Məhkəmə qərarları › İş №2(105)-595/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-595/2025

18.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-595/2025 18.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “heyvanların vurduğu zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, e-2(031)- 244/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı heyvanların vurduğu zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən heyvanlarını nəzarətsiz və özbaşına buraxması səbəbindən iddiaçıya məxsus 1,50 ha yonca əkin sahəsinə vurulan 2000 manat məbləğində maddi zərərin əvəzi tutulub iddiaçıya barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ildə yonca əkini, kənd təsərrüfatında geniş yayılmaqla çox məhsuldar yem bitkisi olduğundan 3,74 ha torpaq sahəsinin 1,5 ha sahəsini yonca bitkisi əkmiş və may ayında 1000 ədəd yonca tayı istehsal etmişdir. Yonca taylarını ədədin 4 manatdan sataraq 4000 manat gəlir əldə etmiş, növbəti çalımı avqust ayında planlaşdırmış və sahədən ən azı 500 ədəd yonca tayı əldə edəcəyinə, bunlada 2000 manat gəlir əldə edəcəyinə ümid etmişdir. Lakin cavabdehə məxsus xeyli sayda iri buynuzlu mal-qarası, habelə danaları otlamağa özbaşına buxarıldığından demək olar ki, mütəmadi yonca əkininə girərək ona xeyli məbləğdə ziyan vurmuşdur. O, hər dəfə cavadehə xəbərdarlıq etsə də, cavabdeh tərəfindən yonca sahəsinə heyvanlarının ziyan vurması hallarına son qoyulmamışdır. Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, e-2(031)-244/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1375 (min üç yetmiş beş) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, Cavabdeh 33 (otuz üç) manat 75 (yetmiş beş) qəpik məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 18 aprel 2025-ci il tarixli iclasında iştirak edən İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək aralarında olan razılaşmaya əsasən cavabdehin ona 400 manat pul ödəməyi öhdəsinə götürdüyündən, 300 manatını 18 aprel 2025-ci il tarixdə məhkəmədə ödədiyindən, qalan 100 manatı da sabah ödəyəcəyindən, cavabdehə qarşı iddia ərizəsindən imtina etdiyini, imtinanın nəticələrinin ona aydın olduğunu, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçıya vurulmuş ziyana görə 300 manatın hazırda ödədiyini, 100 manatını isə ən geci sabah ödəyəciyini bildirərək iddiaçının iddiadan imtina edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, mülki iş üzrə icraata xitam verilməli və Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, e-2(031)-244/2024 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 384.0., 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası MPM-in qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməli və Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, e- 2(031)-244/2024 nömrəli qətnaməsi ləğv edilməlidir. İddiaçıya izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Şabran Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, e-2(031)-244/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar