Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-607/2024 02.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli e-2(031)-1024/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASCnin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin “Xaçmaz” filialı və X7 arasında bağlanmış BPM**********01 saylı, xx.xx.20219-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir.
2. AZ-İİ seriyalı 043559 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 fevral 2020-ci ildə ölmüşdür.
3. 04 sentyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X7 vərəsəsi arvadı Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" MMCnin xx.xx.2020-ci il tarixdə DSMF-yə təqdim etdiyi SN00006-533607 (382.64 manat) və SN00006-533455 (526.96 manat) saylı xəstəlik vərəqəsindən ibarətdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 4501.23 manat məbləğində kredit borcunun, ödənilmiş 65.02 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Xaçmaz” filialı və X7 arasında bağlanmış BPM**********01 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən verilmiş ərizə əsasında açılmışdır. Bankın “Xaçmaz” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 vəfat etdiyi tarixə banka 4501.23 manat ödənilməmiş kredit borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf çalışsa da, borclunun vərəsəsi üzərinə düşən öhdəliyini yerinə yetirməkdən yayınmaqdadır.
6. 10 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş məktubundan görünür ki, X1nun vərəsəsi Cavabdeh banka olan borcunun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdarlıq edilmişdir.
7. Maliyyə arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixli RGTK0267272B126 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödənilməmiş 4501.23 manat əsas borcu yaranmışdır.
8. Şabran Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli e-2(031)-1024/2023 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia qismən təmin edilərək, Cavabdeh 909 (doqquz yüz doqquz) manat 60 (altmış) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi və dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X2 qalmış miras əmlakın ümumi dəyəri xəstəlik vərəqələri əsasında köçürülmüş 382.64 manat və 526.96 manat olmaqla, cəmi 909,6 manat pul vəsaitindən ibarət olduğundan iddia tələbi Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən 909 (doqquz yüz doqquz) manat 60 (altımış) qəpik həcmində təmin oluna bilər.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 385.1, 386.1, 421.2, 442, 443.1, 445.2.1, 739, 1306-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 217.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
11. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunmasının əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsini əsas gətirmişdir. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq 909.60 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi Cavabdeh Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, Cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə öz mülahizəsinə əsasən iddianı qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olmasını araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə əsasən vərəsə tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
19. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
20. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
21. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Maddə 1306.1. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçı Bankın apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin mübahisəsiz halı olndan ibarətdir ki, "xxxx" ASC-nin “Xaçmaz” filialı və X7 arasında bağlanmış BPM**********01 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 5000 manat məbləğində kredit verilmiş, X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc tam ödənilməmiş, Bank hazırda mövcud borcun mərhum X4 vərəsəsi kimi tanınmış arvadı - Cavabdeh tələb etməkdədir.
32. 04 sentyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə ölmüş X7 vərəsəsi arvadı Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almaq hüququ tanınmış, şəhadətnamə verilən miras əmlak "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə DSMF-yə təqdim etdiyi SN00006-533607 (382.64 manat) və SN00006-533455 (526.96 manat) saylı xəstəlik vərəqəsindən ibarət olmuşdur.
33. Bununla yanaşı Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş arayış ilə müəyyən edilmişdir ki, sonuncunun adına Respublika ərazisi üzrə əmlak mövcud deyildir.
34. Məhkəmə iclasında həmçinin cavabdehin izahatı ilə müəyyən olunmuşdur ki, mərhum X7 tərəfindən götürülmüş kredit onun ölümünə səbəb olan xəstəliyə görə aldığı müalicələrə sərf edilmişdir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə yuxarıda göstərilən nəticəyə gəlməsi düzgün olmuş, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın tam təmin edilməsi üçün əsas yoxdur.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli e-2(031)-1024/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli e-2(031)-1024/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.