Məhkəmə qərarları › İş №2(105)-62/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-62/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-62/2021 17.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-1337/2019 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK-nın verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-1337/2019 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan 18.687 manat pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-1337/2019 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A, ev 7 mənzil 145 A ünvanda aldığı yaşayış sahəsinin çatışmayan 12 kv.metrinin dəyəri olan 18687 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 16 iyul 2015-ci il tarixdə "xxxx" MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 A ünvanda inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (59 m2) 41300 manata almışdır. İlkin ödəniş kimi X4 6200 manat ödəmiş, mənzilin dəyərinin qalan hissəsi isə "xxxx" ASC-dən ipoteka krediti alınaraq ödənilmişdir. İlkin ödəniş ediləndən sonra "xxxx" MTK-dan alınan mənzilin dəyərinin qalan hissəsini ödəmək üçün 16 iyul 2015-ci il tarixdə X4 "xxxx" ASC-dən 33318 ABŞ dolları İpoteka krediti alaraq "xxxx" MTK-ya ödəmişdir. 29 yanvar 2016-cı il tarixdə "xxxx" ASC X2 verdiyi ipoteka kreditini dolların manata olan məzənnəsinə uyğun çevirərək 40280 manat 84 qəpik olmasını müəyyən edərək, həmin məbləğdə onunla kredit müqaviləsi bağlanmış, hər ay 618 manat məbləğində pul ödənməsi müəyyən edilmişdir. S.Ələkbərova 29.10.2016-cı il tarixə kimi mütamadi olaraq ipoteka kreditini ödəmişdir.04 noyabr 2016-cı il tarixə S.Ələkbərovanın "xxxx" ASC-yə 39.060 manat kredit borcu qalığı olmuşdur. S.Ələkbərova ilə olan razılaşmaya görə ona 11000 manat nağd pul verməli, (onun banka ödədiyi pulun əvəzi kimi) bundan sonra onun adına olan ipoteka kredit müqaviləsi bank razılaşmasına əsasən adına keçirilməli və ipoteka kreditinin qalan hissəsini o, ödəməli oldu. "xxxx" ASCnin tələbi əsasında ilkin olaraq banka 5000 manat nağd pul ödədikdən sonra kreditin qalan 34060 manatı onun adına sənədləşdirildi və o kredit ödəməyə başladı. Eyni zamanda, 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK tərəflərin razılığı ilə S.Ələkbərovanın adına olan mənzil alqı-satqısı müqaviləsini dəyişərək onun adına sənədləşdirilmişdir. 04 noyabr 2016cı il tarixdə "xxxx" MTK-dan mənzilin alqı-satqısı haqqında 0025 saylı müqavilə əsasında MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 A ünvanda inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (müqavilə şərtlərinə görə 59 m2 təşkil etməli idi) 41300 manata sənədləşdirərək almışdır. Həmin mənzilin dəyəri MTK-ya "xxxx" ASC tərəfindən ipoteka krediti əsasında ödənilmişdir. Qeyd olunan mənzilin yaşayış sahəsi alqı-satqı müqaviləsində, eləcə də digər sənədlərdə 59 m2 ölçüdə olması göstərilmişdir. 2017-ci ilin noyabr ayında mənzildə təmir işləri yekunlaşdırılarkən tikinti ustaları tərəfindən mənzil ölçülmüş və mənzilin yaşayış sahəsinin faktiki olaraq 47 m2 olması müəyyən edilmişdir. Alıcı kimi mənzil satıcısı olan "xxxx" MTK tərəfindən aldadılmışdır. Belə ki, mənzilin yaşayış sahəsi 47 m2 olduğu halda, mənzil ona 59 m2 yaşayış sahəsi olan mənzil kimi satılmışdır. "xxxx" MTK qeyd olunan mənzillə bağlı bütün sənədlərində mənzilin 59 m2 yaşayış sahəsi olan mənzil kimi göstərmiş, o, da həmin mənzili 59 m2 yaşayış sahəsi olan mənzil kimi qəbul edib almışdır. O, ipoteka kreditini illik 13 faiz olmaqla 8 il 2 ay müddətinə (106 ay) almış, bu müddət ərzində banka 57193 manat 30 qəpik pul ödəməli, bundan 34060 manatı əsas borc kimi, 23133 manat 30 qəpiyi isə faiz kimi ödəməlidir. Bundan başqa, ilkin ödədiyi pulları, yəni 11.000 manat S.Ələkbərovaya verdiyi, 5.000 manat banka ilkin ödədiyi pulları nəzərə alıb, ümumilikdə hesablayanda məlum olur ki, həmin mənzilin dəyəri 73193 manat 30 qəpik təşkil edir. Yəni, 106 ay ərzində o, 57193 manat 30 qəpik pul ödəməli, üstəlik əvvəlcədən ödədiyi 16000 manat pulu da nəzərə alsa, müəyyən olur ki, o, mənzili 73193 manat 30 qəpiyə almış olur. Həmin məbləği də 47 m2 sahəyə böləndə mənzilin 1 kvadrat metri ona 1.557 manata başa gəlir. Şəhərsalma və tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh "xxxx" MTK verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 01 mart 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 425.1, 425.2, 398.2-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı və MTK arasında mənzilin alqı-satqısı barədə müqavilə olmayıb. İddiaçı mənzilin ilkin sahibi olmuş Sevinc Ələkbərova ilə mənzilin alınması barədə razılığa gəlmiş və sonuncunun razılığı və ipoteka saxlayan bankın verdiyi sənədlər əsasında mənzil iddiaçının adına keçirilmişdir. MTK iddiaçıya mənzil təklif etməmiş, iddiaçıya mənzil satmamışdır. İddiaçı özü mənzilə baxıb, mənzilin sahəsinə uyğun olaraq qiymətini razılaşmışdır. MTK iddiaçıya məcburi qaydada mənzil satmamışdır. Mənzilin sahəsi 59 kv.metr, hər kv.metrinin də qiyməti 700 olmaqla, ümumi dəyəri 41300 manatdır. Ekspertiza keçirilərkən cavabdeh olaraq MTK-nın iştirakı təmin edilməmişdir. Ekspertiza tədqiqatı layihə sənədləri əsasında deyil, otağın faktiki vəziyyəti üzrə aparılmışdır. Halbuki istənilən obyektin texniki göstəriciləri layihə sənədləri üzrə müəyyən edilir. Əslində, mənzilin sahəsi layihə sənədlərinə uyğundur. Sadəcə olaraq, iddiaçı arakəsmə divarlar hörməklə 1 otaqlı mənzili 2 otaqlıya çevirib, nəticədə evin sahəsi azalıb. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkkili X5 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan maliyyə arayışından, alqı-satqı, kredit və girov müqavilələrindən görünür ki, X4 16 iyul 2015-ci il tarixdə "xxxx" MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (59 m2) 41300 manata almışdır. İlkin ödəniş kimi X4 6200 manat ödəmiş, mənzilin dəyərinin qalan hissəsi isə "xxxx" ASC-dən İpoteka krediti alınaraq ödənilmişdir. Kredit müqaviləsindən görünür ki, 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK tərəflərin razılığı ilə S.Ələkbərovanın adına olan mənzil alqı-satqısı müqaviləsini dəyişərək iddiaçının adına sənədləşdirilmişdir. 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK-dan mənzilin alqı-satqısı haqqında 0025 saylı müqavilə əsasında MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 A ünvanda inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (müqavilə şərtlərinə görə 59 m2 təşkil etməli idi) 41300 manata sənədləşdirərək almışdır. Həmin mənzilin dəyəri MTK-ya "xxxx" ASC tərəfindən ipoteka krediti əsasında ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2018-ci il tarixli, 25137 saylı, 22 yanvar 2019-cu il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus yaşayış kompleksi 240-A ünvanında inşa edilən 145 saylı mənzilin ümumi sahəsinin 48,9 kv.m olduğu müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/4000 saylı ekspert rəyindən görünür ki, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin faktiki sahəsinin 48,7m2 təşkil etdiyi müəyyən olunur, (balkona azalma əmsalı tətbiq olunmadan) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin ümumi sahəsinin 46,1 m2 təşkil etdiyi müəyyən olunur. Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin iç divarların yerləşdiyi sahə (arakəsmələr, şaxtalar) hesablamaqla sahəsinin faktiki olaraq 53,1m2, həmin mənzilin bayır divarlardan hesablamaqla sahəsinin faktiki olaraq 58,6m2 təşkil etdiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən gəldiyi nəticənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 421.1, 421.2-ci maddələri ilə əsaslandırmaqla hesab etmişdir ki, iddiaçı 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK-dan mənzilin alqı-satqısı haqqında 0025 saylı müqavilə əsasında MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 A ünvanda inşa edilən 7 saylı binanın 145 A saylı mənzilin çatışmayan 12 m2 yaşayış sahəsinin dəyəri olan (12x1557=18.687) 18.687 manat pulun "xxxx" MTK-dan alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və məhkəmə araşdırması zamanı 25137 saylı, 22 yanvar 2019-cu il tarixli ekspert rəyinə əsasən "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, heydər Əliyev prospektində özünə məxsus yaşayış kompleksi 240-A ünvanında inşa edilən 145A saylı mənzilin ümumi sahəsi 48,9 kv.m olduğu müəyyən edildiyi üçün iddia tələbi əsaslıdır. İş materiallarından görünür ki, hazırkı mübahisə mənzilin faktiki sahəsinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahədən az olması əsasına görə artıq ödənilmiş pulun qaytarılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olması, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə alınmalıdır. Belə ki, mübahisəli mənzilin ölçülərinin tikinti altı ümumi sahəsinin nə qədər olması, mənzilin otaqlarının mövcud olçülərinin layihə-plan sxeminə uyğun gəlib-gəlməməsi, podrat müqaviləsi üzrə yaşayış sahəsinin tikintisi zamanı təhvil veriləcək sahə hesablanarkən mənzilə daxil olan bütün sahələr- divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqlanəzərə alınıb-alınmamasının müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İş materialları ilə müəyyən olur ki, iddiaşı İddiaçı və cavabdeh "xxxx" MTK arasında yuxarıda qeyd eidlən mənzilin alqı-satqısı ilə bağlı əvvəldən heç bir müqavilə olmamış, sonradan mənzilin ilkin sahibi X4 ilə razılaşmalarına, sonuncunun rəsmi müraciətinə və ipoteka saxlayan bankın verdiyi sənədlərə əsasən MTK tərəfindən mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Sözügedən mənzil binanın layihəsinə uyğun olaraq 1 otaqdan ibarət olmuş, Sevinc Ələkbərovaya müqavilənin şərtlərində göstərildiyi kimi 1 otaqdan ibarət layihədə təhvil verilmiş və bundan sonra MTK tərəfindən mənzilə heç bir müdaxilə edilməmişdir. Lakin hazırda mənzil 2 otaqdan ibarət olmaqla strukturunda dəyişiklik edilmişdir. Göründüyü kimi, müqavilə ümumi məbləği 41300 manat olmaqla, 1 kv.metr üçün 700 manat qiymətə bağlandığı və qiymətin dəyişməsi barədə müqavilədə nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsinin 1 kv.metr üçün 1557 manat hesablaması, həmin alqı-satqı müqaviləsinin qüvvədə olduğu bir vaxtda iddiaçının pul tələbinə dair iddiasının təmin edilməsi qanuni və əsaslı sayıla bilməz. Beləliklə, hazırkı mübahisə mənzilin faktiki sahəsinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə Mülki Məcəllə, Şəhərsalma və Tikinti Məcəllə,o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları ilə tənzimləndiyindən birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən hazırkı mübahisəyə qeyd edilən normativ hüquqi aktların müddəalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-385.1.3-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 100 (bir yüz) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Verilmiş apellyasiya şikayəti təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" MTK-nın verdiyi apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-1337/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar