Məhkəmə qərarları › İş №2(105)-585/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-585/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-585/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “əsas borcun, faiz borcunun, dövlət rüsumunun tam tutulması, 19 sentyabr 2014-cü il tarixədək olan kredit müqaviləsi üzrə cəmi 98970,98 manat borcun tutulması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1190/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında 12 aprel 2010-cu ildə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22 aprel 2010-cu il tarixli, 5770/2 nömrəli kredit müqaviləsi üzrə 29750 manat əsas kredit borcu, 39748,77 manat faiz borcu, 28907,21 manat dəbbə pulu, 500 manat cərimə borcu, notariat orqanına sənədlərin təsdiqlənməsi üçün verilmiş 35 manat dövlət rüsumu və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 19 sentyabr 2014-cü il tarixinə 98970,98 manat pulun ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş, borcu tam olaraq ödəməmişdir. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilib, lakin heç bir nəticəsi olmamış, nəticədə cavabdehin İddiaçı ASC-yə əsas borc kimi 29750 manat, faiz borcu kimi 39748,77 manat, dəbbə pulu borcu kimi 28907,21 manat, cərimə borcu 500 manat olmaqla, cəmi 98905,98 manat borcu yaranmışdır.

4. Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh 22 aprel 2010-cu il tarixli, 5770/2 nömrəli kredit müqaviləsi üzrə 29750 (iyirmi doqquz min yeddi yüz əlli) manat məbləğində əsas kredit borcu, 39748,77 (otuz doqquz min yeddi yüz qırx səkkiz manat, yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 100 (bir yüz) manat məbləğində dəbbə pulu və məhkəmə xərclərinə görə ödənilmiş 65 (altmış beş) manat olmaqla, cəmi 69663,77 (altmış doqquz min altı yüz altmış üç manat, yetmiş yeddi qəpik) manat məbləğində pul alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Ona görə ki, həmin faiz və cərimə borcları iradə ifadəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş qaydada aralarında olan öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar gecikmələr edilməsinə görə yaranmışdır. Buna görə də, iddia tələbi əsas kredit borcu və faiz borca dair hissədə tam təmin edilməlidir.

6. Birinci instansiya məhkəməsi iddianın dəbbə puluna dair hissəsinə qiymət verərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə cavabdehdən ödənilməsi tələb edilən 28907,21 manat məbləğində dəbbə pulu əsas borc və faiz borcu müqabilində tənasübsüz surətdə yüksək məbləğ olmuşdur. Dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Hazırkı işdə iddiaçı tərəfindən ödənilməsi tələb edilən dəbbə pulu borc alanın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən tənasübsüz surətdə yüksək olduğunu göstərmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki 385.1, 386.1, 425.1, 462.1, 463.1, 467, 739.1 və 739.2,-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ümumiyyətlə İddiaçı ASC ilə 22 aprel 2010-cu il tarixli kredit müqaviləsi bağlamamışdır. Bankdan kredit almamışdır. Onun İddiaçı ASC ilə bağlanmış 22 aprel 2010-cu il tarixli kredit müqaviləsindən, 22 aprel 2010-cu il tarixli öhdəçilik ərizəsindən, 22 aprel 2010-cu il tarixli 15 nömrəli kassa məxaric orderindən, iş materiallarında olan Quba Rayon Məhkəməsinə ünvanlanmış 13 yanvar 2015-ci il tarixli ərizədən, hazırkı mülki işin məhkəmə gedişatından, məhkəmə iclaslarından onun məlumatı olmamışdır. Yalnız Quba Rayon İcra və Probasiya şöbəsindən onun hansı səbəbə çağırdıqlarını öyrəndikdə barəsində belə bir məhkəmənin qətnaməsinin mövcud olmasını bilmişdir. O, bankdan kredit almış, bu zaman da əsas borca görə faiz borcu düzgün hesablanmamış, kredit müqaviləsinin müddəti 22 aprel 2012-ci il tarixdə bitmiş, bundan sonra bank tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Bankın nümayəndəsinin ərizəsinə əsasən iddianın baxılmamış saxlanılması və həmin qərardadın yenə eyni əsasa görə ləğv edilməsi iddia müddətinin axımını kəsmir. Məhkəmə bu məsələyə düzgün qiymət verməmişdir. İddiaçı ASC ilə bağlanmış 22 aprel 2010-cu il tarixli kredit müqaviləsindəki, 22 aprel 2010-cu il tarixli Bakı şəhərində bağlanmış öhdəçilik ərizədəki, 22 aprel 2010-cu il tarixli 15 nömrəli kassa məxaric orderindəki, iş materiallarında olan Quba Rayon Məhkəməsinə ünvanlanmış 13 yanvar 2015-ci il tarixli ərizədəki imzalar ona məxsus deyil, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasi təyin edilməli, ekspertiza keçirilməli və onun imzamları həmin imzalar ekspertin müqayisəli tədqiqatına verilməlidir. Məhkəmənin gedişatından xəbəri olmadığı üçün məhkəmədə iştirak etmədiyi üçün bu vəsatəti verə bilməmişdir. İş üzrə bankın ona qarşı iddia tələbinin müddəti, yəni üç illik müddət üzrlü səbəblər olmadan ötmüşdür.

10. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2023-cü il tarixli 4/1713 nömrəli ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş 22 aprel 2010-cu il tarixli öhdəçilik ərizəsində “imza” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.

11. Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2024-cü il tarixli 4/61 nömrəli ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş 22 aprel 2010-cu il tarixli 5770/2 nömrəli kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafasındakı imza, 22 aprel 2010-cu il tarixli 15 nömrəli kassa məxaric orderinin kserosurətində “imza” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-31/2024 nömrəli 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və faiz borcu 17949 (on yeddi min doqquz yüz qırx doqquz) manat 37 (otuz yeddi) qəpik müəyyən edilmiş, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, Cavabdeh Nəhmət oğlundan ekspertiza xərci 251 (iki yüz əlli bir) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-29/2025 nömrəli iş üzrə 21 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), İspəndiyar Şəfiyev və Aqil Abasov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-31/2024 nömrəli mülki iş üzrə 4 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

15. Qərarda həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsinin iddia müddətinin tətbiq olunmasından imtina barədə qənaəti əsassız olmuşdur;

16. Belə ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından aydın olur ki, 04 fevral 2015-ci il tarixli iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardad qəbul olunana kimi cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, məhkəmə icraatından məlumatlı olmuş, bu hal 13 yanvar 2015-ci il tarixdə məhkəməyə tərəflər arasında bağlanmış kredit müqaviləsinin əslinin işə əlavə olunması barədə xahişi özündə əks etdirən ərizə verməsi ilə təsdiq edilmişdir (c.1, v.55).

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərilən ərizəsi nəzərdən keçirildikdə aydın olur ki, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmədiyi halda həmin ərizənin iş materiallarına hansı qaydada əlavə olunması, poçtla göndərilməsi və ya şəxsən məhkəmə iclasında təqdim olunması müəyyən deyildir, ərizədə onun qeydiyyata alınması, hansı qaydada məhkəməyə daxil olması barədə hər hansı bir qeyd yoxdur, məhkəmə iclas protokollarında da bu hal öz əksini tapmamışdır. Həmçinin həmin vaxt iddia müddəti ötürülməmişdi, bu əsasla iddianın rədd olunması barədə ərizə vermək işin nəticəsi üçün heç bir əhəmiyyət kəsb etmirdi. İddia ərizəsinin baxılmamış saxlanmasına dair 04 fevral 2015-ci il tarixli qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun ləğv edildiyi halda göstərilən ərizə və cavabdehin birinci instansiya məhkəməsində iştirakı və ya məlumatlı olması iddia müddətinin tətbiqi məsələsinin həllində əhəmiyyət kəsb etmiş olardı.

18. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, 04 fevral 2015-ci il tarixli iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardadın uzun müddət ötəndən sonra birinci instansiya məhkəməsi tərəfindən ləğv olunması üçün əsasların olması müəyyən edilmir. Həmin qərardad Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.11-ci maddələrində göstərilən şərtlər, yəni iddia ərizəsinin qaytarılması barədə ərizə verilməsi və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi əsası ilə qəbul olunmuş, bu əsasla qəbul edilmiş qərardadın ləğv edilməsi və işin yenidən məhkəmə baxışına təyin olunması isə prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin hallarına görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qalxdıqdan sonra İddiaçı ASC ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərdi. Lakin rayon məhkəməsi işə aidiyyatı olmayan əsaslarla, Mülki Prosessual Məcəllənin bu işə aidiyyatı olmayan normalarına istinad etməklə (260.5, 259.0.6 və 259.0.7-ci mad.) iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardadı ləğv etmiş, işə tam, hərtərəfli və obyektiv baxmadan iddia müddətinin tətbiqini istisna edən vəziyyət yaratmışdır. İddiaçının nümayəndəsi də apellyasiya məhkəməsini iclasında verdiyi izahatında yenidən iddia qaldırmamasının səbəbinin də məhz iddia müddətinin ötürülməsi ilə bağlı olduğunu göstərmişdir (c.2, v.102.).

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan apellyasiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə və apellyasiya şikayətində irəli sürdüyü dəlillərə qiymət verərkən göstərilən halları diqqətdən qaçırmış, nəzərə almamışdır ki, qanunvericilikdə ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv olunmasına dair qərardaddan şikayət verilməsi nəzərdə tutulmasa da, işdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qanunun mənasına görə isə bu etirazlar əsaslıdırsa, apellyasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadın, həmçinin ərizənin baxılmamış saxlanılmasına dair qərardadın ləğvi barədə olan qərardad qanunsuzdursa, düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdirsə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz. Belə olan halda apellyasiya məhkəməsi həmin qanunsuz qərardadın hüquqi nəticələrini nəzərə almadan işə mahiyyəti üzrə baxmalı, hazırkı iş üzrə isə cavabdehin iddia müdətinin ttəbiqi barədə ərizəsi və apellyasiya şikayətinin bu barədə olan dəlillərini ümumi qaydada müzakirə etməli idi.

20. İşdən daha sonra görünür ki, iddiaçı bankın fəaliyyəti ilə bağlı DİN-də cinayət işinin istintaq olunması, həmin cinayət işinin hazırkı iş üzrə düzgün qərar qəbul olunmasına təsirin olmasını göstərərək cinayət işinin nəticəsi barədə məlumat əldə olunması barədə vəsatət vermiş, həmin vəsatət apellyasiya məhkəməsinin 07 may 2004cü il tarixli iclasın protokol qərarı ilə təmin edilmiş, DİN Nəsimi rayon Polis İdarəsinə 10 may 2024-cü il tarixli sorğu göndərilmişdir. Lakin məhkəmə həmin sorğunun cavabının işin nəticəsi üçün əhəmiyyət kəsb etməsini də diqqətdən qaçırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

25. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

26. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

27. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

28. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

29. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

34. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

39. Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ (...) 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.

40. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

41. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-29/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-31/2024 nömrəli mülki iş üzrə 4 iyun 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

44. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 12 aprel 2010-cu ildə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə öhdəliklərin icra olunmaması ilə əlaqədar İddiaçı ASC 05 noyabr 2012-ci il tarixdə Cavabdeh Nemət oğluna qarşı pul tələbinə dair iddia qaldırmış, Quba Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qərardadı ilə mülki iş icraata qəbul olunmuşdur. İddiaçının nümayəndəsi 04 fevral 2015-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək cavabdehin borcunu qaytarmaması ilə bağlı cinayət işi getdiyini, bu səbəbdən də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı tərəfin həmin ərizəsi nəzərə alınmaqla birinci instansiya məhkəməsi 04 fevral 2015-ci il tarixli qərardadı ilə Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.11-ci maddələrinə əsasən (iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə) ərizəni baxılmamış saxlamış, qərardadın surəti hər iki tərəfə poçt vasitəsilə göndərilmişdir.

45. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 27 fevral 2019-cu il tarixdə Quba Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 04 fevral 2015-ci il tarixli qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin iddia ərizəsinin baxılmamış saxlanılması barədə 04 fevral 2015-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə qərardadı ləğv edərkən Mülki Prosessual Məcəllənin 260.5, 259.0.6 və 259.0.7-ci maddələrinə istinad etmişdir.

46. Məhkəmə kollegiyası tərəfindən ********* saylı cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınıb-tanınmaması və cinayət işinin yekun nəticəsi barədə məlumatın əldə edilməsi zamanı müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 28 dekabr 2013-cü il tarixli, 1(101)- 1131/2013 nömrəli hökm çıxarılmışdır. Həmin hökmdə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh zərərçəkmiş şəxs qismində tanınması və ya onunla bağlanmış kredit müqaviləsi ilə əlaqədar araşdırılma aparıldığı müəyyən edilməmişdir.

47. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2023-cü il tarixli 4/1713 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 22 aprel 2010-cu il tarixli öhdəçilik ərizəsində “imza” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.

48. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16 fevral 2024-cü il tarixli 4/61 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 22 aprel 2010-cu il tarixli 5770/2 nömrəli kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafasındakı imza, 22 aprel 2010-cu il tarixli 15 nömrəli kassa məxaric orderinin kserosurətində “imza” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.

49. Mövcud iddia həmin müqavilə üzrə pul öhdəliklərinin cavabdeh tərəfindən icra olunmaması ilə əlaqədar qaldırılmış və yuxarıda göstərilən məbləğlərdə əsas borcun, faiz borcunun, dəbbə və cərimə borcunun ödənilməsi tələb olunmuşdur.

50. İş materiallarında birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılması müəyyən edilməmişdir.

51. Cavabdeh birinci instansiya məhkəməsinin qənaməsindən apellyasiya şikayəti vermiş, həm apellyasiya şikayətində, həm də ayrıca ərizəsində iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürüldüyünə görə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

52. Kollegiya qeyd edir ki, qanunvericilikdə ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv olunmasına dair qərardaddan şikayət verilməsi nəzərdə tutulmasa da, işdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qanunun mənasına görə isə bu etirazlar əsaslıdırsa, apellyasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadın, həmçinin ərizənin baxılmamış saxlanılmasına dair qərardadın ləğvi barədə olan qərardad qanunsuzdursa, düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdirsə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz.

53. Kollegiya hesab edir ki, həmin qərardadın hüquqi nəticələri nəzərə alınmamalı və hazırkı iş üzrə cavabdehin iddia müdətinin tətbiqi barədə ərizəsinə və apellyasiya şikayətinin bu barədə olan dəlillərinə ümumi qaydada qiymət verilməlidir.

54. Belə ki, 04 fevral 2015-ci il tarixli iddia ərizəsinin baxılmamış saxlanmasına dair qərardadın uzun müddət ötəndən sonra birinci instansiya məhkəməsi tərəfindən ləğv olunması üçün əsasların olması müəyyən edilmir. Həmin qərardad Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.11-ci maddələrində göstərilən şərtlər, yəni iddia ərizəsinin qaytarılması barədə ərizə verilməsi və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi əsası ilə qəbul olunmuş, bu əsasla qəbul edilmiş qərardadın ləğv edilməsi və işin yenidən məhkəmə baxışına təyin olunması isə prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İşin hallarına görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qalxdıqdan sonra İddiaçı ASC ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərdi. Lakin birinci instansiya məhkəməsi işə aidiyyatı olmayan əsaslarla, Mülki Prosessual Məcəllənin bu işə aidiyyatı olmayan normalarına istinad etməklə (260.5, 259.0.6 və 259.0.7-ci mad.) iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardadı ləğv etmiş, işə tam, hərtərəfli və obyektiv baxmadan iddia müddətinin tətbiqini istisna edən vəziyyət yaratmışdır. İddiaçının nümayəndəsi də apellyasiya məhkəməsinni iclasında verdiyi izahatında yenidən iddia qaldırmamasının səbəbinin də məhz iddia müddətinin ötürülməsi ilə bağlı olduğunu göstərmişdir (İİ cild, səh.102).

55. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.

56. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

57. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

58. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

59. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

60. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

61. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

62. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi 12 aprel 2010-cu ildə kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit vermişdir. Müqavilə üzrə iddia müddətinin başlanğıcı 12 aprel 2012-ci il tarixdən hesablandıqda iddia müddəti 12 aprel 2015-ci ildə bitmiş, iddiaçı 27 fevral 2019-cu il tarixdə Quba Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 04 fevral 2015-ci il tarixli qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını tələb edərkən, qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür.

63. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

64. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış halarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1190/2019 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

65. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 251 (iki yüz əlli bir) manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(027)-1190/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan, ümumilikdə 251 (iki yüz əlli bir) manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar