Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-586/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X2 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilə, İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(029)1094/2018 saylı qətnaməsindən İddiaçı1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən, məruzəçi), T.Quliyev və E.Rəhimov, 2(105)-1764/2019 saylı mülki iş) iddiaçının nümayəndəsi Adıgözəlov Rövşən Rəfail oğlunun apellyasiya şikayətinin təmin edilməsi, Qusar rayon məhkəməsinin bu iş üzrə xx xxxxxx 2018-ci il tarixli 2(029)-1094/2018 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 4500 (dörd min beş yüz) manat əsas borc, 1045 (bir min qırx beş) manat 38 (otuz səkkiz qəpik) manat mükafat, cəmi 5545 (beş min beş yüz qırx beş) manat 38 (otuz səkkiz) qəpik və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və T.Qoldman) Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı1 ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli AL-1558 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü xx xxxxxx 2016-cı il tarixə 4500 (dörd min beş yüz) manat əsas, 1045.38 (bir min qırx beş manat otuz səkkiz qəpik) manat mükafat, cəmi 5545.38 (beş min beş yüz qırx beş manat otuz səkkiz qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 ASC xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə göndərərək, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli AL1558 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2016-cı il tarixə 4500 (dörd min beş yüz) manat əsas, 1045.38 (bir min qırx beş manat otuz səkkiz qəpik) manat mükafat və həmin günə hesablanmış 4464.75 (dörd min dörd yüz altmış dörd manat yetmiş beş qəpik) manat dəbbə pulu, ümumilikdə 10010.13 (on min on manat on üç qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1558 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı1 ASC-nin mülkiyyətində olan 2010-cu il buraxılışlı, “VAZ21074” minik markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Sözügedən avtomobil lizinq şirkəti tərəfindən Cavabdeh1 təhvil verilmişdir. Cavabdehin xahişi ilə həmin avtomobili idarə etmək üçün digər bir şəxs X5 etibarnamə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə№) əsasən Cavabdeh1 illik 21 faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləği olmaqla 231.23 manat, ümumilikdə 5549.43 manat məbləğində pulu İddiaçı1 ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 5549.43 manatın 4500 manatı əsas məbləğ təşkil etmişdir. Hal-hazırda cavabdeh tərəfindən İddiaçı1 ASC-yə 4500 manat əsas, 1045.68 manat mükafat və 4464.75 manat dəbbə pulu, ümumilikdə 10010.13 manat ödənilməlidir. Sözügedən avtomobil lizinq şirkəti tərəfindən təhvil alındıqdan sonra İddiaçı1 ASC-nin hesabına heç bir pul köçürülməmişdir. İddiaçı1 ASC iş yükünün çoxluğu ilə əlaqədar pul tələbinə dair məhkəmədə iddia qaldıra bilməmişdir. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı1 ASC-nin mülkiyyətində olan “Vaz-21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2016-cı il tarixdə tam yararsız vəziyyətdə şirkətin duracağına yerləşdirilmişdir. Avtomobilin kimin tərəfindən lizinq şirkətinin duracağına gətirilməsi məlum deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 ASC Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnaməni ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Gasan Guseinov apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin vəkili X1 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi iddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ləğv edən apellyasiya instansiya məhkəməsi «Daxili Lizinq» müqaviləsinin 11.1-ci bəndinə əsasən qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riskləri lizinq alana keçməsini, lizinq obyekti olan “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin başqa şəxs və ya şəxslər tərəfindən idarə olunaraq zədələnməsinin Cavabdeh1 məsuliyyətdən azad etməməsini əsas gətirmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə razılaşmayaraq hazırki işə səlahiyyət çərçivəsində baxan apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin lizinq predmeti olan avtomobilin yararsız hala düşməsi ilə bağlı halları müxtəlif hüquqi nəticə yarada biləcək təfərrüatlarına, yəni yararsız hala düşmənin yol-nəqliyyat hadisəsi nəticəsində baş verib-verməməsini, vermişdirsə icbari sığortadan irəli gələn sığorta ödənişinin edilib-edilməməsi, lizinq ödənişlərinin hesablanması baxımından əhəmiyyət kəsb edən yararsız hala düşməsini və avtomobilin iddiaçıya verilmə tarixini aydınlaşdırılmadan sadəcə olaraq tərəflərin izahatları əsasında MPM-nin 76.1 və 81-ci maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etməsini, eləcə də avtomobilin yararsız hala salınması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilsə də, həmin halın sığorta hadisəsi olub-olmaması, olmuşdursa sığorta ödənişinin ödənilib-ödənilməməsi məsələsini aydınlaşdırmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, İddiaçı1 ASC ilə cavabdeh arasında iddiaçının mülkiyyətində olan 2010-cı il buraxılışlı, “VAZ21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobilin cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə xx xxxxxx 2014-cü il tarixli AL-1558 saylı “Daxili lizinq müqaviləsi” bağlanmış, müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh illik 21 faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləği olmaqla 231.23 manat, ümumilikdə 5549.43 manat məbləğində pulu İddiaçı1 ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, lizinq müqaviləsi üzrə cavabdehin öhdəliyinin icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş, iddiaçı bu nəticədən narazı qalaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmdakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanmaıs, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin müqavilənin 6.4.3-cü və 7.1.1-ci bəndlərinə əsasən lizinq Alan lizinq Obyektini saz və işlək vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir. İş üzrə X3 fərdi sahibkarlıq etdiyi Serviz Mərkəzi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, “VAZ 21074” minik markalı, dövlət nömrəsi 99AE359 olan avtombilə serviz mərkəzində ümumi texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobil tam yararsızdır. Göründüyü kimi lizinq obyekti yararsız vəziyyətdə lizinq verənin İddiaçı1 ASC-nin müvəqqəti saxlama dayanacağına qoyulmuş və bu məqsədlə də sonuncu cavabdehdən lizinq obyektini deyil, lizinq ödənişlərini tələb etmişdir. Lakin iddiaçı lizinq obyekti olan avtomobilin məhvi və yaxud onun zədələnməsi nəticəsində bərpasının mümkün olmayan vəziyyət düşdüyü halla bağlı xüsusi prosedur nəzərdə tutulduğunu nəzərə almamışdır. Qeyd etmək lazımdır ki. tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 11.4.1-ci bəndinə görə lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəmək. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti və lizinq alanın mülkiyyətinə keçir. Lakin iddiaçı lizinq obyekti olan avtomobilin ona təhvil verilmə tarixini təsdiq edən (təhvil aktı) sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki, bu lizinq ödənişlərinin hesablanması baxımından mühüm əhəmiyyət kəsb edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Bu baxımdan məhkəmə kollegiyası iddiaçının lizinq ödənişlərinin mübahisələndirməsini nəzərə alaraq tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü müvafiq sorğular vermiş və “AXA MBASK” 03/392 №li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə şirkətdə heç bir hadisə qeydiyyata alınmamışdır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 016-60315.1220 №li xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli avtomobilin xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddətdə yol-nəqliyyat hadisəsi törətməsi qeydə alınmamışdır. Daxili lizinq müqaviləsinin 12.1-ci bəndinə əsasən lizinq obyekti aşağıdakı risklərdən sığortalanmalıdır: itirilmə, zədələnmə (korlanma), məhv edilmə (məhv olma), talanma, oğurluq, ətraf mühitə ziyan vurma, üçüncü şəxslərə ziyan vurma Həmin Müqavilənin 12.6-cı bəndinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində ödənilən bütün ödənişləri Lizinq Verən alır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 və 217.4. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi sübutetmə yükü üzərinə düşən iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-586/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-586/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver