Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-600/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2952/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(012)-2952/2023 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 dəymiş maddi ziyana görə 5995 (beş min doqquz yüz doxsan beş) manat və ödənilmiş dövlət rüsumuna görə 79.94 (yetmiş doqquz manat doxsan dörd qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 6074.94 (altı min yetmiş dörd manat doxsan dörd qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim: Habil Əhmədov). Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 nümayəndəsi X1 Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(012)-2952/2023 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli, 2(012)-2952/2023 saylı qərardadı ilə apellyasiya şikayəti, şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürməklə verdiyindən, həmin müddətin bərpa edilməsini üzrlü hesab edən hallara dair vəsatəti isə məhkəməyə təqdim edilmədiyindən geri qaytarılmışdır. Yenidən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 nümayəndəsi X1 Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(012)-2952/2023 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəmənin 13 noyabr 2023-cü il tarixli, 2(012)-2952/2023 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 nümayəndəsi X4 Abşeron rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(012)- 2952/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2952/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2952/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Lakin onlardan asılı olmayan səbəblərə görə apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan prosessual müddət ötürülmüşdür. AR Müdafiə Nazirliyi, həmçinin hərbi hissələr dövlət tərəfindən elektron sistemlə təmin edilməmişdir. Buna görə də bütün məhkəmə qərarları və qətnamələri bizə Azərpoçt vasitəsi ilə daxil olur. Yəni məhkəmə qərarlarını və qətnamələrini rəsmi qaydada azərpoçt vasitəsi ilə əldə edirlər. Qeyd etdiyi kimi elektron sistem olmadığına görə mübahisəli qətnamənin elektron sistemə yüklənilmə vaxtından xəbəri olmamışdır. Buna görə də, apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan prosessual müddət üzürlü səbəbədən ötürülmüşdür. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin keçməsini üzürlü hesab edib apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2952/2023 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2952/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 nümayəndəsi X4 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2 (nümayəndə X6) Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2952/2023 saylı qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin rəsmi qaydada əldə edilməsi üçün kifayət qədər uzun müddət keçir. Buna görə də hərbi hissənin müddətlə bağlı yaşadığı problem üzürlü hesab edilməli idi. Xüsusilə də bu üzürlü səbəb düşmənləri torpaqlarımızdan silmək üçün antiterror əməliyyatının keçirilməsi ilə bağlı yaranmışdır. Məhkəmənin bunu üzürlü səbəb kimi qəbul etməməsi ağlabatan deyil. Qeyd edilənlərə uyğun olaraq qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin keçməsini üzrlü hesab edib apellyasiya şikayəti vermək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-2952/2023 nömrəli qərardadı ilə şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2952/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ləğv edilməli və prosessual müddətin bərpa edilməsinə dair iş üzrə yeni qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Cavabdeh də prosessual müddətin ötürüldüyünü zənn edərək, bu müddətin bərpasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi müddətin buraxılmasının üzrlü hesab edilməməsi və buraxılmış prosessual müddət bərpa olunmamasını onunla əsaslandırmışdır ki, cavabdeh elektron sistemdə olmadığına görə mübahisəli qətnamənin elektron sistemə yüklənilmə vaxtından məlumatları olmadığını qeyd etsə də, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə qətnaməsi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, göründüyü kimi, cavabdeh tərəfindən müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinin üzürlü səbəbi kimi müddətinin axımının antiterror əməliyyatının keçirilməsi dövrü ilə üst-üstə düşməsi göstərilmişdir. Belə ki, işdən görünür ki, cavabdeh hərbi hissə olaraq Azərbaycan Respublikasının ərazisində hərbi xidməti həyata keçirir. Belə ki hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Məhkəmə kollegiyası cavabdehin fəaliyyətinin xüsusi növün olmasını, hazırkı məqamda hərbi hissələrin xidməti-döyüş fəaliyyətini, sözügedən halın cavabdehdən asılı olmayaraq baş verməsini nəzərə alaraq hesab edir ki, buraxılmış müddət üzürlü hesab edilməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2952/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ləğv edilməli, prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair iş üzrə yeni qərardad qəbul edilərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2si tərəfindən verilmiş müddətin bərpası barədə ərizəsi təmin edilməli və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2si tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2952/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2sinin müddətin bərpası barədə ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2952/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2sinin apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilsin və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-2952/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-600/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-600/2024
21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver