Məhkəmə qərarları › İş №2(105)-610/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-610/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-610/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı BOKTİddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı BOKTİddiaçı QSC-nin Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(028)-93/2021 saylı qətnaməsindən iddiaçı BOKT İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(028)-93/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (Vladimir Ruvionov). Qətnamədən narazı qalan iddiaçı BOKTİddiaçı QSC apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(028)-93/2021 saylı qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı BOKTİddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə ümumilikdə 47399,55 (qırx yeddi min üç yüz doxsan doqquz,55) manat məbləğində əldən çıxmış faydanın və dəymiş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı BOKTİddiaçı QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında 19.06.2008- ci il tarixli, 635/01 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 12 ay müddətinə 100.000 (yüz min) manat məbləğində kredit verilmişdir. 20.06.2008-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 01 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv. yaşayış, 85.5 kv.m köməkçi sahədə ibarət 15 saylı fərdi yaşayış evi 19.06.2008-ci il tarixdə, 635 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DƏDRX hüquqların dövlət Qeydiyyatı haqqında DƏDRX-nin MH ******* saylı çıxarışına əsasən Daşınmaz Əmlakın Dövlət Reystri tərəfindən 11 saylı reyestr kitabında 28 saylı vərəqində 17.06.2008-ci ildə qeydiyyata alınaraq, cavabdehə məxsus əmlak qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 25.06.2008-ci il tarixli, MH seriyalı, ******* №-li «Azərbaycan Respublikası DƏDRX hüquqların dövlət Qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reystri haqqında» çıxarış verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət edilmişdir. Sumqayıt Apellyasıya Məhkəməsinin qətnaməsində Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2019-cu il tarixli, 28524 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək 11192,71 (on bir min bir yüz doxsan iki manat,71 qəpik) manat əsas borcdan, cərimə borcu üzrə isə 100 (bir yüz) manat olmaqla cəmi 11292,71 (on bir min iki yüz doxsan iki manat, 71 qəpik) manat məbləğində pul tutulması qət edilmişdir. Bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh kredit müqaviləsinə əsasən təmin edilməmiş əsas borc üzrə dəymiş zərər 6907,25 (altı min doqquz yüz yeddi manat, 25 qəpik) manat təşkil edir, öhdəliklərini vaxtında icra etmədiyi üçün 09.09.2020-ci il tarixədək 25838,96 (iyirmi beş min səkkiz yüz otuz səkkiz manat, 96 qəpik) manat faiz borcu, Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 14653,34 (on dörd min altı yüz əlli üç manat, 34 qəpik) manat olmaqla cəmi 47399,55 (qırx yeddi min üç yüz doxsan doqquz manat, 55 qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış fayda hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə (Öhdəlik anlayışı) əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Mübahisələndirilən qətnamədə məhkəmə bütün bu qeyd olunanları nəzərə almamışdır. Bildirir ki, iddiaçı təşkilat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərərək ölkənin aqrar sektoruna bütün növ bank xidməti göstərən dayanıqlı, mənfəətli maliyyə kredit institutuna çevrilməsi, aqrar-bizneslə məşğul olan kiçik və orta sahibkarlığın kreditləşdirilməsini həyata keçirməklə regionların iqtisadi inkişafına dəstək verməsi, maliyyə resurslarına çıxışı məhdud olan kiçik şəxsi təsərrüfata malik kənd əhalisinin maliyyə vəsaitlərinə olan ehtiyacını qarşılanması, öz daxili imkanları hesabına regionlarda kreditə tələbatın minimuma endirilməsi, iqtisadi fəallığın və əhalinin rifah halının yüksəldilməsinə və son nəticədə ölkədə yoxsulluğun azaldılmasına nail olunmasına köməklik göstərməsi istiqamətində işləri həyata keçirir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə "Aqrarkredit” QSC arasında 11.08.2015-ci il tarixli və 21.04.2015-ci il Müqavilələr bağlanmışdır. Həmin Müqavilələrin icrasının təmin etmək məqsədilə "xxxx" QSC müvafiq maliyyə təşkilatları qarşısında borclanmışdır və həmin borclar iddiaçı təşkilat tərəfindən razılaşdırılmış kredit faizi hesablanmaqla qaytırılması öhdləyi götürmüşdür. Zamanında ödənilməyən borclar nəticəsində təşkilat maliyyə çatışmamazlıqları ilə üzləşərək ziyana uğramışdır. Hazırda mübahisləndirilən qətnamədə məhkəmə maddi hüquq normalarına istinad etsə də heç bir hüquqi əsas göstərməmişdir. Məlumat üçün bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(103)-6245/2021 saylı qətnaməsində də qeyd edilən hal nəzərə alınmış, (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrininin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümükün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”) iddiaçının əldən çıxmış faydanı Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablayıb, bu hesablama Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə zidd olmadığını bildirmişdir. Ali Məhkəmənin 18.10.2021-ci il tarixli, 2(102)- 5237/21 saylı qərarında da qeyd edilən hallar nəzərə alınmış və kasassiya instansiyası məhkəməsinin mövqeyində qeyd edilmişdir ki, (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, iddiaçının iddia tələbindən kreditorun müqavilənin müddəti bitdikdən sonrakı müddətdə kredit borcunun qaytarılmasına görə dəymiş zərəri borcludan tələb edir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olduğu və icranın borclu tərəfindən gecikdirilməsi ona görə yol verilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edildiyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunan banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərdiyi və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etdiyini, buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq, əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7- ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrininin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında bankın hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ təsbit edilmiş və bu zərərin tərkibinə həm MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər həm MM-in 21.2-ci maddəsinə əsasən Bankın, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir. Bundan əlavə iş materiallarında olan 09.09.2020-ci il tarixli arayışdan Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh kredit müqaviləsinə əsasən təmin edilməmiş əsas borc üzrə dəymiş zərər 6907,25 (altı min doqquz yüz yeddi manat,25 qəpik) manat təşkil edir, öhdəliklərini vaxtında icra etmədiyi üçün 09.09.2020-ci il tarixədək 25838,96 (iyirmi beş min səkkiz yüz otuz səkkiz manat, 96 qəpik) manat faiz borcu, Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 14653,34 (on dörd min altı yüz əlli üç manat,34 qəpik) manat olmaqla cəmi 47399,55 (qırx yeddi min üç yüz doxsan doqquz manat, 55 qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış fayda hesablandığı açıq şəkildə göstərilsədə, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, cavabdehin 22.11.2021-ci il tarəxədək öhdəliyini icra etməməsi onu sübut edir ki, borc öhdəliyi cavabdehin üzərindədir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(028)-93/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin S-FK-1094 saylı, 11.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh kredit borcları barədə maliyyə arayışından görünür ki, "xxxx" ASC-yə cəmi borc (kredit) 43938,96 manat, əsas borc (kredit) 18100 manat, faiz borcu (kredit) 25838,96 manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19.06.2008-ci il tarixli, 635/01 saylı kredit müqaviləsi üzrə 18.100 manat əsas borc,15723 manat faiz borcu, 22500 manat dəbbə pulu, cəmi 54378 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsi əsas, cərimə borcuna və torpaq sahəsinin həcminə dair dəyişdirilmiş, 11192,71 manat əsas borc, 100 manat cərimə borcu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir.Faiz borcuna dair hissədə iddia rədd olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarı ilə ipoteka predmetinin ilkin satış qiymətinin 166000 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə kredit müqaviləsi 19.06.2008-ci il tarixdə 12 ay müddətinə bağlanılmış və iddiaçı 2009-cu ildə cavabdehin onun qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə tutmanı ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində 01 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı 15 saylı yaşayış evinə yönəldilməsi tələbi ilə müraciət etməli olduğu halda bunu etməmişdir. Cavabdeh 19.06.2008-ci il tarixdə 12 ay müddətinə 100000 manat məbləğində kredit götürmüş və öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 01 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 15 saylı yaşayış evini banka ipotekaya qoymuşdur. Məhkəmədə ipotekaya qoyulmuş evə tutmanın yönəldilməsi və ipoteka predmetinin satışının həyata keçirilməsinə dair cavabdeh tərəfindən hər hansı maneə törədilməsini təsdiq etmiş hərəkətlər müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddia tələbinin əsssız olduğundan təmin edilməməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-ci maddələsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunmuşur ki, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:- qanunsuz saxlama;qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Abşeron Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.01.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunmuş hərəkətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-in 269-cu maddəsinə müvafiq olaraq, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi 19.06.2008-ci il tarixdə 12 ay müddətinə bağlanılmış, Cavabdeh 19.06.2008-ci il tarixdə 12 ay müddətinə 100000 manat məbləğində kredit götürmüş və öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 01 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 15 saylı yaşayış evini banka ipotekaya qoymuşdur. İpotekaya qoyulmuş evə tutmanın yönəldilməsi və ipoteka predmetinin satışının həyata keçirilməsinə dair cavabdeh tərəfindən hər hansı maneə törədilməsinə dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onların hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı təşkilat apellyasiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilməmiş hissəsinə görə də yaranmış dəymiş zərəri tələb edir ki, buda qanunvericiliyə ziddir. Belə ki, həmin hal üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi xahiş edilsə də şikayət əsaslandırılmamış, buna dair hər hansı bir sübut təqdim etməmişlər. Apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdılırılaraq qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qubadlı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(028)-93/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı BOKT İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar