Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-624/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə (Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqların saxlanılması, yaşayış minimumu, alimentin artırılması, alimentin sabit pul məbləğində müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6262/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixində akt qeydləri kitabında 115 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada isə Səlimova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 138/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə X14 arasında Sumqayıt şəhəri Nikah evində xx.xx.2007-ci il tarixdə 1568 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X7 anası X8 yanında qalması və Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub X9 verilməsi qət edilmişdir. AZ-İ seriyalı, 319252 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 arasında olan nikah ləğv edilmişdir. Bu barədə akt qeydləri kitabında 15 mart 2017-ci il tarixdə 92 № ilə qeyd edilmişdir. “X24” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və X3 əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən “X24” MMC-nin Anbar Təsərrüfatı şöbəsində anbar üzrə əməliyyatçı, operator vəzifəsində işləyir, 500 manat məbləğində əmək haqqı alır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 2(060)-138/2017 saylı qətnaməsi ilə Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment məbləğinin artırılaraq Cavabdeh ilə birgə nikahlarından anadan olmuş – xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə hər ay hər uşaq üçün aliment 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 08 oktyabr 2007-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008- ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X11 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 2(060)- 138/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş və hər iki uşağın onun yanıda saxlanılması, Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutularaq, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladları ilə ünsiyyət saxlamır, onların tərbiyəsində, psixi, fiziki, mənəvi inkişafında iştirak etmir, bir ata kimi valideynlik borcunu yerinə yetirmir. Hazırda övladlarını özü tərbiyə edir, onları həm maddi, həm mənəvi cəhətdən təkbaşına təmin etməyə çalışır. Cavabdeh xx.xx.2017-cı il tarixli icra vərəqəsinə əsasən ödənişləri etmir. Hər dəfə iş yerini dəyişməklə və əmək haqqının məbləğinin aşağı yazdırmaqla, övladlarına görə ödənən aliment məbləğinin cəmi 100 manat təşkil etməsinə nail olur. Bu da hazırki şəraitdə övladlarının saxlanlması üçün çox azdır. Bu səbəbdən də, bu günə olan borc kifayət qədər çoxdur. Borcun ödənilməsinə dair icra məmurları ilə əlaqə saxlanılan zaman, onlar borcun əmək haqqından tutulduğu bildirirlər. Lakin borcun çox cüzi bir hissəsi ödənilimişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən borcun çox hissəsi ödənilməmiş qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6262/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-138/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, fərd olaraq hər bir uşağın qanunvericiliyin tələbinə uyğun olaraq maddi cəhətdən sağlam şəraitdə yaşamaq hüququ təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılaraq 193 manat məbləğində tutulmasını tələb etməsinə baxmayaraq, həmin sübutlar iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilməmiş, cavabdeh tərəfindən isə ailə həyatı qurması və həmin nikahdan övladının olmasına dair sübutlar təqdim olunduğundan, həmin halların nəzərə alınmaqla məhkəməyə hər bir uşağın əsaslı mənafeyinin nəzərə alınmalı olmasını zəruri edir. Alimentin artırılaraq dəyişdirilməsi tələb olunan məbləğ 2017-ci il tarixdə müəyyən olunmuş məhkəmə qətnaməsindən getdiyindən müəyyən olunmuş yaşayış minumumu uşaqların həmin müddət ərzində yaşayış şəratinə uyğun vəsaitlərin artması 5 il müddətində mübahisə edilməyən haldır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddəsinə, “Uşaq hüquqları haqqında” qanunun 5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarına istinad etmişdir. Cavabdeh həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərək , qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,onun hər ay 320 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Onun rəsmi iş yeri var, 350-400 manat əmək haqqı alır. Həmin əmək haqqı ilə hər ay 320 manat aliment ödəmək iqtidarında deyil. Bundan əlavə ikinci dəfə ailə həyatı qurmuş və bir övladı var. Mülki işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınamlıdır. Ailə məcəlləsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi uşaqları saxlamaq tək atanın yox, hər iki valideynin borcudur. Uşaqların saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə “Yaşayış minimumu haqqında” Qanunun yox, Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Belə ki, Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmayıb. Əksinə maddi vəziyyəti daha da ağırlaşıb. Bundan əlavə ailə həyatı qurmuş və bir övladı var. Ona görə də alimentin arıtılmasına heç bir zərurət yoxdur. İddiaçınıniddia tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə ziddir. Çünki mənim maddi vəziyyətimdə heç bir dəyişiklik olmayıb, ailə vəziyyətimdə isə dəyişilik olub. Qeyd olunanlara əsasən hesab edirəm ki, məhkəmə iddia tələbinə baxarkən yuxarıda sadaladığım normaları nəzərə almalı idi. Lakin məhkəmə bütün bunları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin eidlməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh və onun vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydad məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanun Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı Protokolu Maddə 5. Ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülkihüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.6-cı bəndində qeyd olunmuşdur ki,daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki,alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzar uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətini və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, aliment öhdəliyi daşıyan valideyn rəsmi iş yeri və aylıq qazanca malik olmaqla,X3 əldə edilmiş məlumata əsasən aylıq 500 manat məbləğində əmək haqqı alır, özü isə aylıq 350-400 manat əmək haqqı alması halına istinad etmişdir, habelə uşaqların saxlanması üçün aylıq alimentin məbləği əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməklə, hazıradək əvvəlki dövr üzrə iddiaçıya aylıq 100 manat məbləğində aliment ödənilir. Məhkəmə kollegiyası cavabdehin aylıq qazancının hissəsi miqdarında müəyyən edilmiş alimentin məbləğini nəzərə alaraq, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanması üçün alimentin məbləğinin aliment ödəmək öhdəliyi daşıyan valideynin əmək haqqı məbləğinin hissəsi miqdarında müəyyən edilməsi halı uşaqların üstün mənafeyinə, onların daim artan zəruri xərclərinin ödənilməsi baxımından qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu həddindən az olmayan məbləğdə maddi təminat almaq hüquqlarının təmin edilməsi halına zidd olmaqla, uşaqların qeyd olunan hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin aylıq qazanca malik olması halı müəyyən edilsə də, qeyd olunan hallar əsas götürülməklə, alimentin məbləğinin əmək haqqının hissəsi miqdarında müəyyən edilməsi halının dəyişdirilərək, aylıq sabit pul məbləğində müəyyən edilməsi daha məqəsəduyğundur. Ona görə də məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, 2022-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olmduğundan, 2023-cü il üçün isə 220 manat məbləğində müəyyən edildiyindən, uşaqların üstün mənafeyi, uşaqların təminat səviyyəsi əsas götürülərək, uşaqların əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi istinad edilən hallarla (aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdeh maddi imaknının olmaması, yeni ailə həyatı qurması və himayəsində bir uşağın olması halları) bağlı qeyd edir ki, uşağın üstün mənafeyin baxımından qeyd edilən hallar uşaqların saxlanması üçün alimentin məbləğinin azaldılmasına, alimentin məbləğinin daha az miqdarda müəyyən edilməsinə və ya aliment öhdəliyi daşıyan valideynin bu öhdəlikdən azad olunmasına təsir edən amil kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin, qeyd olunmalıdır ki, uşağın saxlanması vəzifəsi hər iki valideynin borcu olsa da, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşür ki, bu hal da özlüyündə qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az məbləğ (iddianın qiyməti bir illik aliment məbləği ilə müəyyən edildiyindən) təşkil etdiyindən, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6262/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-624/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-624/2023
27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver