Məhkəmə qərarları › İş №2(105)-617/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-617/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-617/2025 10.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, cavabdeh Mürsəlova (Sadayeva) İradə Azad qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Mürsəlova (Sadayeva) İradə Azad qızına qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin e-2(026)-17/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh Sadayeva (Mürsəlova) İradə Azad qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) iddianın təmin edilməsi, Cavabdeh 28 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 10351,01 manat məbləğində əsas borc, 116,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 10467,3 manat məbləğində pul vəsaiti, 121,4 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh Mürsəlova (Sadayeva) İradə Azad qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 10351,01 manat əsas borc, vəfat etdiyi tarixə 116,29 manat faiz borcu olmaqla, cəmi 10467,3 manat borcun, ödənilmiş 121,4 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Sabunçu filialı ilə X4 arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 48 ay müddətinə illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 12000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 22 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 16 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş 10351,01 manat əsas borcu, vəfat etdiyi tarixə 116,29 manat faiz borcu olmaqla, cəmi 10467,3 manat borcu qalmışdır. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 121,4 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Mürsəlova (Sadayeva) X5 Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsini qismən – borcun 10467,3 manat ödənilməsi dəyişdirilərək borcun 1544,02 manat məbləğində ondan tutulmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin qətnaməsi ilə razı deyil və onu qanunsuz hesab edir. Məhkəmə qətnamə çıxararkən işdə olan materialları, bank sənədlərinin siyahısını sadalayaraq Mülki Məcəllənin 385.1, 386.1-ci maddəsinə istinad edərək qeyd edir ki - öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa məhkəmə, Mülki Məcəllənin 739, 442, 448-ci maddələrinə istinad edərək qeyd edir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Halbuki, bu normalar və iddia təmin edilərkən qətnamədə Mülki Məcəllənin öhdəliklərin icrasına dair 442, 448-ci və vərəsəliyə aid 1306.1-ci maddələrinə istinad edilməsi də iddianın tam əsaslılığını sübut etmir. Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllə 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 4 iyun tarixli Qərarını və "Mülki Məcəllə 269.1, 269.5, 460.1 və 1306.1 maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 19 aprel 2023-cü il Qərarını da iddianın tam təmini üçün əsas hesab edən məhkəmə bu normaları da düzgün tətbiq etməmişdir. Çünki, MM-nin 1306-cı maddəsinin normasına görə ölmüş borclunun kreditor qarşısında məsuliyyətinin həddi miras əmlakın həddi ilə məhdudlaşır. O isə qətnamədə qeyd olunan kimi şəhadətnamə ilə verilən miras əmlak kimi yalnız 1544,02 manat pul vəsaitini almış və iddiaçının tələbini yalnız bu həddə ödəyə bilər. Hazırda əldə etmiş olduğu, 14 saylı Şamaxı Ərazi İdarəsinin 3 mart 2025-ci il tarixli arayışından da göründüyü kimi yalnız JN-415, kod 30710018 saylı torpağa mülkiyyət hüququna dair aktla Qobustanda 9 nəfər ailə üzvünə verilmiş aktda miras qoyanın yalnız 1 payı vardır, bu da cəmi 0,41 ha təşkil edir, hansı ki həmin sahələr elə bir dəyərə malik deyil və satışı da çox çətindi, çünki arayışdan da göründüyü kimi bu 0, 41 ha 4 yerdə yerləşir, hissə hissədi. AR DİN Qobustan rayon Pİ-nin 15 fevral 2025-ci il tarixli arayışından da göründüyü kimi miras qoyanın mülkiyyətində və ya istifadəsində heç bir nəqliyyat vasitəsi də yoxdur. Beləliklə, məhkəmə maddi hüquq normasını pozmuş, onları düzgün və tam tətbiq etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Mürsəlova (Sadayeva) İradə Azad qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni mərhum X2 qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilməsi ilə əsaslandırmışdır. Cavabdeh İradə Mürsəlova (Sadayeva) birinci instansiya məhkəməsinin gəldiyi nəticədən apellyasiya şikayəti verərək, 1544,02 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, mərhum X2 "xxxx" ASC-nin Sabunçu filialı ilə bağlamış olduğu 28 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, Kəklik Sadayeva 22 noyabr 2021-ci il tarixdə ölmüş, 03 iyun 2022-ci il tarixli vərəsəlik işi açılmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən mübahisələndirilmiş və borcun miras əmlakın həddi miqdarında tutulmasını xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş materiallarına əlavə edilmiş 14 saylı Şamaxı Ərazi İdarəsinin 3 mart 2025-ci il tarixli arayışından da göründüyü kimi JN-415, kod 30710018 saylı torpağa mülkiyyət hüququna dair aktla Qobustanda 9 nəfər ailə üzvünə verilmiş aktda miras qoyanın 1 payı vardır, bu da cəmi 0,41 ha təşkil edir. Göründüyü kimi, qanunvericilik Mülki Məcəllənin 1307-ci maddəsində miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin, hazırkı iş üzrə cavabdehin üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum Kəklik Sadayevadan qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmir. Bu baxımdan da mərhum anasının borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, formal mülahizələrlə kifayətlənmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar