Məhkəmə qərarları › İş №2(105)-619/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-619/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-619/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-99/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şuşa Rayon Məhkəməsinin 2(077)-99/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli, 20/33 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 55198,50 (əlli beş min bir yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində əsas borc, 550 (beş yüz əlli) manat məbləğində cərimə borcu, 100 (bir yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 55868,50 (əlli beş min səkkiz yüz altmış səkkiz manat əlli qəpik) manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.(Cəmilə Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin 2(077)-99/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciər edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020- ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsinə əsasən 55198,50 (əlli beş min bir yüz doxsan səkkiz manat əlli qəpik) manat məbləğində əsas borcun, 6127 (altı min yüz iyirmi yeddi) manat məbləğində cərimə borcu,150 (bir yüz əlli) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla,cəmi 61505,50 (altmış bir min beş yüz beş manat əlli qəpik) manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 02.02.2016-cı il tarixdə təsis edilmiş və Cəmiyyət mineral gübrə və pestisidlərin,o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı MMC ilə Cavabdeh arasında 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC alıcını,yəni Cavabdeh bu müqavilənin əlavələrində qeyd olunmuş məhsulla təmin etməyi, Cavabdeh isə həmin malı qəbul edib, hər ay bərabər hissələrlə olmaqla 3 aydan gec olmamaq şərtilə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən ümumilikdə 3520 manat məbləğində ödəniş edilmiş və 9933 manat məbləğində olan mallar geri qaytarılmışdır. Cavabdehin imzaladığı alqı-satqı müqaviləsinə görə 19.01.2021-ci il tarixə əsas borcu 55198,50 manat və müqavilənin 5.3-cü bəndinə əsasən cərimə borcu 6127 manat hesablanmışdır. Qalıq borcunun ödənilməsi barədə 29.12.2020-ci il tarixdə AG92/20 saylı xəbərdarlıq məktubu göndərilmiş,lakin cavabdeh öhdəliklərini lazımi qaydadaicra etməmişdir. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onun izahatında qeyd etdiyi hallara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh iddiaçıya həqiqətən də borcu olmasını etiraf edir və bildirir ki, yaranmış borcun ödənilməməsinə səbəb pandemiya ilə əlaqədar yaranmış ağır şərtlər, həmçinin Rusiya Federasiyası tərəfindən sərhədlərin bağlanması nəticəsində fermerlərə böyük maddi ziyanın dəyməsi kimi hallardır ki, cavabdeh də bu halların nəticəsində maddi ziyana uğramış və onun maddi imkanı ağırlaşmışdır. Bununla belə cavabdeh öz yaxınlarından əldə etdiyi əmlakları sataraq, iddiaçıya olan borcdan müəyyən qədər ödəniş etmişdir. Lakin iddiaçı həmin ödənişlərin hesablanması qaydasını pozduğundan borc məbləği yüksək həddə qeyd edilmişdir. Məhkəmə tərəfindən heç bir ekspertiza təyin edilməmiş, iş üzrə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Ona görə də qətnamə ləğv edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, borclarını etiraf edirlər, lakin müəyən zaman lazımdır ki, həmin borcları ödəsinlər. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən alıcının bu müqavilənin əlavələrində qeyd olunmuş məhsulla təmin edilməsi,alıcı tərəfindən isə hər ay bərabər hissələrlə olmaqla 3 aydan gec olmamaq şərtilə malın dəyərini qaytarması müqavilənin predmetini təşkil etmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında Satıcı Alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1% miqdarında cərimə tələb edə bilər. Yenə işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.06.2020-ci il tarixli, 001 saylı qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilə Cavabdeh aşağıda qeyd edilən: ümumi qiyməti 11232 manat çəkisi 4800 kq olan Nova MAP 12-61-02,ümumi qiyməti 6657,60 manat çəkisi 2400 kq olan Nova Peak 0-52-34,ümumi qiyməti 6615 manat çəkisi 7000 kq olan Nova Mag S, ümumi qiyməti 5600 çəkisi 4000 kq olan Nova Mag N, ümumi qiyməti 10058,40 çəkisi 3600 kq olan Polyamix 18-18-18 və ümumi qiyməti 6360 manat çəkisi 3000 kq olan Nova NK 13-0-46 malların qiyməti və miqdarı barədə razılığa gəlmişlər. Yenə də işdə olan İddiaçı MMC-nin 29.06.2020-ci il tarixli 087 saylı qaiməfakturasından görünür ki, İddiaçı MMC 29.06.2020-ci il tarixdə ümumi qiyməti 46523 manat olan məhsulu Cavabdeh təhvil vermişdir. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.07.2020-ci il tarixli, 002 saylı qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilə Cavabdeh aşağıda qeyd edilən: ümumi qiyməti 5088 manat çəkisi 2400 kq olan Nova NK 13-0-46 və ümumi qiyməti 53 manat çəkisi 25 kq olan Potassium Nitrate 13-0-46 malların qiyməti və miqdarı barədə razılığa gəlmişlər. Yenə işə əlavə edilmiş İddiaçı MMC-nin 20.07.2020-ci il tarixli 097 saylı qaiməfakturasından görünür ki, İddiaçı MMC 20.07.2020-ci il tarixdə ümumi qiyməti 5141 manat olan məhsulu Cavabdeh təhvil vermişdir. Yenə də işə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.08.2020-ci il tarixli 003 saylı qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilə Cavabdeh aşağıda qeyd edilən: ümumi qiyməti 16960 manat çəkisi 8000 kq olan Nova NK 13-0-46 və ümumi qiyməti 27,50 manat çəkisi 25 kq olan Nova Ca malların qiyməti və miqdarı barədə razılığa gəlmişlər. İşdə olan İddiaçı MMC-nin 04.08.2020-ci il tarixli 107 saylı qaimə-fakturasından görünür ki, İddiaçı MMC 04.08.2020-ci il tarixdə ümumi qiyməti 16987,50 manat olan məhsulu Cavabdeh təhvil vermişdir. Yenə işdə olan İddiaçı MMC-nin 28.10.2020-ci il tarixli 010 saylı qaytarma qaiməsindən görünür ki,Cavabdeh 28.10.2020-ci il tarixdə ümumi qiyməti 9933 manat olan məhsulu İddiaçı MMC-yə geri qaytarmışdır. Yenə də İddiaçı MMC-nin 27.07.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə əldə etdiyi məhsulun dəyərindən 1020 manat məbləğində ödəniş etmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-nin 13.11.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə əldə etdiyi məhsulun dəyərindən 2500 manat məbləğində ödəniş etmişdir. Yenə işə əlavə edilmiş İddiaçı MMC-nin 19.01.2021-ci il tarixli AG-09/21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsi üzrə 19.01.2021-ci il tarixinə İddiaçı MMC qarşısında yerinə yetirilməmiş öhdəliyi 55198,50 manat əsas borc və 6127 manat cərimə borcu təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-99/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli, 20/33 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 29.06.2020-ci il tarixdə ümumi qiyməti 46523 manat olan məhsulu, 20.07.2020-ci il tarixdə ümumi qiyməti 5141 manat olan məhsulu və 04.08.2020-ci il tarixdə ümumi qiyməti 16987,50 manat olan məhsulu təhvil vermişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə iddiaçıdan məhsul almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin məhsulların dəyərinin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhsulun alınmasına baxmayaraq, cavabdeh dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Buna görə də iddiaçının həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə tələbi əsaslı hesab olunmalıdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdətutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının borcunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır və idiaçının iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən iddiaçının maliyyə arayışı ilə təsdiq olunur. Cavabdehin apellyasiya şikayətində müqavilə üzrə borcun yaranmasının pandemiya ilə əlaqədar yaranmış ağır şərtlər, həmçinin Rusiya Federasiyası tərəfindən sərhədlərin bağlanması nəticəsində fermerlərə böyük maddi ziyanın dəyməsi ilə əlaqələndirməsi tamamilə əsassızdır. İşdən görünür ki, borclu cüzi ödəniş etməklə müqavilə öhdəliyini yerinə yetirməmişdir. Hesablanmış borc məbləği aşkardır. Bu məbləğdən aşağı həddə borcunun olması barədə isə cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-99/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar