Məhkəmə qərarları › İş №2(105)-598/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-598/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-598/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin e-2(027)-987/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim V.Seyidov) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilməsi, qərardad iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun (GPP qəbz nömrəsi **********) geri qaytarılması üçün əsas olması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, İddiaçı Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(027)- 987/2025 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə hesablanmış 20000 manat puldan, 8417 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması, işi icraata götürərək baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardaddan narazıdır. Ona görə ki, bu qərardad onun maraqlarına toxunur. Ona görə ki, hakim qərardadda göstərir ki, bununla bağlı qətnamənin icrasını həyata keçirən orqana müraciət edə bilər. Bildirir ki, icra orqanı mübahisə olduqda borcu silə bilməz. Qərardadda da göstərilir ki, işə baxılıb və apellyasiyaya verilə bilər. İddiaçı artıq bu 20000 tələb qoyulduqda o bundan şikayətlər vermişdir. Lakin hazırda borc ödənilib demək olar ki cəmi 8417 manat borc qalıb. Hazırda pulu iddiaçı kimin yanında veribsə o şahidlər bildirir ki, gedib sübut edə bilər ki, pul tam olaraq cavabdehə verilib. Ona görə də borcun silinməsi ilə məhkəməyə müraciət etmişdir. Eyni işlə bağlı hər hansı müraciət etməmişlər. Ona görə də hesab edir ki, bu iş icraata götürülməli və baxılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli və onunla bağlı 19 fevral 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsini eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması ilə əsaslandırmışdır. İşdən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2863/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 20.000 (iyirmi min) manat məbləğində pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 1 (bir) manat bank xidməti xərci olmaqla, cəmi 20.031 (iyirmi min otuz bir) manat iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (MPM-nin 153.2.2. maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 153.2.2. maddəsinin tələbi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli və onunla bağlı 19 fevral 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli və onunla bağlı 19 fevral 2025ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar