Məhkəmə qərarları › İş №2(105)-619/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-619/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-619/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-2803/2022 nömrəli 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 300821- 70597/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 1 (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə ilə 2503,83 manat məbləğində kredit vermişdir. xx.xx.2019-cu il tarixli 300821-70597/10 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi üçün zamin durmuşdur. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə borcalanın banka 1781,11 manat əsas borc və 18.22 manat faiz borcu olmaqla, cəmi 1799,33 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 363 gün təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1781,11 manat məbləğində əsas, 18,22 manat faiz borcu və 38,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh arasında bağlanmış istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1%olmaqla 2503,83 manat məbləğdə kredit verilmişdir. Digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-2803/2022 nömrəli 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1781,11 manat məbləğində əsas, 18,22 manat faiz borcu və 38,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Anar Sadıqov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389, 390.1, 397.1,398.1, 399, 405.1, 406, 425.1 və 442-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77 və 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2803/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İşdə olan sənədlərdən və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinin təsviri hissəsindən göründüyü kimi məhkəmə tərəfindən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Lakin Xaçmaz Rayon Məhkəməsi hazırkı mülki işə cavabdehlərin iştirakı olmadan, yəni qiyabi icraat qaydasında baxmasına baxmayaraq, qiyabi qətnamə çıxarmaq əvəzinə, qətnamə çıxarmış və bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən bankdan borcun və faizlərin hesablanmasına dair açıqlama cədvəli tələb edilməmiş, sübutlar düzgün qiymətləndirilməmiş və borcun hansı səbəbdən birdən birə belə fantastik dərəcədə şişməsi araşdırılmamışdır. Kredit müqaviləsinin şərtlərindən biri (öhdəliklərin vaxından əvvəl icra edilməsi tələbi) borc alan tərəfindən borcun və ya ona hesablanmış faizin ardıcıl 30 iş günü müddətində ödənilmədikdə, borcun müqavilənin bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə, kredit verilərkən və verildikdən sonra Borc alan tərəfindən kreditlə əlaqədar Kreditoru aldatmağa yönəldilmiş hər hansı bir hərəkətin edildiyi halda borc verən xəbərdarlıq etməklə cari müqaviləni ləğv edərək borcu hesablanmış faizlərlə birlikdə tam tələb etmək hüququna malik olduğu göstərilsə də, onun tərəfindən ödənişin uzun müddətdə gecikdirilməsinə baxmayaraq kreditor müqaviləni vaxtında ləğv etməmiş borcun və ona hesablanmış faizlərin tutulması üçün məhkəməyə vaxtında müraciət etməmiş və bununla da faizlərin əsassız şəkildə şişirdilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti başa çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borlu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qada nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Milli Bankın təlimatına əsasən əgər kreditor kreditin ödənilməsini ardıcıl olaraq 90 gün ərzində gecikdirərsə onda bank faizlərin hesablanmasısını dyandıraraq cavabdehə qarşı məhkəməyə ərizə verib cavabdehdən verilmiş kreditin və ona hesblanmış faizlərin tutulmasını tələb etməlidir. Hazırkı halda isə bank məhkəməyə iddia verməyərək müqaviləni vaxtında ləğv etməmiş borcun və ona hesblanmış faizlərin tutulması üçün məhkəməyə vaxtında müraciət etməmiş və bununla da faizlərin əsassız şəkildə şişirdilməsinə şərait yaratmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Əliyev X2 Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli e-2(067)-2803/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 iddiaçı bankdan illik 1 (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə ilə 2503,83 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 zamin durmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yarandığından o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 1781,11 manat əsas borc, 18,22 manat faiz borcu, 38,4 manat cərimə borcu olmaqla, cəmi 1799,33 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, habelə maliyyə arayışı ilə təsdiq olunur. Apellyasiya şikayətin dəlillərindən biri ondan ibarətdir ki, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmışdır, işə cavabdehlərin iştirakı olmadan, yəni qiyabi icraat qaydasında baxmasına baxmayaraq, məhkəmə qiyabi qətnamə çıxarmaq əvəzinə, qətnamə çıxarmış və bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göründüyü kimi, hazırkı tələb üzrə iddianın qiyməti 1799,33 manat olmaqla beş min manatdan azdır və birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına uyğun olaraq işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. Apellyasiya şikayətinin borcun fantastik dərəcədə və ona hesablanmış faizlərin əsassız şəkildə şişirdilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tələbdən görünür ki, iddiaçı bank 1781, 11 manat əsas borca 18,22 manat faiz borcu hesablamışdır ki, kollegiya həmin məbləği şişirdilmiş hesab etməməklə ağlabatan və əsas borca mütənasib hesab edir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli e- 2(067)-2803/2022 nömrəli qətnaməsi apellyant Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 394-1.3 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli e-2(067)-2803/2022 nömrəli qətnaməsi apellyant Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar