Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-586/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkməsinin 24 noyabr 2022-ci il tarixli, 2(060)4259/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan 3035 (üç min otuz beş) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil xx.xx.2009-cu il tarixli 7/104 saylı order əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının mənzilindən bir mərtəbə yuxarıda yerləşən 20 saylı mənzilin sahibidir. Həmin mənzildən mütəmadi olaraq iddiaçının mənzilinə su axmışdır. 12 aprel 2022-ci il tarixdə isə cavabdehin mənzilində işləyən usta su xəttini kəsdiyi üçün iddiaçının mənzilinə böyük həcmdə su axmışdır. Bunun nəticəsində iddiaçının mənzilinin dəhliz, mətbəx, hamam və iki otağının tavanı, divarları, döşəməsi, yararsız vəziyyətə düşmüşdür. Evdə elektrik naqilinin partlaması nəticəsində iddiaçının qızını cərəyan vurmuşdur. Onlarla eyni binada yaşayan digər qonşular da bu hadisələrin şahidi olmuşlar. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya məxsus mənzildə 3035 (üç min otuz beş) manat təşkil edən təmir bərpa işləri aparılması tələb olunur. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Sumqayıt Şəhər Məhkməsinin 24 noyabr 2022-ci il tarixli, 2(060)4259/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2359 manat tutularaq iddiaçı X2 verilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 50 (yüz) manatın Cavabdeh tutularaq X1 müxbir hesabına köçürülməsi Kod:210005,VÖEN:**********,Müxbirhesab:AZ41NABZ**********00000 03944), iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 1ci mikrorayon, 35/36 8/15 saylı evin, 15 saylı mənzilinə ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur, mənzilinə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, onun təmiri ilə bağlı xərclər cavabdehə aid edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1097, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddəsinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh oğlu qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkməsinin 24 noyabr 2022-ci il tarixli, 2(060)4259/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə razı deyil. Mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmirtikinti işlərinin dəyəri çox müəyyən olunmuşdur. Hazırda mənzilə dəyən zərər şişirdilmiş şəkildədir. 1959-cu il tarixdə tikilmiş binadır, qonşu olaraq bilirir ki, həmin mənzildə son 10 ildir ki, təmir getməyib. Əvvəlki illəri də qonşuların dediyinə görə ev təmir olunmayıb. Təkrar ekspertiza təyin olunarsa, ekspertiza obyektiv keçirilərsə dəymiş zərər 1000 manata qədər ola bilər. Hal-hazırda maddi durumu aşağıdır, belə ki, aldığı maaş 275 manat təşkil edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, ekspert rəyi ilə razı deyil. Ziyanın məbləği şişirdilib. Son 10 ildə həmin mənzildə təmir işləri aparılmayıb. Mətbəxdən su axıdılmaqla iddiaçının evinin bütün otaqlarına su gedə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkməsinin 24 noyabr 2022-ci il tarixli, 2(060)4259/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. . Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 10 ildə demək olar hər ay mənzilə su axıb. cavabdehin qapısını dəfələrlə döysə də cavabdeh qapını açmayıb. Su axıdılması nəticəsində evdə əşyalar da korlanıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkməsinin 24 noyabr 2022-ci il tarixli, 2(060)4259/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Sumqayıt Şəhər Məhkməsinin 24 noyabr 2022-ci il tarixli, 2(060)4259/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 7/104 №-li orderdən görünür ki, ünvan 2 ünvanında yerləşən 46,74 kv.m ümumi sahəsi olan 3 otaqlı 15 saylı mənzil İddiaçı verilmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin 512 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən 20 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, 10/4454 №-li ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 15 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2359 manat müəyyən olunmuşdur. İddiaçı ekspert rəyində müəyyən olunmuş məbləğlə razıdır. Cavabdeh iddia tələbini qəbul etmir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 1ci mikrorayon, 35/36 8/15 saylı evin, 15 saylı mənzilinə ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur, mənzilinə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, onun təmiri ilə bağlı xərclər cavabdehə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarıdnan müəyyən edilir ki, cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə su axıdılmış, iddiaçıya məxsus mənzilinin dəhliz, mətbəx, hamam və iki otağının tavanı divarları, döşəməsi, yararsız vəziyyətə düşmüşdür. Birinci instansiya məhkəməsi su axıdılması nəticəsində iddiaçıya məxsus mənzilə dəymiş zərərin müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, 10/4454 №-li ekspert rəyinə əsasən iddiaçıya məxsus məzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2359 manat müəyyən olunmuşdur. Gründüyü kimi, iddiaçının mənzilində cavabdehin mənzilindən su axması nəticəsində ziyan dəyməsi və təmir bərpa işlərinin dəyəri ekspert rəyi ilə 2359 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsni əsaslı sayır. iddia tələbini əsaslı hesab edir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsasını sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin ekspert rəyi ilə razı olmaması əsası ilə təkrar ekspertizanın keçirilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkməsinin 24 noyabr 2022-ci il tarixli, 2(060)4259/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkməsinin 24 noyabr 2022-ci il tarixli, 2(060)4259/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-586/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-586/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver