Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-585/2023 16.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh Nuşrəvan oğluna qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Zəngilan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(034)-519/2022 nömrəli qətnaməsindən Cavabdeh Nuşrəvan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddianın təmin edilməsi, Cavabdeh 65000 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Nuşrəvan oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh Nuşrəvan oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 65.000 manat borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nuşrəvan oğlu ilə münasibətləri olduğundan və cavabdehin xahişi ilə 27 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunun təsdiqlənməsi ilə 65.000 manat məbləğində cavabdehə borc pul vermişdir. Aralarında bağlanmış kredit müqaviləsinin 2-ci maddəsinə görə cavabdeh (borcalan) kredit məbləğini xx.xx.2021-ci il tarixədək ona qaytarmalı idi. Lakin, öhdəliyin icrası müddəti ilə bağlı aralarında müqaviləyə əsasən müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra cavabdeh maliyyə çətinliyə ilə əlaqədar bu müddəti gözləməsini, tezliklə borcunu bağlayacağını bildirmişdir. O da ümumi tanışlıq xətirinə ona bir neçə dəfə vaxt versə də, cavabdeh öhdəliyini icra etməmişdir. Hazırda onun maddi problemləri olduğundan pula ehtiyacı var. Lakin cavabdehin bir kreditor kimi üzərinə düşən vəzifəni icra etməməsi, yəni borcu qaytarmaması iddiaçını maddi cəhətdən sıxıntıya salmışdır. Cavabdeh faktiki olaraq borcunu qaytarmaqdan yayınır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Məmmədov X4 Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sulutəpə ərazisində restoranda işləyir. 2020-ci ildə Pandemiya yayılmamışdan 8 ay əvvəl İddiaçı 3 ay ərzində hissə-hissə (5000 +5000+5000+6000 ) cəmi 21.000 manat borc pul almışdır. İlk vaxtlar hər 5000 manatın müqabilində iddiaçıya ayda 2000 manat faiz ödəyirdi. 21000 manat müqabilində isə 8 ay ərzində hər həftə faiz olaraq İddiaçı 3600 manat pul ödəyirdi. İddiaçılə onun istifadəsində olan mobil telefon nömrələri ilə (yadında qalan 050 *** ** ** , 050 *** ** ** və sair) ilə əlaqə yaradırdı. O, həftə sonu işlədiyi restorana gələrək 3600 manat pulu ondan alırdı. O, restoranda olmadığı vaxtlarda 3600 manat pulu onun tapşırığıyla şadlıq evinin işçisi Elnurdan götürmüşdür. X1 iki dəfə 3600 manat, cəmi 7200 manat borc almaqla İddiaçı vermişdir. Hələ də İman Tağıyevə 6000 manat borclu qalmışdır. Tanışı Cəsarətdən də 3600 manat borc alıb iddiaçıya vermişdir. Pandemiya dövründə restoran fəaliyyəti dayandığına görə gəlir əldə edə bilmədiyindən faizləri İddiaçı verə bilmirdi. İş qurub gəlir əldə etmək üçün İddiaçı ona həftədə 1000 manat faiz vermək şərti ilə 10000 manat pul verdi. Həmin 10.000 manat pulun Binəqədi rayon 40-cı polis Bölməsinin rəis müavini Elxan müəllimin pulu olduğunu bildirdi. 5 ay hər həftə 1000 manat faiz verirdi. Elə vaxtlar da olurdu ki, özü zəng edib 1000 manat faiz pulunu taksi sürücüsü vasitəsilə Elxan müəllimin özünə çatdırmışdır. Sonra işini qura bilməmiş, faiz də verə bilməyəndə İddiaçı bildirdi ki, əsas məbləğ 10.000 manatı Binəqədi rayon 40-cı polis Bölməsinin rəis müavini Elxan müəllimə qaytarmaq lazımdır. İşi dayandığından, pulu qaytarmağa imkanım yoxdur. Bu zaman iddiaçı Rafiq dedi ki, onun yerinə özü həftəlik yox, aylıq 1000 manat Elxan müəllimə verər və sonra hesablaşarlar. Bir neçə aydan sonra zəng etdi ki, onun ona 36000 manat borcu var. O da Rafiqə 3 dəfəyə 5400 (5000 +200+200) manat pul verə bildi. İddiaçı geçikməyə görə əsas borc məbləğinə əlavə faizlər hesablamışdır. Faizlə qaytarmalı olduğu 36.000 manat puldan 6000 manat iddiaçıya qaytardı, 30.000 manat borclu qalmışdı. İddiaçı və onun tanışı, özünü Seyid kimi təqdim edən şəxsin təklifi ilə razılaşdılar ki, həmin Seyid ev alqı-satqısı edəcək və evin alqısatqısından əldə edilən 65.000 manatın 30.000 manatını borcunun əvəzi olaraq İddiaçı verir, qalan 35.000 manat pulla isə biznes fəaliyyəti göstərib gəlir əldə etməklə Seyidin pulunu 20 faiz artıqlaması ilə, yəni 85000 qaytarır. Bu şərtlər qarşılığında evin alqı-satqısı xərcləri ilə baglı tanışı Elşəndən borca 1000 manat alıb Rafiqə vermiş, iddiaçı tərəfindən dəvət olunduğu 14 saylı Notariat Kontorunda Seyidin iştirakı ilə ev alqı-satqısının ardınca tərtib edilən borc müqaviləsini imzalamış və əvvəlcədən razılaşdığı 65000 manat pulun 35000 manatını İddiaçı istədikdə İddiaçı dedi ki, pul Seyidin evindədir, Çünki, Notariat Kontorunda evin alqı-satqı ilə bağlı 65000 manat pul nağd şəkilində olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnaməni mübahisələndirərək, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd olunanlara əsasən hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi borcun qaytarılması barədədir. İddiaçı ilə Cavabdeh Nuşrəvan oğlu arasında 27 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə Bakı şəhəri 14 saylı Notariat Ofisinə sorğu verilmiş və 2699 №li 28 iyul 2023-cü il tarixli Bakı şəhəri 14 saylı Notariat Ofisinin məktubu ilə xx.xx.2021-ci il tarixdə, 3M-3121 reyestr nömrəsilə qeydiyyat aparılaraq İddiaçı ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə notariusun depozit hesabına ödənilmiş pul məlbəğinə dair məktubun, kassa mədaxil və məxaric orderlərinin təsdiq edilmiş kserosurətləri təqdim edilmişdir. Mədaxil orderinin surətindən görünür ki, 65.000 manat məbləğində pul İddiaçı tərəfindən təhvil verilmiş, məxaric orderinə əsasən isə Cavabdeh tərəfində 65.000 manat pul təhvil alınmışdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 65.000 manat məbləğində pulu cavabdehə verdiyini sübut etdiyi halda, cavabdeh isə bunu təkzib edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən o cümlədən, qaytarılmasını təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Nuşrəvan oğlunun apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-585/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-585/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver