Məhkəmə qərarları › İş №2(105)-585/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-585/2024

13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-585/2024 13.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7103/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü Əmirhəmzəyev Davud İlqar oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, iddianın verilməsinə görə 34.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü Əmirhəmzəyev Davud İlqar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikaha daxil olmuş, birgə nikahdan üç uşaq doğulmuşdur. xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müvafiq miqdarda aliment (cəmi 480 manat) tutulmuşdur. Övladları böyüdükcə təlabatları günü-gündən çoxalır və o cümlədən qayğıları da artmaqda davam edir. Tək qadın olaraq bütün bunların öhdəsindən gəlmək iqtidarında deyildir. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği uşaqların artan qayğılarını qarşılamağa yetmədiyindən və eyni zamanda cavabdeh könüllü olaraq övladlarına əlavə olaraq maddi yardım göstərmədiyindən, aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7103/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. İşdən görünür ki, cavabdehin rəsmi iş yeri və gəliri yoxdur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti çətinliklə ödəyir. Hesab edir ki, hər uşaq üçün 160 manat olmaqla cəmi 480 manat aliment kifayət edəcək məbləğdir. Belə olan halda alimentin artırılmasına zərurət yoxdur. Cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı bir dəyişiklik olmayıb, əksinə onun maddi vəziyyəti daha da ağırlaşıb. Belə olan halda alimentin artırılması Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə ziddir. Qanunun tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur. Cavabdeh 3 uşağa görə 600 manat ödəmək iqtidarında deyil. Məhkəmə iddianı təmin etsə də, onun icrasını düşünməmişdir. Hər ay 600 manat ödəmək üçün cavabdehin ay ərzində ən azı ***-**** manat gəliri olmalıdır ki, həmin məbləğin 600 manatını aliment olaraq ödəsin, qalan məbləğ ilə isə özü dolansın. Hesab edir ki, qəbul olunmuş qətnamə qanunun tələbinə uyğun olmalıdır ki, cavabdeh də onun icrasını icra edə bilsin. Qətnamə icra olunmadığı və ya qismən icra olunduğu halda cavabdehin barəsində qanuna uyğun olaraq tədbir görüləcək və o, inzibati və ya cinayət qaydasında məsuliyyətə cəlb olunacaq. Bu isə uşaqların gələcəyinə mənfi təsir göstərəcək. Qanunun tələbinə görə uşaqların saxlanması üçün hər iki valideyn məsuliyyət daşıyır. Bu tək atanın hüququ və vəzifəsi deyil. Hazırkı vəziyyətdə qəbul edilmiş qətnamə atanın ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Uşaqların saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə “Yaşayış minimumu haqqında” Qanunun yox, Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Məhkəmə iddia tələbinə baxarkən qeyd olunan normaları nəzərə almalı idi. Lakin məhkəmə bütün bunları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı olduğu halda məhkəmə öz qətnaməsini lazımınca əsaslandırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, diqqətəlayiq maraqlarını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi məhkəmə aktı ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayış minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü Əmirhəmzəyev Davud İlqar oğlunun saxlanılmaları üçün 2022-ci il tarixdə alimentin miqdarı bir uşaq üçün 160 (yüz altmış) manat, ümumilikdə 480 (dörd yüz səksən) manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan bu günə uşaqların tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən tutulan 600 (altı yüz) manat miqdarında alimentin əvvəlki məbləğdə, yəni 480 (dörd yüz səksən) manat miqdarda tutulmasını xahiş edir (600- 480=120 manat). Həmin fərqin bir il ərzində məcmusu isə (120 X 12 ay=1440 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar