Məhkəmə qərarları › İş №2(105)-627/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-627/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-627/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərizənin geri qaytarılması- iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e- 2(075)-1484/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 300 manat alimentin tutularaq 19 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsinə və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər g geri qaytarılmışdır. (hakim H.Əhmədov)

3. İddiaçı Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1979/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsini, işin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Yəni nə İddiaçı və cavabdeh Salamov X4 rayonu ərazisində qeydiyyatda deyillər. İddia ərizəsində İddiaçı faktiki ünvan olaraq ünvan 2nda yaşadığını bildirsə də, həmin ünvanda müvəqqəti olaraq rəsmi qeydiyyatda olmağı ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Eyni zamanda cavabdehin Abşeron rayon ərazisində daimi qeydiyyatda olması barədə hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddia ərizəsini ərazi aidiyyəti qaydalarına riayət edilməməsi əsası ilə geri qaytarmışdır.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 35.1, 36.3, 152.1.3, 152.4-cü maddələri və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1,2,3,5,10-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin ərizənin geri qaytarılması barədə qərardadı qanunsuz və əsasızdır. İşə baxan məhkəmənin ərizəni geri qaytarması barədə əsaslandırması tamamilə yanlışdır. Belə ki, məhkəmə "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli arayışına əhəmiyyət verməmişdir. Həmin arayışda iddiaçının faktiki olaraq ünvan 2nda yaşadığ qeyd olunub. Göründüyü kimi "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli arayışı ilə iddiaçının faktiki olaraq həmin ünvanda yaşadığı müəyyən olunur və MPM-nin 36.3-cü maddəsinə əsasən MTK arayışı ilə yaşadığı ərazidə yerləşən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edə bilər. Bu barədə yuxarı instansiya məhkəməsi olan Bakı Apelyasiya Məhkəməsinin mövqeyi də mövcuddur. (qeyd edilən məhkəmə təcrübəsi haqqında qərardad elektron kabinetə yerləşdirilb) Göründüyü kimi işdə olan sübutlardan müəyyən olunur ki, iddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanla birlikdə ünvan 2nda yaşayır və prosessual normanın tələbinə əsasən alimentin alınmasına dair tələblər üzrə iddiaçıya öz seçiminə əsasən özünün yaşadığı yerə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ verilmişdir. Göründüyü kimi iddia ərizəsinin geri qaytarılmasının əsası qanunsuz və əsassız olmaqla prosessual qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 44.2 və 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

12. “Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu qanunun 5-ci maddəsinə əssən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-1979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Kollegiya verilmiş ərizənin ərazi aidiyyəti məsələsi üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməsi zəruri hesab edir.

17. Qeyd olunmalıdır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Lakin o da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər də müəyyən olunmuşdur.

18. Məhz bu kontekstdən yanaşaraq qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəllədə ərazi aidiyyət qaydaları dəqiq müəyyən edilərək, formal əsaslara söykənməklə iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Bu institutun tətbiq edilməsi mülki işlərin eyni dairədən olan məhkəmələr arasında bölüşdürülməsi qaydasını müəyyən etməklə yanaşı, həm də ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Ərazi aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır.

19. Hazırki ərizənin mahiyyətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(075)-1484/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 300 manat alimentin tutularaq 19 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsinə və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, həm İddiaçı, həm də Cavabdeh Şəki şəhəri, Bağbanlar küçəsi, ev 6/14 ünvanında qeydiyyatdadırlar.

21. Şikayətin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, yaşayış yerini müvəqqəti və ya daimi dəyişmiş vətəndaşın yaşayış yeri hansısa MTK tərəfindən verilmiş arayışla deyil, “Yaşayış yeri və olduğu yer haqqında" Qanunun normaları ilə tənzimlənir.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

23. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqasənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Həmin Qanunun 10-cu maddəsinə görə vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizəanketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

24. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir.

25. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur.

26. Lakin işdən göründüyü kimi iddiaçı yaşayış yerini dəyişməsi ilə bağlı yuxarıda göstərilmiş qanunvericilik normalarına riayət etməməklə, yalnız “MTK” tərəfindən verilmiş arayışla kifayətlənmişdir ki, bu da özlüyündə şəxsin istəyinə uyğun məhkəmə ərazi aidiyyətinin dəyişməsi ilə nəticələnə bilməz.

27. Bundan əlavə araşdırılan işdən görünür ki, əvvəl də tərəflər arasında mövcud olmuş digər iki mübahisəyə (nikahın pozulması və alimentin artırılmsı tələblərinə) mahiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmışdır.

28. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verən kollegiya bir daha vurğulayır ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyindən geniş təfsir edilə və qanunvericiliyin tələbinə zidd qaydada şəxsin istəyinə uyğun həll edilə bilməz.

29. Sadalananlara istinadən kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Ona görə də Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar