Məhkəmə qərarları › İş №2(105)-597/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-597/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-597/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X11 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1810/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Qasımova) iddianın qismən təmin edilməsi, Cavabdeh 1781.00 manat pul alınaraq İddiaçı verilməsi, iddia qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində DAEVO NEXİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə vurduğu zərərə görə 1831 (min yüz otuz bir) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı Nümayəndə2 27 oktyabr 2022-ci il tarixində saat 03-40 radələrində etibarnamə əsasında idarə etdiyi, ona məxsus DAEWOO NEXİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobillə Xaçmaz rayonuna gedərkən Xaçmaz rayonundan gələn 10Z-418 nömrə nişanlı, arxasında 4 metr enində kənd təsərrüfatı aqreqatı olan traktorun aqreqatıyla toqquşmuşdur. Hadisə həmin vaxt traktoru qanunsuz olaraq idarə edən Cavabdeh Ağadadaş oğlunun təqsiri ucbatından baş vermişdir. Halbuki, belə qoşqu ilə havanın qaranlıq vaxtında hərəkət etmək olmaz. Aqreqatı daşıyıcı ilə apararlar. Həmin anda DİN-nin 102 xidmətinə məlumat verilmiş, hadisə yerinə gələn YPX-nin əməkdaşı X1 işi araşdırmadan təqsirin avtomobilin sürücüsündə olduğunu demişdir. Halbuki o, traktor sürənin kimliyini, sənədinin olubolmadığını, traktoru idarə etmək səlahiyyətinin olub-olmadığını, aqreqatın təkərinin niyə avtomobilin buferinə yox, kapotun üstünə düşdüyünü araşdırmalı idi. Çünki Cavabdeh Ağadadaş oğlunun həmin traktoru idarə etmək hüququ olmamışdır. Nəticədə YPX-nin əməkdaşı X1 həyat yoldaşı Nümayəndə2 40 manat məbləğində cərimə edərək bildiyi kimi hərəkət etmişdir. Nümayəndə2 YPX-nin əməkdaşına belə olmaz, səndən şikayət edəcək dedikdə ona necə istəyirsən elə də elə demişdir. Balasiyev X5 Aparatına, Daxili İşlər Nazirliyinə, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə şikayətlər yazaraq hadisə yerində çəkdiyi şəkilləri də göndərmişdir. DİN-nin Baş Dövlət Yol Polis İdarəsində araşdırmalar aparılaraq, ekspertlər rəy verərək sübut olunmuşdur ki, təqsir traktorun sürücüsü Cavabdeh olmuşdur. DİN-nin BDYPİ-nin Nümayəndə2 göndərdiyi xx.xx.2022-ci il tarxili məktubda qeyd olunmuşdur ki, aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP4991873 nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilmiş, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Nəticədə inzibati təbeh vermə haqqında TP5431527 nömrəli qərarla Cavabdeh AZərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli məktuba əsasən “Surra” avtomobillərə servis xidmət məntəqəsində DAEVO NEXİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə texniki baxış keçirilmiş, xx.xx.2022-cı il tarixli mütəxəssis rəyi verilmiş və yol nəqliyyat hadisəsi nəticəsində DAEWOO NEXSİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə 1831 (min səkkiz yüz otuz bir) manat dəyərində ziyan dəydiyi müəyyən edilmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsiri ucbatından baş verdiyi və mülkiyyətində olan avtomobilə 1831 manat zərər dəydiyi öz təsdiqini tapmışdır. Həyat yoldaşı Nümayəndə2 Cavabdeh qarşı hazırki iddia ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etsə də, onun iddia tələbi üzrə subyektiv hüququnun olmadığı əsas gətirilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixil 2(067)- 719/2023 nömrəli qətnaməsi ilə iddiası təmin edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mütəxəssis rəyi və onun əsasında “nəzəri hesablama” yolu ilə tərtib edilmiş ekspert rəyi tamamilə qanunsuz və əsassızdır. Bundan əlavə ekspert tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmədən, maşının texniki vəziyyəti və nəqliyyat vasitəsinin işlək, təmirə yararlı və ya yararsız detallarına baxış keçirilmədən sadəcə rəsmi servis kimi fəaliyyət göstərməyən bir avto nəqliyyat vasitələrini təmiri ilə məşğul olan bir obyektin ustaları tərəfindən tərtib edilmiş sənədə əsasən nəqliyyat vasitəsinə dəymiş ziyanın hesablanması qanunsuzdur. Digər tərəfdən bunların baş verməsi fonunda Xaçmaz Rayon Məhkəməsi tərəfindən həmin rəyə istinad edilərək qətnamə qəbul edilməsi və həmin ekspert rəyini iş üzrə qanuni və əsaslı sübut kimi qəbul etməsi yolverilməzdir. Məhkəmə əlavə ekspertiza keçirilməklə, dəymiş zərərin faktiki və real dəyərini müəyyən etməklə ədalətli qətnamə qəbul edə bilərdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 1781 manat həddində olması iş materialları ilə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını məhkəmə kollegiyasından xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyator qətnaməni iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. 27 oktyabr 2022-ci il tarixində Cavabdeh idarə etdiyi 10Z-418 nömrə nişanlı, kənd təsərrüfatı aqreqatı olan traktorun aqreqatıyla Nümayəndə2 etibarnamə əsasında idarə etdiyi, ona məxsus DAEWOO NEXİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobillə toquşması nəticəsində yol-nəqliyyat hadisənin baş verməsi işin mübahisəsiz halıdır. Mövcud iş üzrə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində DAEWOO NEXİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilinə ziyan dəymişdir. Birinci instansiya məhkəməsində keçirilmiş ekspert rəyi ilə nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Surra” Avtomobillərə Serviz xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilən 2004-cü il buraxılışlı “Daevoo” markalı “Nexia” model, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1781 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında aparılması mümkün olduğundan, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar