Məhkəmə qərarları › İş №2(105)-594/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-594/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-594/2025 16.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-40/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə xx.xx.2024-cü il tarixli, RGTK8687373B121 saylı kredit müqaviləsi üzrə 18281,67 manat əsas borc, 1553,77 manat faiz borcu olmaqla, cəmi 19835,44 manat məbləğində borcun və 149,51 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8687373B121 saylı kredit müqaviləsinə əsasən ona 42 ay müddətinə, illik 18,50 faiz dərəcəsi ilə 18281,67 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, RGTK8687373B121 saylı kredit müqaviləsinə üzrə 18281,67 manat əsas borc, 1553,77 manat faiz borcu olmaqla, cəmi 19835,44 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-40/2025 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK8687373B121 saylı kredit müqaviləsinə əsasən 18281,67 manat əsas borc, 1553,77 manat faiz borcu olmaqla, cəmi 19835,44 (on doqquz min səkkiz yüz otuz beş manat, 44 qəpik) manat məbləğində borc və 149,51 (yüz qırx doqquz manat ,51 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1, 746.1, 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1-ci maddələrinə istinad edərək istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-40/2025 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-40/2025-011 saylı, 04 fevral 2025-ci il tarixli qətnaməsindən də görünür ki, o, borcu ödəməkdən boyun qaçırmır. Sadəcə birdəfəlik ödəmək imkanı yoxdur. Bununla yanaşı həmin dövrlərdə işini itirmə səbəbindən maddi vəziyyətində problem yarandığını qeyd etmişdir. Həmçinin bank öhdəliyinin həyata keçirməməsi ilə bağlı bank ona heç bir bildiriş göndərməmişdir. Hesab edir ki, bank və məhkəmə onun işdən azad edilməsi səbəbindən kredit üzrə borcun qalan hissəsinin vaxtında ödəməməsi halı və digər halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi onun kredit ödənişi üzrə öhdəliyini qəsdən və təqsirli olmağı səbəbindən ödəməməyi qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmə iş üçün bu əhəmiyyətli halı iddiaçı sübut etmədiyi və buna dair məhkəməyə hər hansı bir mötəbər sübutu təqdim etmədiyi halda kreditin gecikdirilməsinin onun təqsiri səbəbindən baş verməsi qənaətinə gəlməsi düzgün deyil. Öhdəliklərini qəsdən və təqsirli şəkildə pozuduğuna görə bütün məbləği, faiz və cərimələri tələb etmişdir. Məhkəmə isə onun maraqlarını qorumamış və o həddən artıq maliyyə məsuliyyətinə cəlb edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvalanaraq qeyd edilmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri demək olar ki, söz toplusudur, ləğv üçün əsas deyil. Belə ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı tərəfin haqlı iddiasına səbəb olmuşdur. Hesab edirlər ki, cavabdeh bu cür şikayət verməklə işin müəyyən müddət uzatmaq məqsədi daşıyır. Müqavilə var, müqavilənin şərtləri var. Müqavilənin şərtlərini hər iki tərəf vaxtında icra etməlidir. Apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz. Odur ki, mülki işə iddiaçı tərəfin məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK8687373B121 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 42 ay müddətinə, illik 18,50 % dərəcəsi ilə 18281.67 manat məbləğində borc pul verilmişdir.

13. xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh imza etməklə 18281,67 manat məbləğində pul vəsaitini bankdan almışdır.

14. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixli, RGTK8687373B121 saylı kredit müqaviləsi üzrə 03 dekabr 2024-cü il tarixə 18281,67 manat əsas borc, 1553,77 manat faiz borcu olmaqla, cəmi 19835,44 manat borcu vardır.

15. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 149,51 manat dövlət rüsumu ödənilmişdir

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-40/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-40/2025 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK8687373B121 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

20. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmış, İddiaçı ASC tərəfindən Cavabdeh 42 ay müddətinə, illik 18,5 % dərəcəsi ilə 18281.67 manat borc pul vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək müəyyən edilmiş məbləği cavabdehə versə də müqavilə şərtləri borcalan tərəfindən lazımı qaydada icra edilməmiş və nəticədə borcalanın banka 18281,67 manat əsas borcu və 03 dekabr 2024-cü il tarixədək hesablanmış faiz borcu yaranmışdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır.

22. Müqavilənin şərtinə görə illik 18,5% faiz həcmində faiz hesablanması nəzərdə tutulduğundan iddiaçı cavabdehdən əsas borca görə faiz borcu tələb etməkdə də haqlı olmuşdur.

23. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görüdüyü kimi iddiaçı cavabdehdən əsas borca görə xx.xx.2024-cü il tarixinə qədər hesablanmış 1553,77 manat faiz borcunu tələb etmişdir.

24. Məhkəmə kollegiyası tələb olunan faiz məbləği ilə razılaşmayaraq qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi cavabdehə 18281,67 manat məbləğində borc verilmiş, iddiaçı əsas borc məbləğindən hər hansı bir ödəniş etməmişdir. Ödəniş cəvəlinə əsasən isə 18281,67 manat əsas borc məbləğinə görə aylıq hesablanmalı olan faiz məbləği 281,84 manat təşkil etmişdir ki, 12 iyul 2024-cü il tarixdən 03 dekabr 2024-cü il tarixədək olan 4 aylıq 21 günlük müddət üzrə hesablanmalı olan faiz məbləğnin (281,84 x 4ay=1127,36 manat, 281,84:30=9,39 manat 1 günlük faiz məbləği, 9,39 x 21 gün=197,19 manat, 1127,36+197,19=1324,55 manat) 1324,55 manat təşkil etməsi müəyyən olunur. Lakin, iddiaçı qeyd olunan məbləğdən artıq faiz məbləği hesablamış və hesabladığı məbləğin hər hansı bir açıqlamasını verməmişdir. Buna görə də məhkəmə kollegiyası 1324,55 manat puldan artıq faiz məbləği hissəsində iddianı əsaslı hesab etməmiş, birinci instnasiya məhkəməsi isə işin qeyd edilən halına lazımı diqqət yetirməmişdir.

25. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-40/2025 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK8687373B121 saylı kredit müqaviləsi üzrə 1553,77 manat faiz borcunun, buna müvafiq olaraq isə 19835,44 manat cəmi borc məbləğinin tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 18281.67 manat əsas borc, 1324,55 manat faiz məbləği olmaqla, cəmi 19606,22 manat borc məbləği tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-40/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 18281.67 manat əsas borc, 1324,55 manat faiz məbləği olmaqla, cəmi 19606,22 manat (on doqquz min altı yüz altı manat, 22 qəpik) tutularaq, Kapital Bank” ASCyə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar