Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-613/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(060)-3122/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus “Toyota RAV 4” minik markalı, **-RK- *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə dəymiş maddi ziyan olaraq 23.065 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7-ci kilometrində idarə etdiyi “Mercedes-Benz E230” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almaq texniki imkanı olsa da ala bilməyib qarşıda yolun sağında dayanaqlı vəziyyətdə olan X3 məxsus “Toyota RAV 4” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil və digər şəxslərə məxsus avtomobil və mopedlə toqquşaraq ona və digər şəxslərə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə şöbədə müvafiq təhqiqat aparılmış, lakin iş üzrə zərərçəkmiş şəxs X1, hazırki iş üzrə Cavabdeh ilə barışması və ona dəymiş ziyanın ödənilməsi əsası ilə toplanmış material üzrə 14 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rəd edilməsi və Ə.M.Balacanov barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdehin hüquqazidd, təqsirli hərəkəti ilə ona məxsus avtomobilə ziyan vurması faktı yuxarıda qeyd edilən təhqiqat materialı və qərarla öz təsdiqini tapmışdır. "xxxx" MMC-nin 16 fevral 2023-cü il tarixli texniki müayinədən keçirilmiş avtonəqliyyət vasitələrinə nöqsan aktına əsasən, hadisə zamanı “Toyota RAV 4” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş və yararsız hala düşmüş hissələri 17.265 manat dəyərində qiymətləndirilmiş, eləcə də "xxxx" MMC-nin 31 mart 2023-cü il tarixli arayışına əsasən avtomobil zədələndikdən sonra onun bazar dəyərinin 5800 manatdan 6500 manatadək itirildiyi qeyd olunmuş, ümumilikdə ona 23065 manat AZN (17265 + 5800 = 23065) dəyərində maddi ziyan dəymişdir. Həmin zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq vurulmuş maddi ziyan bu günədək ödənilməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 007 nömrəli, 31 mart 2023cü il tarixli məlumatdan görünür ki, zədələndikdən sonra zədələnmiş bütün hissələri, eləcə də qəzadan sonra kuzovun vəziyyətini nəzərə alaraq, kuzovun zədələnmiş və rəngləmiş hissəllərini nəzərə alaraq, təmirdən sonra “Toyota RAV-4” markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomobili bazar dəyərindən 5800 manatdan 6500 manatadək itirilir.
5. İşdə olan 16 fevral 2023-cü il tarixli texniki müayinədən keçirilmiş avtonəqliyyat vasitələrinə nöqsan aktından görünür ki, İddiaçı məxsus olan avtomaşınların vəziyyətini müəyyən etmək texniki baxış keçirilmiş dəmirçi işləri və armatur işi 2500 manat, boya işləri 1700 manat, hissələr 13065 manat, cəmi 17265 manat məbləğ hesablanmışdır.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5504 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Rav-4 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16240 manat müəyyən edilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(060)-3122/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia qismən təmin edilərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə, ekspert rəyi nəzərə alınmaqla 16240 (on altı min iki yüz qırx) manat vurulmuş zərərin əvəzi tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 160 manat dövlət rüsumunun 138.72 manat hissəsinin Cavabdeh tutularaq İddiaçına ödənilməsi, qalan 21.28 manat hissəsinin isə iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğin 70.4 (yetmiş manat qırx qəpik) manat hissəsinin Cavabdeh, 29.6 (iyirmi doqquz manat altmış qəpik) manat hissəsinin isə İddiaçından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yolnəqliyyat hadisəsi baş verdiyindən və bunun nəticəsində iddiaçıya maddi zərər dəydiyindən, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5504 nömrəli ekspert rəyinə əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Rav-4 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16240 manat məbləğində müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82.4, 217.3, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 18 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 12,7-ci kilometrində idarə etdiyi “Mercedes-Benz E230” minik markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” AR Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını ala bilməyərək, qarşıda yolun sağında dayanaqlı vəziyyətdə olan X3 məxsus “Toyota RAV 4” minik markalı,**-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil və digər şəxslərə məxsus avtomobil və mopedlə toqquşaraq iddiaçıya və digər şəxslərə maddi ziyan vurmuşdur. "xxxx" MMC-nin 16 fevral 2023-cü il tarixli texniki müayinədən keçirilmiş avtonəqliyyat vasitələrinə nöqsan aktına əsasən, hadisə zamanı “Toyota RAV 4” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş və yararsız hala düşmüş hissələri 17.265 manat dəyərində qiymətləndirilmiş, eləcə də "xxxx" MMC-nin 31 mart 2023-cü il tarixli arayışına əsasən avtomobil zədələndikdən sonra onun bazar dəyərinin 5800 manatdan 6500 manatadək itirildiyi qeyd olunmuş, ümumilikdə iddiaçıya (17265 + 5800=23065) dəyərində maddi ziyan dəymişdir. Lakin bu məbləğlə razı deyildir. Belə ki, avtomobildə “krıla”, ”kapot”, “rəng” və 3-5 detal dəyişilməlidir. 40.000 manat maşının qiymətidir. 17.000 manat pul tələb olunur. Məbləğ həddindən artıq şişirdilmişdir. Ekspert rəyini qəbul etmir. Belə ki, avtomobili qəza törədən zaman görməmişdir. Ancaq videoda görmüşdür. Məhkəmə prosesi zamanı video görüntülərini tələb etsə də, ona təqdim edilməmişdir. Ekspert rəyini qəbul etmir, yenidən ekspertiza keçirilməsini istəyir. Düşünür ki, yenidən ekspertiza keçirilərsə ekspertizanın müəyyən etdiyi məbləğin hansı dərəcədə şişirdilməsi aydınlaşdırıla bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)
16. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
18. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması və vurulmuş zərəri ödəməli olması işin mübahisəsiz halıdır. Mübahisələndirilən hal vurulmuş zərərin məbləği ilə bağlıdır.
30. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5504 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Rav-4 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16240 manat müəyyən edilmişdir.
31. Cavabdeh apellyasiya şikayətində dəymiş zərərin məbləğini mübahisələndirsə də, iddiaçıya məxsus 2021-ci il buraxılışlı “Toyota Rav-4 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarının iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair rəydə göstərilən məbləğdən az olması, işdə olan ekspert rəyinin əsassız, işin hallarına görə kifayət qədər aydın və tam olmamasının nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.
32. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/1006 nömrəli rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
34. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
36. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(060)-3122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.