Məhkəmə qərarları › İş №2(105)-598/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-598/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-598/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X5 cavabdehlər Cavabdeh2, “xxxx” MMC-yə və Cavabdeh3 ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1649/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı X10 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-1649/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Cavabdeh2, “xxxx” MMC-yə və Cavabdeh3 ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir (hakim E.M.Kazımov). Qətnamədən narazı qalan iddiaçı X10 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1649/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X10 Cavabdeh2, “xxxx” MMC-yə və Cavabdeh3 ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 ilə Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354088/ASİ saylı alqı-satqı müqaviləsinə əsasən X1 ünvan 1ində yerləşən 0.313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh2 alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi - vəkili X2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354088/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən iddiaçıya satılmış ünvan 1ində yerləşən, 0.313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıqları sahədən az olan 44 kv.m görə, 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-372/2020 saylı, 14 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdehlər Cavabdeh2, “xxxx” MMC-yə və Cavabdeh3 ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi ayrıca icraata alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı X10 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində təsbit olunmuş hüquqları pozulmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cavabdehlə aralarında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354088/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinin 2.2.3-cü bəndində qeyd edilir ki, “Bu müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra bu müqaviləyə əsasən ipoteka predmetini tikintisinə başladığı bina ilə birlikdə Alıcı-İpoteka qoyanın bəyənib, qiymətində razılaşdığı vəziyyətdə təhvil vermək satıcının vəzifəsidir.” Həmin alqısatqı və ipoteka müqaviləsinin 2.2.3-cü bəndindən göründüyü kimi satıcı 0.313 ha torpaq sahəsi ilə bir yerdə tikintisinə başladığı binanı - onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətdə ona təhvil vermək öhdəliyi götürmüşdür. Cavabdehlə aralarında olan razılaşmaya əsasən, ona məxsus olan torpaq sahəsinin üzərində tikilməsi nəzərdə tutulan fərdi yaşayış evinin sahəsi 187.4 kv.m. olmalı idi, lakin evə köçdükdən sonra məlum oldu ki, evin faktiki sahəsi 143 kv.m.-dir. Həmçinin onu da qeyd edir ki, ona məxsus olan toıpaq sahəsinin üzərində tikilməsi nəzərdə tutulan fərdi yaşayış evinin sahəsinin 187.4 kv.m. olmasının nəzərdə tutulması Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanan 27 iyun 2013-cü il tarixli “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 016HOME354088/G saylı girov müqaviləsində də qeyd edilmişdir. Cavabdehlə razılığa gəldiyi zaman Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Park Solero evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin 1 kv.m-i 550 manat olmuş, hazırda isə 800 manat təşkil edir. Ona görə də hesab edir ki, cavabdehlə razılaşdığı sahədən az olan 44 kv.m-nə görə, 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 (otuz beş min iki yüz) manat cavabdehdən alınaraq ona ödənilməlidir.” Məhkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2033 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsinə istinad etmişdir. Halbuki həmin qətnamədə torpaq sahəsinin zəbt olunmaması müəyyən edilmişdir. Yəni, torpaq sahəsinin yola düşməsi hazırkı iş üzrə cavabdehə qarşı müqavilə öhdəliyinin yerinə yetirərək torpaq sahəsinin naturada mənə təhvil verilməsini tələb etməyi istisna etmir. İddia müddətinin keçməsi ilə bağlı məhkəmənin mövqeyi ümumiyyətlə anlaşılmazdır. Çünki məhkəmə öz qətnaməsində, hazırkı iddia tələbinə müqavilə tələbləri üzrə iddia müddətinin, daşınmaz əşyalarla bağlı iddia müddətinin, yoxsa ümumi iddia müddətinin tətbiq etdiyini qeyd etməmişdir. Cavabdehin etirazından və məhkəmənin mövqeyindən görünür ki, tərəflər arasında olan mübahisə mülkiyyətlə bağlıdır. Yəni, hazırkı tələbə iddia müddətinin şamil edilməsi qanunsuzdur. Bundan başqa məhkəmənin istinad etdiyi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2033 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı “xxxx” MMC-nə qarşı iddia tələbi irəli sürülmüş və həmin mülki iş üzrə Cavabdeh2 Tofiq oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Yəni, 2016-cı ildən hal-hazıra kimi tərəflər arasında mübahisə davam etdiyindən, burada iddia müddətinin keçməsindən danışmaq olmaz. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1649/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbimin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdeh2 Rusiya Fedarasiyasında yaşayan qohumları 2013-cü ilin aprel ayında ona müraciət edərək Bakı şəhərində kompakt olmaqla bir yerdə ev tikdirmələri üçün torpaq sahəsi almaq istədiklərini və bu işdə onlara köməklik etməyi xahiş etdilər. Cavabdeh2 internetdə satışa qoyulmuş torpaq sahələrinə baxarkən Abşeron rayonu Masazır kəndi ərazisində duzlu gölün yamacında kottec tipli şəhərcik salınması ilə bağlı elanlara rast gəlmiş və səhərisi günü həmin əraziyə gələrək torpaq sahələri və tikilən koteclərlə maraqlanmışdır. Həmin ərazidə yollar çəkilmiş, girişdə alaqapılar tikilmiş, koteclərin və villa tipli evlərin tikiləcəyi torpaq sahələri ölçülərək saxlanılmışdır. Ərazidə torpaq sahələrinin satışını həyata keçirən şəxs Cavabdeh2 izah etdi ki, həmin ərazi, yəni 17 ha. torpaq sahəsi “xxxx A” MMC-nin mülkiyyətindədir, torpaq sahəsində kottec tipli şəhərcik salınması planlaşdırılmış, salınacaq şəhərciyin eskiz layihəsi hazırlanmış və 2008-ci ild Abşeron rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq təsdiq olunmuşdur. Cavabdeh2 bəyəndiyi torpaq sahəsinin qiyməti ilə maraqlandıqda, ona 52.000 manata sata biləcəklərini və həmin torpaq sahəsində ümumi layihədə təsdiq olunmuş formada və ölçüdə kotec tipli evlər tikə biləcəyini bildirmişlər. Cavabdeh2 ərazinin, bəyəndiyi torpaq sahəsinin və həmin torpaq sahəsində tikilməli olan koteclərin layihələrinin şəkillərini qohumlarına göndərmiş, onlar bəyəndiklərini bildirmiş, torpaq sahəsini almasını və tikinti işlərinə başlamasını xahiş etmişlər. Torpaq sahəsinin alınması məqdəsilə 53.000 manat və tikinti işlərinin başlanılması üçün isə 10.000 manat pul göndərmişlər. Cavabdeh2 06 may 2013-cü ildə “xxxx A” MMC-ilə müqavilə bağlayaraq kotec tipli ev tikdirmək məqsədi ilə şəhərciyə girişdə sol tərəfdə olan 0.2082 ha torpaq sahəsini 52.050 manata almışdır. Satılmış torpaq sahəsinin eni 38 metr, uzunluğu isə 51 metr olmuşdur. Cavabdeh2 satılmış torpaq sahəsində təsdiq olunmuş eskiz layihə əsasında kotec tipli evlərin tikilməsi məqsədi ilə ərazidə tikinti işləri aparmaq üçün sifariş qəbul edən şəxslərlə danışaraq razılaşmış və Cavabdeh2 məxsus torpaq sahəsində 6 ədəd 2 mərtəbəli evlərin tikilməsi üçün işlərə başlamışlar. Tikiləcək evlərin bünövrələri qazılmış, beton tökülmüş və bir neçə cərgədə daş hörgü işləri aparılmışdır. Qohumları müflis olduğundan tikinti işlərinin davam etdirilməsi üçün pulun davamını göndərə bilməmiş və 2013-cü ilin iyun ayının əvvəlində Cavabdeh2 zəng edərək təcili torpaq sahəsini sataraq pulunu onlara göndərməsini xahiş etmişlər. Cavabdeh2 ərazidə maklerlik fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək torpaq sahəsinin təcili satılmalı olduğunu və müştəri tapmalarını xahiş etmişdir. Cavabdeh2 xəstə olduğu üçün tanışı Pərvin adlı şəxsə etibarnamə verərək torpaq sahəsinə müştəri olacağı təqdirdə adından iştirak etməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra Cavabdeh2 məxsus torpaq sahəsinin alınması üçün hazırki iş üzrə iddiaçı və başqa iki nəfər şəxs müraciət edərək üzərində yarımçıq tikili olan torpaq sahəsindən torpaq almaq istədiklərini və alacaqları torpaq sahəsində tikintisi yarımçıq qalmış evləri bankdan alacaqları kredit hesabına tikdirəcəklərini və bu barədə artıq Cavabdeh3 ASC ilə danışdıqlarını bildirmişlər. Tanışı Pərvin həmin şəxslərlə 27 iyun 2013-cü il tarixdə müqavilə bağlayaraq torpaq sahəsini üzərində tikintisi yarımçıq saxlanılmış koteclərin sərhədləri həddində 6 hissəyə bölməklə həmin şəxslərin hər birinə 10.500 manata satmış, həmin şəxslərdə aldıqları torpaq sahəsini mövcud vəziyyətdə, yəni üzərində tikilmədə olan və tikintisi yarımçıq saxlanılmış vəziyyətdə bəyənərək aralarında bağlanılmış alqı-satqı və ipoteka müqaviləsinin 2.3-cü bəndinə uyğun olaraq qəbul etmiş və ötən bu müddət ərzində heç bir etiraz bildirməmişdir. Pərvin satdığı torpaq sahələrinin pulunu Cavabdeh2 gətirmiş, o da həmin pulu sahiblərinə göndərmişdir. Üzərində yarımçıq tikili olan torpaq sahələrini almış şəxslər həmin torpaq sahələrini yarımçıq tikili ilə birlikdə banka ipotekaya qoymaqla kredit götürmüş və götürdükləri kredit hesabına evlərini tikdirərək başa çatdırmışlar. Cavabdeh2 ümumiyyətlə iddiaçı ilə əlaqəsi olmamış, onu tanımamış və qarşısında heç bir öhdəlik götürməmişdir. Yarımçıq tikilinin başa çatdırılması üçün heç kimdən pul qəbul etməmiş, bu barədə heç kiminlə müqavilə bağlamamış və həmin ərazidə har hansı tikilinin tikilməsində iştirak etməmişdir. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsini üzərində olan yarımçıq tikili ilə birlikdə qanunvericiliyin tələbləri qaydasında iddiaçıya sataraq pulunu almışdır. Torpaq sahəsinin az olması məsələsinə gəlincə, hər bir kottecin, yəni 6 ədəd 2 mərtəbəli bir-birinə bitişik olan fərdi yaşayış evlərinin tikilməsi üçün aldığı torpaq sahəsinin uzunluğu 51 metr, lakin həmin tikilən kateclərin ümumilikdə uzunluğu 46 metr olmuş, koteclərin bir tərəfində 1.5 metr enində səki, digər tərəfində isə 4 metr enində, 38-40 uzunluğunda boş torpaq sahəsi qalmışdır ki, bu da 2.5 sot torpaq sahəsi deməkdir. Cavabdeh2 06 may 2013-cü il tarixdə “xxxx A” MMC-ilə müqavilə bağlayaraq kotec tipli ev tikdirmək məqsədi ilə aldığı 0.2082 ha torpaq sahəsi 51 metr uzunluğunda olmaqla, hazırda olduğu kimi yerindədir. Həmin torpaq sahəsində 46 metr enində evlər tikilmiş, kotecin hər iki tərəfində boş qalmış 3 sot torpaq sahəsi yaşıllaşdırılmış və həmin torpaq sahəsidə Cavabdeh2 tərəfindən satılmış torpaq sahəsində evlər tikdirmiş kottec sakinlərin istifadəsindədir. İddiaçılara mülkiyyətlərində olan torpaq sahələri barəsində çıxarış verilərkən və torpağın xəritəsi çəkilərkən də bu hallar nəzərdən qaçmışdır. Sonradan Cavabdeh2 “xxxx A” MMC-nin rəhbərliyi ilə isti münasibətləri yarandığından sonuncuya “Park Solero” yaşayış kompleksinin kommunal-servisini həyata keçirmək həvalə edilmiş və o, 2017-ci ildən “xxxx” MMC-nin təsisçilərindən biri və təmsilçisi olaraq “Park Solero” yaşayış kompleksinin kommunal-servisini həyata keçirirmişdir. İddiaçı bundan əvvəl də “xxxx A” MMC-yə, Cavabdeh3 ASC-yə, təsisçisi və Cavabdeh2 təmsilçisi olduğu “xxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıqları sahəsindən az olan fərqin hər kv. m. 500 manata vurulmaqla “xxxx A” MMC-dən alınaraq iddiaçıya ödənilməsi, 15.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələblərlə bağlı iddia qaldırmış, iddia tələbləri təmin olunmamış və bu barədə müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı yenə də eyni tələblərlə “xxxx” MMC ilə “xxxx A” MMC-nin yerini dəyişməklə və Cavabdeh2 yeni cavabdeh göstərməklə əsassız iddialar qaldırmışdır. İddiaçının iddia tələbləri təmin olunmadığından indi də sonuncuya qarşı əsassız iddialar qaldırmışdır. Göründüyü kimi, Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırmış şəxslə ev tikinitisi və sair öhdəliklə bağlı müqavilə bağlamamış və onun qarşısında üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçı uzun illərdir ki, həmin aldığı torpaq sahəsində və tikdirdiyi evdə yaşasa da, bu günə kimi Cavabdeh2 həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı hər hansı irad və etiraz bildirməmişdir. Torpaq sahəsi satılmaq üçün paylara ayrılarkən iddiaçı onun tərəfindən alınmış torpaq sahəsini qəbul edilərkən o, torpaq sahəsini hansı formada qəbul etdiyini bilirdi və bununla razılaşmışdır. Həmin alqı-satqı müqaviləsi 27 iyun 2013-cü il tarixdə bağlanılmış və hazırda həmin vaxtdan 7 ildən çox müddət keçmişdir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçının iddia tələbi əsassız olduğundan, eləcə də, qanunla müəyyən edilmiş iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(012)-1649/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı X10, cavabdehlər “xxxx” MMC və Cavabdeh3 ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış 27 iyun 2013-cü il tarixli torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 ASC nizamnamə əsasında fəaliyyət göstərən etibarnamə (14 mart 2013-cü il tarixli) əsasında fəaliyyət göstərən Sumqayıt filialının direktoru X6 şəxsində bir tərəfdən Azərbaycan Respublikasının vətəndaşı olan, irəlidə alıcı-ipoteka qoyan adlandırılacaq X4, etibarnamə əsasında satıcı adlandırılacaq Cavabdeh2, onun adından Abşeron rayonu 1 saylı notariat kontorunun 22 iyun 2013-cü il tarixli 7E/9219 nomrəli etibarnamə əsasında hərəkət edən X3 üçüncü tərəfdən yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqaviləni bağlayırlar. Satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyun 2013-cü il tarixli, 6039 saylı arayışa əsasən ünvan 1i ünvanında yerləşən 0.0317 ha torpaq sahəsini (bundan sonra əmlak adlandırılacaq) alıcı-ipoteka qoyana satır. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 27 may 2013-cü il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyesterindən Çıxarışa əsasən satıcıya məxsusdur. Müqavilə bağlananadək torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil, özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Əmlakın satış qiyməti 10.500 (on min beş yüz) manat əmlakın dəyəri tam olaraq kreditor-ipoteka saxlayan tərəfındən 27 iyun 2013-cü il tarixli, 016HOME354808 saylı Kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan torpaq sahəsini (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354808 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir. İşdə olan “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-1 ******* saylı, 06 may 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” “xxxx” MMC ünvan 1ində yerləşən 0,2082 ha torpaq sahəsini “Alıcı” Cavabdeh2 52050 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 15 sentyabr 2017-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.0313 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) 0,0253 ha hissəsi ilə üst-üstə düşdüyü, həmin 0.313 ha torpaq sahəsinin 0.0065 ha hissəsinin ümumi istifadədə olan yola düşdüyü, “xxxx” MMC tərəfindən iddia olunan torpaq sahəsinə hər hansı müdaxilə hallarının və tikililərin mövcud olmadığı müəyyən olunmuşdur. Müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4537 saylı, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh3 ASC-yə və “xxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və digər tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-2033 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, “Park Solero” evlər kompleksində “xxxx” MMC tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertiza ilə müəyyən edilmiş faktiki sahəsi ilə 187,4 kv. m. sahəsi arasında fərqin hər kv. m. 550 manata vurulmaqla müəyyən edilən məbləğin, mənzilə quraşdırılmış su, qaz, elektrik enerjisi sayğaclarının sərfiyyatının əhali üçün nəzərdə tutulmuş tariflərə vurulmaqla alınan məbləğə həmin sərfiyyatın hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərə vurulmasından alınan fərqin məbləğinin və mənəvi zərərin əvəzi kimi 15000 manatın “xxxx” MMC-dən alınaraq ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2493 saylı, 19 aprel 2019-cu il tarixli Qərarı ilə ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2033 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.313 ha torpaq sahəsini 27 iyun 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 almış və həmin torpaq sahəsi Cavabdeh3 ASC-dən götürülmüş kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İddiaçı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət emişdir. İddaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.0313 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) 0,0253 ha hissəsi ilə üst-üstə düşdüyü, həmin 0.313 ha torpaq sahəsinin 0.0065 ha hissəsinin ümumi istifadədə olan yola düşdüyü, “xxxx” MMC tərəfindən iddia olunan torpaq sahəsinə hər hansı müdaxilə hallarının və tikililərin mövcud olmadığı müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Müəyyən edildiyi kimi iddiaçı Z.Abbasov ona satılmış 0.0313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia etsə də həmin torpaq sahəsinin 0.0065 ha hissəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğu yola düşdüyü müəyyən edilmişdir. İddiaçı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia etsə də torpaq sahəsinin ümumi istifadədə olan yola düşməsi mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyərləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Bundan başqa iddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıqları sahədən az olan 44 kv.m görə, 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı tikinti ilə bağlı hər hansı bir müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də onun iddiası az olan 44 kv.m görə 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 manat məbləğində pulun ödənilməsi tələbi də əsassızdır. İddia tələbinin Z.Abbasovun mənəvi sarsıntı, iztirab keçirməsi, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab etmişdir ki, iddianın qeyd edilən hissəsi əsas tələbə nisbətdə törəmə tələb hesab olduğundan və əsas tələb təmin edilmədiyindən, mənəvi zərərə görə hissədə də təmin edilə bilməz. Məhkəmə haqlı olaraq tələbin həmin hissədə də təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Belə ki, əsas iddia tələbləri təmin edilmədiyi halda, bundan törənən tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndinə əsasən, məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini aldığını bildirdiyi 2013-cü ildən artıq 7 ildən çox vaxt keçməsinə baxmayaraq bu dövrdə məhkəməyə müraciət etməmiş, müraciət etməməsini əsaslandıran üzrlü səbəbləri isə təqdim etməmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, iddia müddəti də tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci və 372.2-ci maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyun 2005-ci il tarixli, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 oktyabr 2007-ci il tarixli, “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli və s. Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Müddət məsələsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də öz münasibətini bildirmişdir. Belə ki, “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı işüzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırki halda qətnamənin təsviri hissəsində şərh edilmiş digər əsaslarla yanaşı, iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar vermək üçün əsas mövcuddur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaiti onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının dəlilləri iş materialları ilə təkzib edilir. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1649/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar