Məhkəmə qərarları › İş №2(105)-589/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-589/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-589/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, iddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, X8, X11 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanılmış 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh2 və Cavabdeh3 «xxxx» İKB ASC-nin (“xxxx” ASC) xeyrinə 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12.464,66 (on iki min dörd yüz altmış dörd dollar altmış altı sent) ABŞ dolları əsas borc, 8321,97 (səkkiz min üç yüz iyirmi bir dollar doxsan yeddi sent) ABŞ dolları faiz borcu və 200 (iki yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.04.2018ci il tarixdən 27.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 21.372,43 (iyirmi bir min üç yüz yetmiş iki dollar qırx üç sent) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, Tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinin açıq hərracdan satılması, borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına «xxxx» İKB ASC-yə (“xxxx“ASC) ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilin ilkin satış qiymətinin 49000 (qırx doqquz min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, X12, X15 və Cavabdeh4 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 405(dörd yüz beş) manat, iddiaçı «xxxx» İKB ASC-dən (“xxxx” ASC) 45 (qırx beş) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir (hakim günel Tanrıverdiyeva). Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, faiz borcunun silinməklə əsas borcun ödəilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “xxxx” İKB ASC-nin xeyrinə 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.04.2018-ci il tarixdən 27.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23133.37 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, X9, X7, Cavabdeh4 Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, X9, X7, Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; "xxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 aprel 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” İKB ASC ilə onun arasında bağlanmış 14 ərel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bankın Sumqayıt filialından illik 22 faizlə 36 ay müddətinə 25.500 (iyirmi beş min beş yüz) ABŞ dolları məbləğində istehlak krediti götürmüş, borcun təminatı olaraq dayısı oğlu X13 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 saylı mənzil eyni tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, Şahin Rəfıyev həmçinin yenə eyni tarixli zaminlik müqaviləsi bağlamışdır. 14 aprel 2015-ci il tarixli müqavilə onunla iddiaçı bank arasında 6.03.2013-cü il tarixli müqavilənin davamıdır. Belə ki, həmin vaxt iddiaçı bankın Sumqayıt filialından illik 22 faizlə 36 ay müddətinə 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində istehlak krediti götürmüş, həmin müqavilə üzrə öhdəliklərini vaxtlıvaxtında icra etmişdir. Birinci kredit müqaviləsini imzalayarkən ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 0.78 manat təşkil etmişdir. Ancaq 21 fevral 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə Azərbaycan manatı 33%-dən çox devalvasiyaya məruz qalmış, manat ABŞ dollarına nisbətdə ucuzlaşaraq məzənnə 1 dollar 1,05 qəpik məbləğində müəyyən edilmişdir. Kəskin devalvasiya nəticədində ödənişlərdə yubanmalar yaranmış, bank köhnə müqavilə üzrə qalıq borcunun silinməsi məqsədilə yeni müqavilə imzalamağı təklif etmişdir. Çarəsiz qalaraq 14 aprel 2015-ci ildə sözügedən müqaviləni imzalamış, ona guya 25.500 ABŞ dolları məbləğində yeni istehlak krediti verildiyi göstərilsə də, əslində yeni müqavilə üzrə götürdüyü kredit məbləğinin əhəmiyyətli hissəsi 2013-cü il müqaviləsi üzrə borcların ödənməsinə sərf edilmiş, həmin müqavilə üzrə ona yalnız 2.000 ABŞ dollarından bir qədər çox pul verilmişdir. Mülki mübahisə üzrə 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir və həmin rəylər üzrə onun bank qarşısında borcunun məbləğinə dair fərqli məbləğlər göstərilmişdir. Həmin rəylər arasıdna ziddiyyət vardır. 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə borcunun ümumi məbləği qeyri-müəyyən olaraq qalmışdır. Eyni zamanda mübahisələndirilən qətnamədə ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiyməti 49.000 (qırx doqquz min) manat müəyyən edilmişdir. Bu məbləğ “xxxx” MMC-nin 01/092 saylı 11 aprel 2019-cu il tarixli məktubuna əsasən hesablanmışdır. Halbuki, sözügedən MMC-nin həmin məktubunda da ipoteka ilə yüklü edilmiş mənzilin 10.04.2019-cu il tarixədək olan bazar dəyəri müəyyən edilir. Nəticədə həmin qiymətləndirmədən sonrakı 2 ilə yaxın müddətdə əmlak bazarında baş verən qiymət dəyişiklikləri və buna müvafiq olaraq mənzilin bazar qiymətində yaranan fərqlər nəzərə alınmamışdır. Mənzilin hazırki dəyərinin müəyyənləşdirilməsi məqsədilə yeni qiymətləndirmə aparılmalıdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, faiz borcunun silinməklə əsas borcun ödəilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh2 izahatıdna apelyasiya şikayətini müdafiə etdiyini, şikayətə uyğun uzahat verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, faiz borcunun silinməklə əsas borcun ödəilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, 2015-ci il 14 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 “xxxx” İKB ASC-nin “Sumqayıt” filialından illik 22%-lə 36 ay müddətinə 25500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili 2015-ci il 14 aprel tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh3 ilə 2015-ci il 14 aprel tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 14 aprel tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il noyabrın 27-dək Cavabdeh2 2015-ci il 14 aprel tarixli kredit müqaviləsi üzrə banka 12464.66 əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22747.57 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1 və 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 27 noyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən X16 oğlunun 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.04.2018ci il tarixdən 27.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23133.37 ABŞ dolları borcu vardır. 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)- 43/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh3, X8, X11 və Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində və izahatında birinci instansiya məhkəməsinin qətnaməsini qismən, faiz borcunun silinməklə əsas borcun ödəilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissələrdə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilin ilkin satış qiymətinin 49000 (qırx doqquz min) manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri 40000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı bankdan illik 22% olmaqla 36 ay müddətinə 25500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kreditor qarşısında borclu Cavabdeh2 14 aprel 2015-ci il tarixli 4- M-2-0-168-15 nömrəli istehlak krediti müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan «xxxx» İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 06.08.2013-cü il tarixli 4-M-2-0-754-13 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə əlavə edilmiş 14 aprel 2015-ci il tarixli, 1 saylı əlavədən görünür ki, tərəflər arasında bağlanmış 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına 216 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 29.07.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* saylı 15.04.2015-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 tam mülkiyyətində olan ünvan 1 «xxxx» İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş 04.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.04.2018-ci il tarixdən 27.11.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23133.37 ABŞ dolları məbləğində borcu vardır. 14.04.2015-ci il tarixli, 2***-*******41 nömrəli kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 25 500 ABŞ dolları məbləğində pulu «xxxx» İKB ASC-dən qəbul etmişdir. İşdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/092 nömrəli 11 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin 10.04.2019-cu il tarixə olan bazar dəyəri 49 000 (qırx doqquz min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22.11.2019-cu il tarixli 16113 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh2 14.04.2018-ci il tarixinə (sual üzrə tarixə) «xxxx» İKB ASC-yə olan borcu 21 254,16 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 12.906,76 ABŞ dolları, faiz borcu üzrə isə 8.347,40 ABŞ dolları. Qeyd olunmuşdur ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh2 tərəfindən 14.04.2018-ci il tarixdən 400 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 14.04.2018-ci il tarixə göstərildiyindən 400 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17.03.2020-ci il tarixli 3614 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 14.04.2018-ci il tarixinə (sual üzrə tarixə) «xxxx» İKB ASC-yə olan borcu 19589,51 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 13464,66 ABŞ dolları, faiz borcu üzrə isə 6124,85 ABŞ dolları. Qeyd olunmuşdur ki, hazırki ekpertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh2 tərəfindən 14.04.2018-ci il tarixdən 400 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 14.04.2018-ci il tarixə göstərilsiyindən 400 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20.07.2020-ci il tarixli 9/2467 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və 14 aprel 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh2 14.04.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) «xxxx» İKB ASC-yə olan borcu 21.186,63 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 12864,66 ABŞ dolları, faiz borcu üzrə isə 8321,97 ABŞ dolları. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 14 aprel 2015-ci il tarixli 4- M-2-0-168-15 saylı kredit müqaviləsi Cavabdeh2 tərəfindən 19.04.2018-ci il tarixdən 04.06.2018-ci il tarixədək 400 ABŞ dolları məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 400 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 20.786,63 ABŞ dolları (21.186,63-400) məbləğində borcu qalacaqdır. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və qanunvericilik normalarına istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəməyə daxil olmuş 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə cavabdeh X4 25.06.2019cu il tarixinə əsas məbləğ üzrə 2000 manat, faiz borcu üzrə 297.49 manat, cərimə borcu üzrə 670 manat borcu vardır. Qeyd edilən maliyyə arayışına əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi mübahisələndirilən hissədə, faiz borcu üzrə 613,82 manat, cərimə üzrə 200 manat pulun cavabdehlər X3 və X10 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 297,49 manat, cərimə borcuna görə 67 manat pul tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək əsas borca görə faiz pulunun tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh Cavabdeh2 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh2 risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda bankdan verilmiş kreditə görə faizin hesablanması tərəflər arasında bağlanmış müqavilə ilə də təsdiq edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 8321,97 (səkkiz min üç yüz iyirmi bir dollar doxsan yeddi sent) ABŞ dolları faiz borcu olması birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın rəyi ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, faiz borcunun silinməsinə dair cavabdehin dəlillərini qəbul etmir. Belə ki, cavabdeh əsas borca olan faizlərin silinməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin xahişinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kreditə illik 22 faiz məbləğində pul hesablanmalıdır. Göründüyü kimi, götürülmüş kreditə görə faiz ödənilməli olması müqavilə ilə şərtləşdirilib. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətcilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Buna görə də kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsini qətnaməsi borc məbləğinə dair hissədə əsaslı və qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsəndə dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri də müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 49000 manat müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(105)589/2021 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş Audit” Konsaltinq MMC-nin 15.05.2021-ci il tarixli, M 27/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin vəziyyətdə likvid dəyəri 40000 manat təşkil edir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 49000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın likvid dəyəri ekspert rəyinə uyğun 40000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilin ilkin satış qiymətinin 49000 (qırx doqquz min) manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri 40000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(060)-43/2020 saylı qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilin ilkin satış qiymətinin 49000 (qırx doqquz min) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin likvid dəyəri 40000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar