvi hissəsinə gəldikdə həmin hissədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi çıxarış mövcud alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin əqd məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan vaxtlarda Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar