Məhkəmə qərarları › İş №2(105)-589/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-589/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-589/2024 02.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-5007/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2022-ci il, 16 avqust 2022-ci il və 28 noyabr 2022-ci il tarixli şifahi borc müqavilələri ilə müəyyən edilmiş 3000 (üç min) manat borc məbləğinin və 50 (əlli) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3050 (üç min əlli) manat pul məbləğinin cavabdeh X2 tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 07 iyul 2022-ci il tarixində 500 (beş yüz) manat, 16 avqust 2022-ci il tarixində 1200 (bir min iki yüz) manat və 28 noyabr 2022-ci il tarixində 1300 (bir min üç yüz) manat, ümumilikdə 3000 (üç min) manat dəyərində şifahi borc müqaviləsi bağlanmışdır. O cümlədən, Cavabdeh xx.xx.2022ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli yazılı ərizələri ilə İddiaçı sözügedən məbləğdə borc aldığını etiraf etmiş, bu halı öz imzası ilə təsdiq etmişdir. Cavabdehə yaranmış borcu ödəməli olduğu şifahi qaydada dəfələrlə bildirilməsinə baxmayaraq, heç bir müsbət nəticəsi olmamış, Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməli olduğu halda icra etməmişdir. Beləlliklə, İddiaçı borc tələbinin pozulması və pozuntuların aradan qaldırılmaması səbəbilə müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-5007/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2100 (iki min yüz) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-5007/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb edilən pullar faiz borclarıdır. Onun tərəfindən borc məbləği tam ödənilmişdir. Onun iddiaçıya borcu yoxdur. Məhkəmə bildirişlərindən məlumatsız olmuş, məhkəmə iclaslarında iştirak edə bilməməyinə səbəb qeydiyyatda olduğu ünvanda yaşamamağı olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı ayın sonuna kimi 500 manat pulu qaytarmağı öhdəsinə götürmüşdür. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 1200 manat borc pul götürdüyünü bildirmişdir. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 1300 manat borc pul götürdüyünü və sabah axşama kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bu iltizam Cavabdeh imzası ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqavilələri imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.Buna görə Cavabdeh borc müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı məhkəməyə verdiyi izahatında cavabdehin ona olan borcundan 900 manat qaytardığını etiraf etmişdir. Buna görə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2100 (3000-900) manat məbləğində borc tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki,ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Cavabdeh tərəfindən imzası ilə təsdiq edilmiş əlyazmalardan görünür ki, cavabdeh ayrı-ayrılıqda cəmi 3000 manat borcu iddiaçıdan almışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində borc məbləğini tamamilə ödədiyini bildirsə də, borc öhdəliyini icra etməsini təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən 900 manatın qaytarılması barədə hər hansı sənəd və ya borc sənədi üzərində hər hansı qeyd olmasa da, İddiaçı birinci instansiya məhkəməsində borc məbləğindən 900 manatın Cavabdeh tərəfindən qaytarıldığını etiraf etmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-5007/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar