Məhkəmə qərarları › İş №2(105)-587/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-587/2023

03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-587/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili X6 Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Məmmədov Səməd Xəlil oğlu bildirmişdir ki, o, Yaşma bağları ərazisində torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. Paşanı çoxdan tanıyır. Paşa özünə məxsus torpaq sahəsini satmaq üçün ona yaxınlaşmışdır və həmin ərəfədə Qamiddin də torpaq sahəsi almaq istəmişdir. Tərəflər torpağın 10.000 dollara satılması barədə razılaşmışlar. Nəticədə Qamiddin torpağı almaq üçün ona 10.000 dollar pul vermişdir. Bildirir ki, həmin puldan 2.000 manatını o, digər maklerlə birlikdə götürmüşdür. Qalan pulu Paşaya, sonuncu isə torpağa aid sənədləri ona vermişdir. Daha sonra Qamiddin həmin torpaq sahəsini özəlləşdirmək istəyəndə aydın olmuşdur ki, torpaq başqa şəxsin adınadır. Qeyd edir ki, bu məsələ təxminən 3-4 il bundan qabaq baş vermişdir, ilini tam dəqiq xatırlamır.

2. Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 nömrəli qətnaməsi ilə iddiaçı Məmmədov Səməd Xəlil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2013/2021 nömrəli qətnaməsi ilə iddiaçı Məmmədov Səməd Xəlil oğlunun apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2343/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6266/2021 nömrəli qərarı ilə iddiaçı Məmmədov Səməd Xəlil oğlunun kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2013/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini və həmçinin tərəfindən ödənilmiş dövlət rüsumunun da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini və həmçinin tərəfindən ödənilmiş dövlət rüsumunun da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən xx.xx.2014-cü il tarixdə Yaşma bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr ölçüdə olmaqla, 41 və 42 saylı bağ torpaq sahələrini etibarnamə ilə almışdır. Həmin bağ torpaq sahələri üçün o, cavabdehlərə Məmmədov Səməd Xəlil oğlunun iştirakı və vasitəçiliyi ilə ümumilikdə 10.000 manat məbləğində pul ödəmişdir. Həmin bağ torpaq sahələrini o, özünün və X1 adına almışdır və cavabdehlər etibarnaməni onun və X1 adına vermişdirlər. O, həmin bağ torpaq sahələrini alarkən həmin bağ torpaq sahələri 1,5 metr hündürlüyündə mişar daşından hörülmüş hasarın içində olmuşdur. 2018-ci ilin oktyabr ayında həmin bağ torpaq sahələrini özəlləşdirrnək üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin bağ torpaq sahələri tamamilə başqa şəxslərin adına özəlləşdirilmişdir. Bundan sonra o, Məmmədov Səməd Xəlil oğlunun iştirakı ilə cavabdehlərlə əlaqə saxlayıb bu barədə onlara məlumat vermis, ona bildirmişdir ki, ya məsələni həll edin, ya da onun ödədiyi ümumilikdə 10.000 manat məbləğində pulunu qaytarsınlar. Lakin bu günə kimi heç bir nəticə olmamışdır. Cavabdehlər onu aldadıb pulunu mənimsəmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlərdən müştərək qaydada 10.000 manat məbləğində pul tutulub ona verilməlidir. Bildirir ki, o, həmin torpaq sahələrini Məmmədov Səməd Xəlil oğlunun iştirakı və vasitəçiliyi ilə aldığından o, cavabdehlərə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini rədd etmiş və belə nəticəyə gəlmişdir ki, Məmmədov Səməd Xəlil oğlunun subyektiv hüququ yoxdur. Həmin vaxt Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazında qeyd etmişdir ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı onunla 5.800 manatla razılığa gəlmişdirlər və ondan 5800 manat almışdır. Cavabdeh1 iddia tələbini qismən etiraf etmişdir. Bildirir ki, onun cavabdehlərə 10.000 manat məbləğində pul verdiyini Səməd Məmmədov da təsdiq edir və onun məhkəmədə iştirakını təmin edəcəkdir.

8. Cavabdehlərin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur.

9. Yazılı etirazda qeyd olunur ki, iddiaçını ümumiyyətlə tanımırlar, onunla heç bir işləri olmamışdır. Bağ sahələrinə dair bildirirlər ki, onlar 1998 və 2000-ci illərdə Yaşma adlanan ərazidə hərəsi 600 kv.metr torpaq sahəsinin sahibi olmuşlar. 2014-cü ildə torpaqlarını satmaq istəmişlər və makler Səməd Məmmədov və Zöhrab adlı maklerlərlə görüşüb həmin bağ sahələrini 5800 manata satmağa razılığa gəlib, bağ sahələrinin özəlləşdirilməsi və o, öz adına həmin torpaqları sənədləşdirilməsi üçün üzünü görmədikləri X4 və arvadı X2 adına etibarnamə vermişlər. İddiaçının hazırkı tələblə bağlı heç bir hüququ yaranmamış, onlara qarşı bu iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2343/2021 nömrəli qətnaməsi ilə Məmmədov Səməd Xəlil oğlunun pul tələbi barədə iddiası rədd edilmişdir. Hazırki iddia tələbi ilə bağlı Cavabdeh2 ilə həqiqətən də Yaşma bağları ərazisində hərəsinin 600 kv. metr bağ sahələrinin sahibi olmuş və 2014-cü ildə bağ sahələrini satmaq istəmişlər. Bağ sahəsini satmaq üçün maklerlər X7 və Zöhrab adlı bir şəxslə görüşüb bağ sahələrini 5800 manata satmağa razılığa gəlmişlər. Məmmədov Səməd Xəlil oğlu bağ sahələrini onun tanışları, hazırda iddiaçı olan X4 və onun arvadının adına alacağını demiş, o, da Cavabdeh2 ilə onların adına etibarnamə vermişlər. X4 və onun arvadını onlar görməmlər. onlar torpaq sahələrinə qanuni əsaslarla sahib olmuş və X4 və onun arvadı X1 adına etibarnamə verdikdə X7 onlara torpaq sahələrinə görə cəmi 5.800 manat pul vermişdir. Sonradan torpaq sahələri ilə bağlı nə baş verdiyindən onlarda məlumat olmamışdır. 2021-ci ildək torpaqlarla bağlı onlara qarşı heç bir iddia tələbi olmamışdır. İddiaçının da hazırda onlara qarşı pul tələbi irəli sürmək hüquq yoxdur.

10. Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia qismən təmin edilib, Cavabdeh1 İddiaçı xeyrinə 5.800 (beş min səkkiz yüz) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsinin tutulması, İddiaçı 21 (iyirmi bir) manat rüsumun kəsirinin məbləğinin alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə torpaq sahəsinin alqı-satqısı ilə bağlı 2014-cü ildə razılaşsa da, 2018-ci ilin sonlarında həmin torpaq sahəsinin başqa şəxsin adına olduğunu öyrənmişdir. Bundan sonra torpaq sahəsinin alqı-satqısında vasitəçi kimi iştirak edən şəxs - S.Məmmədov tərəfindən ilk dəfə 2019-cu ilin iyun ayında hazırki cavabdehlərə qarşı pulun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra 2021-ci ilin fevral ayında yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, onun həmin iddia ərizəsini qaldırmağa subyektiv hüququ olmadığından S.Məmmədovun iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə xx.xx.2021-ci ildə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, hazırki iddia tələbi üzrə üzrə iddia müddəti ötürülməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 373, 377.1, 377.2, 377.3, 375.2, 386.1, 439.4, 1091, 1092-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 82.4, 88, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

13. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayətinin dəlili iddia ərizəsinə etiraz ilə anoloji məzmun daşıyır.

a)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçını tanımamışdır. Səməd və Zöhrab adlı maklerləri tanımış, torpağın sənədlərini də onlara vermişdir. Onlar torpağın sənədlərini bir il özlərində saxladıqdan sonra, 2014-cü ildə müştəri tapıldığını və torpağın satılması üçün 10.000 dollar məbləğində razılığa gəlindiyini bildirmişlər. Maklerlər onu bağı alan adamla görüşdürməmişlər. Vasitəçilər həmin torpaq sahəsi ilə bağlı cəmi 5800 manat məbləğində pul ödəmişlər. Daha sonra həmin torpaq sahəsi saxta yollarla başqa adamların adına sənədləşmişdir. Hesab edir ki, o bu iş üzrə cavabdehlik daşımamalıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

17. Məhkəmənin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmənin gəldiyi nəticəyə görə tərəflər arasında öhdəliyin yaranmasına dair hər hər hansı əqd olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Məhkəmə iddiaçı tərəfindən verilən pulu əsassız varlanma kimi qiymətləndirmişdir. Belə olan halda iki illik kəsici müddəti ötürdüyünə görə iddiaçının cavabdehə qarşı iddia verməyə subyektiv hüququ yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını və iddianın tamamilə rədd olunmasını xahiş edir.

18. Məhkəmənin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin statusu ilə bağlı RX-nə sorğu verilmiş və sorğuya verilən cavabdan məlum olmuşdur ki, torpaq sahəsinə dair başqa şəxsin adına çıxarış var, çıxarışlar da bağçılıq kitabçaları əsasında verilmişdir. Səməd daha daha öncə cavabdehə qarşı iddia qaldırmış, lakin iddiası təmin olunmamışdır. Bunun səbəbi isə pulun Qamiddinə aid olması olmuşdur. Əlavə olaraq bildirir ki, X3 iddiaçının həyat yoladışıd. Bu səbəbdən pulun hamısı iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

21. Mülki Prosessual Məcəllə 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 nömrəli qətnaməsinin iddiamın təmin olunmuş hissəsində mübahiələndirərək, qətnamənin həmin hissədə ləğv olunmasını xahiş etmişdir.

23. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, tələb iddiaçının torpaq alqı-satqısı ilə bağlı cavabdeh tərəfə vermiş olduğu pulun qaytarılması barədədir.

26. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

27. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

28. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

30. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

31. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Yaşma Bağları ərazisində yerləşən “Polimer” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş hər biri 600 kv.metr olan torpaq sahəsini makler kimi fəaliyyət göstərən Səməd Məmmədovun vasitəçiliyi ilə 10.000 manat məbləğində ödəməklə almaq barədə razılığa gəlmiş və həmin pulu öz növbəsində vasitəçi Səməd Məmmədova ödəmişdir. Səməd Məmmədov da həmin pulu vasitəçilərin pulunu çıxmaq şərtilə Cavabdeh1 vermişdir.

32. Cavabdeh1 iddia tələbinə etiraz edərək iddiaçını tanımadığını, 5800 manat pulun vasitəçi Səməd Məmmədov tərəfindən ona ödənildiyini bildirmişdir.

33. Cavabdeh apellyasiya şikayətinin dəlillərində də iddiaçı tərəfindən ona pul verilmədiyini bildirməklə, həmin pulun yenə də vasitəçi Səməd Məmmədov tərəfindən verildiyini bildirmiş və ona qarşı yalnız Səməd Məmmədovun iddia qaldıra biləcəyini, iddiaçının da öz növbəsində ona qarşı deyil Səməd Məmmədova qarşı iddia qaldırılmalı olduğunu qeyd etmişdir.

34. Kollegiya apellyasiya şikayətini bu dlilləri ilə razılaşmır və bildirir ki, cavabdehin birinci instansiya məhkəməsində vermiş olduğu izahatı ilə apellyasiya şikayətinin dəlilləri tam uzlaşmasa da, əslində biri-birini təkzib də etmir. Belə ki, cavabdeh gah iddiaçını tanımadığını, gah mübahisəli torpaq sahəsi ilə bağlı 5800 manatın ona çatdığını bildirir, gah da müddətin keçməsi ilə bağlı iddianın rədd olunmasını xahiş edir.

35. Kollegiya cavabdehin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, sonuncunun izahatı özü-özlüyündə ziddiyyətli olmaqla yanaşı, həm də iddia tələbini təkzib etmir.

36. Bundan əlavə iş materiallarından məlum olur ki, Məmmədov Səməd Xəlil oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni əsaslarla məhkəməyə müraciət etmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(060)-2343/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sözügedən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2013/2021 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

37. Əlavə olaraq kollegiya prosessual qənaət prinsipi baxımından bildirir ki, iddiaçı hazırki cavabdehə qarşı iddia verməkdə subyektiv hüququn daşıyıcısıdır. Belə ki, cavabdeh heç də torpağın ona aid olmadığını bildirmir, əksinə mübahisəli torpaq sahəsinin satılması ilə bağlı sənədləri özü vasitəçi Səməd Məmmədova verildiyini, müştərinin (alıcının) də məhz sonuncu vasitsilə tapıldığını, pulun da maklerlərin pulu çıxıldıqdan sonra məhz S.Məmmədov tərəfindən ona verildiyini etiraf ermişdir. Beləliklə göründüyü kimi mübahisə predmeti olan torpağın pulu son olaraq Cavabdeh1 çatmışdır.

38. İş materiallarının təhlili nəticəsində həm də təsdiq olunur ki, iddiaçı tərəf vermiş olduğu həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər etmiş, hətta bu barədə Səməd Məmmədovun iddiası ilə məhkəməyə də müraciət olunmuşdur.

39. Sübutları araşdırmaq və təhlil etmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında razılaşdırılmış şifahi razılaşmanın yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.

40. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

42. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından cavabdehin apellyasiya şikayətində qeyd etmiş olduğu həmin dəlillər onun yazılı etirafı kimi qiymətləndirilməlidir.

43. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

44. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(060)-4847/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar