Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-590/2022 21.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakla bağlı maneələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(029)-1022/2021 saylı qətnaməsindən cavabdehin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonunun Kuzunqışlaq kəndində mərhum atası X1 məxsus fərdi yaşayış evi və torpaq sahəsində müayinə və ölçü işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarına maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(029)-1022/2021 saylı qətnaməsilə (sədrlik edən A.Vəliyev) iddia təmin edilmişdir. Qətnamədən cavabdehin vəkili Vəkil apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, həmçinin mübahisələndirilən məhkəmə qətnaməsinin tarixi düz yazılmadığından məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini yazılı icraat qaydasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. İş materiallarından görünür ki, cavabdehin adından apellyasiya şikayətini onun vəkili Vəkil imzalamışdır. Lakin məhkəmə aktlarından şikayət vermək və ya onun adından hər hansı sənədi imza etmək səlahiyyətinin verilməsi barədə iddiaçı tərəfindən Vəkil hər hansı etibarnamə iş materiallarında mövcud deyildir. Beləliklə də, iş materiallarından şikayəti imzalamış Vəkil qətnamədən apellyasiya şikayəti vermək səlahiyyəti verilməsi görünmür, yəni şikayət buna səlahiyyəti olmayan şəxs vasitəsilə verilmişdir. Halbuki, AR MPM-nin 74-cü maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, səlahiyyətsiz şəxs tərəfindən imzalanmış apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, birinci instansiya məhkəməsi onu baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmiş və yuxarıda qeyd olunan prosessual normanın tələbi pozulmuşdur. Hazırkı halda isə bu apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün deyildir. Digər tərəfdən qeyd edildiyi kimi Qusar Rayon Məhkəməsinin mübahisələndirilən 2(029)-1022/2021 saylı qətnaməsi 12 noyabr 2021-ci il tarixində qəbul edilmişdir. Lakin apellyasiya şikayətindən göründüyü kimi cavabdehin vəkili Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(029)-1022/2021 saylı qətnaməsindən şikayət vermişdir. AR MPM-in 366.1-366.4-cü maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 372,7, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakla bağlı maneələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(029)-1022/2021 saylı qətnaməsindən cavabdehin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-590/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-590/2022
21.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver