Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-613/2023 05.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-382/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-7156/2021 saylı mülki iş materialları tədqiq edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianın baxılmamış saxlanıldığı, cavabdehin həmin mülki iş üzrə dindirilmədiyi müəyyən edildi. İddiaçı tərəfin vəsatəti və cavabdehin razılığı ilə audiodisk tədqiq edildi, cavabdeh səs yazısının ona məxsus olduğunu göstərdi, tərəflər arasında borc münasibətləri olduğu müəyyən edilsə də, həmin səsyazısında iddia olunan borc məbləğinin miqdarı ilə bağlı məlumat əldə etmək mümkün olmadı. Abşeron RPŞ-nin İstintaq və Təhqiqat Qrupunun 13 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, X2 şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, 2018-ci ildə pula ehtiyacı olduğu üçün Aytəkindən müxtəlif vaxtlarda 2000 manat bir, 1000 manat bir, 2000 manat bir, 2018-ci ilin iyul ayında isə Gülnarənin iştirakı ilə 5000 manat pulu 10 faizdən götürmüşdür. O, müxtəlif vaxtlarda Aytəkindən ümumilikdə 10000 manat pul almış və həmin məbləğin 5000 manatını Gülnarənin vasitəsilə, qalan 5000 manatı isə Aytəkinin xaricdə olması səbəbindən sonuncunun istəyi ilə Aytəkinin dayısı arvadı Sədaqətə verməsini istəmişdir. O isə həmin məbləğin 3000 manatını Sədaqətə vermiş, geri qalan 2000 manatı isə müxtəlif vaxtlarda faizi ilə birlikdə taksi ilə evlərinə göndərmişdir. O, əlavə olaraq Aytəkinə borcunun olmadığını, sonuncunun razılığı ilə aldığı qızıl-zinət əşyalarını isə Sumqayıt şəhərində yerləşən banka girov qoyub pul götürdüyünü, qısa bir zamanda həmin qızıl-zinət əşyalarını götürüb geri qaytaracağını qeyd etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən verdiyi 100 qr İtaliya istehsalı, 5000 manat dəyərində olan qızıl-zinət əşyaları, 49080 manat borc məbləği və ödənilmiş 253 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən vermiş olduğu qızıl əşyalarının dəyərinin əvəzi olaraq 5000 manat və 49080 manat borc məbləğinin, ödənilmiş 253 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan toyda taxmaq adı ilə özünə məxsus olan 5000 manat dəyərində olan qızıllarını almış və geri qaytarmamışdır. Həmin qızıllar hər biri 750 əyyar, cəmi 100 qr və İtaliya istehsalı idi. Daha sonra cavabdeh ondan ayrı-ayrı vaxtlarda 2500 euro, yəni 4900 manat, 5400 ABŞ dolları-yəni 9180 manat və 35000 manat borc pul almış, lakin aradan xeyli müddət keçməsinə baxmayaraq hələ də geri qaytarmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək verdiyi qızılları və pul məbləğini geri qaytarmasını istəsə də cavabdeh hər dəfə müxtəlif bəhanlərlə pul məbləğini qaytarmamışdır. Qeyd edir ki, cavabdehin ondan qızıl alması və pulunu ödəyəcəyinə dair öhdəlik götürməsi ilə bağlı səs yazıları da var. Buna baxmayaraq, cavabdeh aldığı qızıldan və pul məbləğini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 10000 manat borc və qızıl əşyalarının əvəzi olaraq 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manatın alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim A.M.Süleymanova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 5000 manat dəyərində qızıl əşyaları və müxtəlif vaxtlarda borc pul almışdır. İddiaçı tərəf borc məbləğinin və qızıl əşyalarının dəyərinin ödənilmədiyini iddia edir və ödənilməsini tələb edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, qızıl əşyalarının dəyərinin əvəzi olaraq 5000 manat pulun ödənilməsini qəbul etdiyini göstərmişdir. Məhkəmə iddianın qəbul edilmiş hissədə etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddianı qismən etirafı məhkəmə tərəfindən qəbul edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı tərəf cavabdehə müxtəlif vaxtlarda 49080 manat məbləğində borc pul verildiyini iddia etmiş və iddianı əsaslanıdığı hallarla bağlı tərəflər arasında telefon danışıqları olan audiodiskə və bundan öncə eyni predmetlə bağlı tərəflər arasında məhkəmə çəkişməsi olmasına, həmin vaxt cavabdeh tərəfindən borc məbləğinin etiraf olunmasına, eləcə də polis bölməsində aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş izahata istinad etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh göstərilən 10000 manatı qaytardığını bildirsə də, etirazını əsaslandırdığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmədə dindirilmiş şahid ifadələrinə gəlincə məhkəmə qeyd etmişdir ki, həmin şahid ifadələri ilə nə iddiaçının iddia tələbinin əsası olan hallar, nə də cavabdeh tərəfindən göstərilmiş xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin «Öhdəliklərin icrası» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 882, 882.5-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onların arasında borcla bağlı danışıqlar aparılsa da və həmin danışıqların mətni məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən tədqiq edilsə də danışıqların məzmunu məhkəmə tərəfindən düzgün tədqiq edilməmiş və danışıqların məzmununda olan cavabdehin borcun etirafı ilə bağlı sözləri iddia tələbinə hüquqi qiymət verilərkən nəzərə alınmamışdır. Cavabdeh öz ifadəsində ona borclu olduğunu etiraf etmiş, şahidlər də ifadələrində ona borclu olduğunu təsdiq etmişlər. Buna baxmayaraq işə baxan məhkəmə tərəfindən bu hallar nəzərə alınmadan həmin sübutlar iddia tələbinə dair qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1161/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin borc hissəsində ləğv ediməsi, cavabdehdən 44000 manat borc və qızıl əşyalarının əvəzi olaraq 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manatın alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, T.Quliyev). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda pulun götürülməsi, təqribən 37000 manat pulun qaytarılması və hazırda 7000 manat borcun qalmasını etiraf etmişdir. Lakin 37000 manatı qaytardığını bildirsə də etirazını əsaslandırdığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmədə dindirilmiş şahid ifadələrinə gəlincə məhkəmə qeyd etmişdir ki, həmin şahid ifadələri ilə nə iddiaçının iddia tələbinin əsası olan hallar, nə də cavabdeh tərəfindən göstərilmiş xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə, araşdırma zamanı tədqiq olunan sübutlarla cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda borc alması, həmin borcdan 37000 manat borc qaytarılması, hazırda 7000 manat faiz borcunun qalması və 5000 manat dəyərində qızıl əşyalarını alması öz təsdiqini tapdığından həmin hissədə iddianın təmin edilməsini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə, cavabdehin etirazına gəlincə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Cavabdehin etirazının əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 191.3, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5691/2022 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli 2(105)-1161/2022 nömrəli qətnaməsi ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (hakimlər Vüqar Həsənov (məruzəçi), İspəndiyar Şəfiyev, Əhməd Əhmədov). Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi yaranmış qeyri-müəyyənlik halında iddiaçı ilə cavabdeh arasında borc öhdəliyinin həcmini müəyyən etməli, bu münasibətlərin nə vaxtdan başlanması, borcun bir hərəkətlə və ya hissəhissə verilməsini (müəyyən olunsa ki, borc hissə-hissə verilmişdir, bu vəziyyətdə öhdəliklərin qismən və ya tam icra edilib-edilməməsi) müəyyən etməli olmuşdur. Eyni zamanda iddiaçının apellyasiya icraatında 37000 borclu olmasını deyil, həmin məbləğlə pul qaytarmasını göstərməsini, həmin vaxta 7000 manat həddində borcunun mövcud olmasına dair işin hallarını ümumiyyətlə qiymətləndirmədən kənarda qoymuş, yalnız formal olaraq həmin icraatda suala verilmiş cavabda ifadə olunmuş fikirləri etiraf olaraq qəbul etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə tətbiq etdiyi Mülki Məcəllənin 882-ci maddəsini düzgün tətbiq və təfsirini müzakirə etməli, etirafın prosessual qanunvericilin göstərilən tələbələrinə uyğunluğunu yoxlamalı idi. Qərar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 386.1, 390.1, 404.1, 404.2, 425, 442, 445.2.1, 739.1, 882.1 və 882.4-cü maddələrinə istinad edərək əsaslandırılmışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 oğl apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdilər. Cavabdeh əlavə olaraq bildirdi ki, iddiaçı ona qızıllarını toya taxmağı məqsədi ilə deyil, ona faizə pul verən zaman vermişdir. Belə ki, pulu olmadığından onun əvəzində qızıllarını vermişdir. Həmin qızılları lombarda qoyaraq 5 faiz ona, 5 faiz isə özünə verməyi şərti ilə 10 faizlə vermiş, qızıl batdığından iddiaçı hazırda qızılın əvəzinə onun dəyərini istəyir. İddiaçıdan 10000 borc pul almışdır. Həmin pulu hissə-hissə götürmüşdür (ayrı-ayrılıqda 5000, 3000 və 2000 manat). 15000 manatdan heç nə geri qaytarmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz. Apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 382/2022 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Mübahisəli məsələ verilmiş borcun məbləği və onun qaytarılıbqaytarılmamasıdır. Nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı ona qızıllarını toya taxmağı məqsədi ilə deyil, ona faizə pul verən zaman vermişdir. Belə ki, pulu olmadığından onun əvəzində qızıllarını vermişdir. Həmin qızılları lombarda qoyaraq 5 faiz ona, 5 faiz isə özünə verməyi şərti ilə 10 faizlə vermiş, qızıl batdığından iddiaçı hazırda qızılın əvəzinə onun dəyərini istəyir. İddiaçıdan 10000 borc pul almışdır. Həmin pulu hissə-hissə götürmüşdür (ayrı-ayrılıqda 5000, 3000 və 2000 manat). 15000 manatdan heç nə geri qaytarmamışdır. Bundan başqa cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıya 10000 (on min) manat və qızıl-zinət əşyalarının dəyəri həddində 5000 (beş min) manat borcunun mövcudluğunu qəbul etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı iddiaçının mübahisələndirdiyi ümumilikdə 39080 manat məbləğində pulun cavabdehə borc kimi verilməsi öz təsdiqini tapmadığından, qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-382/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-613/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-613/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver