Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-593/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə ödənilmiş pul vəsaitinin qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-802/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqı-satqısı müqaviləsinə xitam verilmiş, həmin müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən 11653,31 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli MXK-593 saylı məktuba əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən, mənzilin alınması üçün 180 ay müddətinə, 26670 manat kredit rəsmiləşdirilmişdir. Müvafiq kredit müqaviləsi üzrə (sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 150 manat olmaqla) hazırkı dövrədək cəmi 11653,31 manat, bundan 2342,77 manat əsas borc, 9310,54 manat isə faiz borcu ödənilmişdir. xx.xx.2020-ci il tarixə İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında 24327,23 manat əsas, 4492,47 manat faiz borcu, ümumilikdə isə 28819,70 manat icra edilməmiş borc öhdəliyi mövcuddur.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3907/2021 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və "xxxx" MMCdən müştərək qaydada 24327,23 manat əsas borc (əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla) və 6945,35 manat faiz borcu olmaqla, cəmi 31272,58 manat borcun və 30,40 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-623/2022 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 3907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)3879/2022 saylı qərarına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-623/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin azaldılmasına dair ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən (bundan sonra “cavabdeh” və ya “MMC”) iddiaçının xeyrinə 26670 manat, habelə illik 5 faiz olaraq 10374 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsindəki bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kvadrat metr olan 1 otaqlı, 87 saylı, təmirli və mebel ilə təchiz olunmuş mənzili iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 6-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçıya bank tərəfindən 87 saylı mənzilin alınması üçün 180 ay müddətinə, illik 10 faiz dərəcəsi hesablanmaqla 26670 manat kredit verilmişdir. Bu fakt Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 623/2022 saylı qətnaməsinə ilə də təsdiq edilir. Qeyd edilən qətnamədən kassasiya şikayəti verilmiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3879/2022 saylı qərarı ilə təmin edilməmişdir. Ali Məhkəmənin sözügedən qərarının 23-25-ci bəndində qeyd edilmişdir: “tərəflər arasında kredit müqaviləsinin bağlanması, kassatorun həmin müqavilə üzrə öhdəliklərinin yaranması və onun həmin öhdəlikləri tam yerinə yetirməməsi işin müəyyən olunmuş hallarıdır. Həmçinin İddiaçı ilə "xxxx" MMC arasında mövcud olmuş müqavilə üzrə sonuncunun öhdəliklərini yerinə yetirməməsi kassatorun hazırkı iş üzrə iddiaçıya qarşı öhdəliklərini yerinə yetirməsindən azad etmir. Eyni zamanda, icra olunmamış öhdəliyin yalnız zaminə aid olunması tələbinin hüquqi əsası yoxdur. Digər tərəfdən Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamələri ilə iddiaçı tərəfindən verilmiş və mənzilə görə ödənilmiş vəsaitin bir hissəsi "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mənzilin alğı-satqı müqaviləsinə xitam verilmiş, müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin 4-cü səhifəsində qeyd edilmişdir: “tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında mənzilin dəyəri olan 29640 manatı cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən məbləğin 2970 manat hissəsini ilkin ödəniş kimi özü ödəmiş, 26670 manatını isə "xxxx" ASC-dən kredit götürərək ödəmişdir. İddiaçı tərəfindən banka xx.xx.2020-ci il tarixədək 11653.31 manat ödəniş edilsə də, "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı sözügedən mənzilə marağının itdiyini və ödəmiş olduğu pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb edir.”
9. Daha sonra, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə MMC-dən 11653,31 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamənin 5-ci səhifəsində qeyd edilmişdir: “ "xxxx" MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almasına, həmçinin, həmin puldan tam şəkildə yararlanmasına baxmayaraq, sonuncu, tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə, iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuşdur. Halbuki, hər bir tərəf vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli idi. Belə olan təqdirdə, baxmayaraq ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış təminatlı kredit müqaviləsi tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı sonda iddiaçının mənzil əldə etməsi olmuş, lakin faktiki hallardan göründüyü kimi, cavabdehin təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heç nə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda, iddiaçının banka ödədiyi 11653,31 manat pulun cavabdeh "xxxx" MMC-dən tələb etməsi tam qanuni və əsaslıdır.” Yəni, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən təminatlı kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə onun tərəfindən ödənilmiş 11653,31 manatın ona ödənilməsini, mənzilin alğı-satqı müqaviləsinə xitam verilməsini, həmin müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin alınaraq ona ödənilməsini, Abşeron Rayon Məhkəməsindən isə tərəfindən ödənilmiş 11653,31 manat pul vəsaitinin, dəymiş maddi zərərlə bağlı 12600 manat pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsini və təminatlı kredit müqaviləsi üzrə hal-hazırda onun üzərinə qoyulmuş öhdəliklərin MMC-yə ötürülməsini xahiş etmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ödənilməli olan pul vəsaitinə görə 26670 manat və dövlət rüsumuna görə 184 manat olmaqla, ümumilikdə 26854 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). 11.Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mənzilin alğı-satqısı müqaviləsi olmuş və cavabdeh MMC müqavilə ilə iddiaçıya satılmış mənzili ağlabatan müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsini xatırlatmaqla cavabdehin iddiaçı qarşısında müqaviləni icra etmək öhdəliyini yaratmışdır. xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklər 5 ildən artıq müddət ərzində icra edilmədiyindən və bu hal iddiaçının mənzillə təmin olunmaq hüququnu pozduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və ilkin ödənişin, yəni, 2970 manat pul vəsaitinin MMC-dən tutulması öz təsdiqini tapmışdır. Bununla da ilkin ödənişin ödənilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarıldığından, iddiaçının mənzilin dəyəri olaraq qalıq qalmış 26670 manat pul vəsaitinin məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır.
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin müqavilə öhdəliklərini icra etməməsi iddiaçını müqavilə üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən iddia tələbləri 26670 manat pul vəsaitinin qaytarılması hissəsində əsaslıdır.
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarını rəhbər tutaraq göstərmişdir ki, iddiaçı müqavilə əsasında aldığı mənzilin dəyərindən 2970 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 26670 manat hissəsini isə bankdan götürdüyü kredit vəsaiti hesabına MMC-yə ödəmişdir. Tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməsə də, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tikinti şirkəti üçün çoxmənzilli binanın tikilib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağlabatan müddət 3 il müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən pozulmamış, lakin müqavilənin bağlanmasından 3 illik müddət başa çatmışdır. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı iddia tələbində mənzillə təmin olunmadığı 2015-ci ildən etibarən illik 5 faiz olmaqla 10374 manat pul vəsaitinin tutulmasını tələb etmişdir.
15. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddia ərizəsi bu hissədə qismən təmin edilməlidir. İlkin növbədə sözügedən müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla, cavabdeh tərəf tikilinin inşa edilib hansı müddətdə təhvil veriləcəyinə dair hər hansı bir öhdəlik götürməmiş və bununla bağlı müqavilədə bir şərtmüddəa nəzərdə tutulmamışdır. Lakin bununla belə, tikilinin inşa edilib təhvil verilməsi müddəti müqavilədə nəzərdə tutulmamış olsa da, qeyd olunan öhdəliyin icrası ağlabatan müddətdə icra edilməlidir. Beləliklə də, ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə öhdəliyin icrasının mümkün zaman kəsiyində həyata keçirilməsi başa düşülür.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzilin təhvil verilməsi müddətinin ağlabatan müddəti təxmini də olsa, 3 il müəyyən edilə bilər. Müqavilənin bağlanma tarixi “xx.xx.2015-ci il tarixi” nəzərə alınsa, 3 illik ağlabatan müddətə əsasən “xx.xx.2018-ci il tarix”dən etibarən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək olan müddət ərzində keçən 4 il 8 ay müddət üçün iddiaçıya illik 5 faiz hesablanmaqla ödənilməli olan 6400.8 (26670 x 5 / 100 = 1333.5, 1333.5 x 4.8 = 6400.8 manat) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 389.1, 405.1, 442, 448.1, 567, 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(012)-802/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)
Kassasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin birinci instansiya məhkəməsinin təmin etdiyi hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4718/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Aqil Abbasov (məruzəçi), Zaur Əliyev və Vidadi Məmmədov)
22. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi 11653,31 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə olduğu üçün həmin məbləğin cavabdehdən təkrar olaraq tutulmasının yolverilməzliyini düzgün olaraq qeyd etsə də, "xxxx" ASC tərəfindən cavabdehə ödənilmiş 26670 manat pulun 11653,31 manatı çıxılmaqla qalan məbləğin iddiaçıya ödənilməli olub-olmamasına qiymət verməmişdir.
23. İşdə olan və istinad edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzil tikintisi ilə bağlı podrat münasibətləri olmuş, iddiaçı tikilən mənzilin ümumi dəyərinin 29640 manatından ilkin məbləğ olan 2970 manatı öz hesabına ödəmiş, qalan 26670 manat isə "xxxx" ASC tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə (podrat münasibətlərinə) xitam verilmişdir.
24. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə (podrat münasibətlərinə) xitam verilməsi, iddiaçının podrat müqaviləsi üzrə işlərə marağının olmaması qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. İddiaçının hazırki tələbi ləğv edilmiş podrat müqaviləsi üzrə cavabdehə ödənilmiş pulun qaytarılması barədədir. Buna görə də iddiaçının adından Bank tərəfindən cavabdehin hesabına köçürülmüş 26670 manat pulun, 11653,31 manat istisna olunmaqla, qalan hissəsini tələb etməyə haqqının çatıb-çatmaması Mülki Məcəllənin 759.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli idi. Apellyasiya instansiyası məhkəməsi isə 11653,31 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə olduğu üçün həmin məbləğin cavabdehdən təkrar olaraq tutulmasının yolverilməzliyini qeyd etməklə kifayətlənmiş, qalan məbləğlə bağlı iddia tələbi üzrə hər hansı nəticəyə gəlməmişdir.
25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi illik 5 faizlə bağlı tələbin qismən əsaslı olmasını qətnamənin əsaslandırıcı hissəsində göstərsə də, nəticə hissəsində həmin iddianı təmin etməmiş, iddiaçı da bundan şikayət verməmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizədə iddiaçının mənəvi zərərlə bağlı tələbi olmamış, birinci instansiya məhkəməsi də həmin tələb üzrə hər hansı araşdırma aparmamışdır.
26. Apellyasiya instanasiya məhkəməsi həm iddiada olmayan, həm də apellyasiya qaydasında mübahisələndirilməyən tələblərə üzrə – dəymiş mənəvi zərərlə bağlı 10000 manat və maddi zərərlə bağlı 12600 manat pul vəsaitinin tutulması – qətnamə çıxarmaqla apellyasiyanın həddindən və iddia tələbindən kənara çıxmış, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. (Mülki Prosessual Məcəllə, 218.3, 372.4, 372.6)
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
27. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olmasına baxmayaraq birinci instansiya məhkəməsi hazırkı qətnamə ilə xx.xx.2015-ci il tarixli 6- 29032015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ayrılmış 26670 manat məbləğini tamamilə qanunsuz olaraq, təkrar tutulmasını qət etmişdir. Halbuki məhkəmə kredit vəsaiti üzrə 26670 manat məbləğindən ödənilmiş 2342,77 manatı təkrar olaraq MMC-dən tutmuşdur. Mübahisələndirilən qətnamədə əsaslandırıcı və nəticə hissələri ziddiyyət təşkil edir (səh.5, 6, 7). Bu da səthi araşdırmanın nəticəsidir. O ki qaldı, İddiaçı "xxxx" ASC-nin xeyrinə 21984,46 manat əsas kredit borcunun tutulmasının qət edilməsinə, həmin məbləğin cavabdeh İddiaçı tərəfindən bankda ödənilməməsinə baxmayaraq məhkəmənin İddiaçı xeyrinə “vizual” qaydada tələb hüququnu formalaşdırması maddi və prosessual hüquq normalarına tam ziddir. "xxxx" ASC ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015YS-AAAF-AE saylı Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 11 (borcalanın hüquqları) və 12-ci (borcalanın vəzifələri) bəndlərində ayrılmış kredit vəsaiti üzrə tələb hüququnu əldə edilməsi barədə müddəa göstərilməmişdir. Həmin Təminatlı kredit müqaviləsinin 8-ci bəndində vaxtından əvvəl tələbetmə, 17-ci bəndində müqavilənin qüvvədə olma müddəti və 18-ci bəndində tətbiq edilən hüquq müddəaları öz əksini tapmışdır. Belə qənaətə gəlmək olar ki, xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YSAAAF-AE saylı Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə hər iki tərəfin borcverən, iddiaçı qismində çıxış etmiş "xxxx" ASCnin və borcalan, cavabdeh qismində çıxış etmiş İddiaçı tələb hüququ yaranır və istifadə edir. Maddi hüquq norması eyni müqavilə münasibətləri üzrə kredit öhdəlikləri icra edilmədiyi halda qarşı tərəflərə qarşılıqlı şəkildə tələb hüququnu yaratmır. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress qaydasında tələb hüququna malikdir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflis olma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhz həmin tələb etmək hüquq üzrə "xxxx" ASC çıxış etdiyi halda, İddiaçı tərəfindən irəli sürülməsi və tələb edilməsi əsassızdır. Göründüyü kimi rayon məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Hazırda cavabdehin məsuliyyət həddi Abşeron Rayon Məhkəməsinin 2(012)280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məhdudlaşmış və müəyyənləşdirilmişdır. Lakin mübahisələndirilən məhkəmə aktı cavabdeh MMC üçün əsassız və qanunsuz öhdəlik yaradır. Məhkəmə müəyyən edilmiş faktlara istinad etməyərək, birtərəfli, MMC-dən Abşeron Rayon Məhkəməsinin 2(012)- 280/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 2342,77 manat məbləğini və MMCdən Abşeron Rayon Məhkəməsinin e-2(012)3907/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 21984,46 manat məbləğini təkrar olaraq İddiaçı xeyrinə tutulmasını qət etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
28. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 385.1. Öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər.
35. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
45. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
46. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-802/2023 nömrəli qətnaməsini iddia tələbinin təmin edilən hissəsində mübahisələndirirək iddia tələbinin tamamilə təmin edilməməsini xahiş etmişdir.
49. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
51. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
52. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə tam düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
53. Beləliklə, tərəflər arasında mənzil tikintisi ilə bağlı podrat münasibətləri yaranmış, iddiaçı ilə "xxxx" MMC-nin bağladığı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş 5 saylı binanın 11-ci mərtəbəsindəki ümumi sahəsi 31.2 kv.m-dən ibarət 1 otaqlı 87 saylı mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin dəyəri olaraq 29640 manat pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı mənzilin dəyərindən 2970 manat pul vəsaitini şəxsi vəsaiti hesabına, qalıq 26670 manat pul vəsaitini isə "xxxx" ASC-dən götürdüyü kredit vəsaiti hesabına ödəmişdir. İşin hallarından görünür ki, "xxxx" MMC mənzilin tikintisinə dair müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə icra etməməsinə görə, iddiaçı onunla tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş pulun iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
54. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
55. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən 11653,31 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
56. Hal-hazırda qətnamənin mübahisələndirilən hissəsi birinci instansiya tərəfindən təmin edilən ödənilmiş pul vəsaitin geri qaytarılmasıdır.
57. Belə ki, kollegiya İddiaçı tərəfindən "xxxx" MMC-yə mənzilin dəyəri olan 29640 manatı tam ödədiyini və yuxarıda qeyd olunmuş qətnamələri ilə 2970 manat və 11653,31 manat məbləğində pul vəsaitin "xxxx" MMC-dən alınaraq iddiaçının xeyrinə tutulmasını nəzərə alaraq hesab edir ki, iddiaçının müqavilə üzrə tələb etdiyi məbləğdən 15016,69 manat pul vəsaiti (29640-2970-11653,31=15016,69) cavabdehdən tutulub iddiaçıya qaytarılmalıdır.
58. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
59. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, 15016,69 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-802/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən 15016,69 (on beş min on altı manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.