Məhkəmə qərarları › İş №2(105)-629/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-629/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-629/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, iki uşağa hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Rarhim Həsənov) Qətnamədən cavadbeh Cavabdeh apelyasiya şikayəti verərək apelyasiya şikayətini qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsinin ləğv edilməsi, alimentin onun iş yerindən real gəlirləri əsasında Ailə Məcəlləsinin 36.1.3-cü maddəsinə əsasən əmək haqqının 1/3 hissəsi miqdarında tutulması, qətnamənin təmin edilmədiyi və ya qismən təmin edilmədiyi halda pandemiya şəraiti nəzərə alınaraq gəlirlərinin 1/3 hissəsindən artıq olan hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsinin təmin edilməsi, hakim barəsində çıxardığı qərəzli qətnaməyə görə intizam məsuliyyətinə cəlb edilməsi və intizam icraatına başlamılması üçün Məhkəmə hüquq Şurasına müraciət edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla iki uşağa hər ay 320 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə onun iştirakı olmadan işə baxıb. Daha əvvəl eyni hakimin sədrliyi ilə məhkəmə keçirilərkən məhkəmə prosesləri barədə rəsmi məktublar, mobil nömrəsinə mesaj daxil olsa da, bu proses barəsində heç bir məlumat daxil olmamışdır. Məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyildir. Hazırda anası ilə birgə yaşayır. Mərhum atası, iddiaçı ilə nikaha girməzdən iki il əvvəl vəfat edib. Anası evdar qadındır, yaşlıdır, heç bir yerdə işləmir, xəstədir, ürəyində müəyyən problemlər var, müalicəyə ehtiyacı var. Hər ay anasının müalicəsinə kifayət qədər pul xərcləyir. Adına torpaq sahəsi yoxdur, taksi fəaliyyəti ilə məşğul olmur. Fəaliyyət göstərdiyi “xxxx” MMC şirkəti mövcud pandemiya şəraitində məvacibini əlli faiz aşağı endirib, bununla yanaşı iki ay müddətinə öz hesabına ödənişsisz məzuniyyətə göndərilib. Son səkkiz ay ərzində ona qeyri-stabil məvacib ödənilib. Hətta övladları ilə ünsiyyətlə bağlı məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə müraciət etmiş, maddi vəziyyəti pis olduğundan ona dövlət hesabına vəkil təyin edilmişdir. Maddi vəziyyətində dəyişiklik olması, maddi vəziyyətinin yaxşılaşması halına dair iş materiallarına hər hansı sübut mövcud deyildir. Digər tərəfdən əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Hazırki vaxtda maddi vəziyyəti nəinki yaxşılaşmış, hətta yarıbayarı azalmış, xəıstə anasının müalicə xərcləri artmışdır. Hazırki vaxtda gəlirlər olmayan bir zamanda alimentin artırılması alimentin ödənilməsinə çətinliklər yaradır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsinin ləğv edilməsi, alimentin onun iş yerindən real gəlirləri əsasında Ailə Məcəlləsinin 36.1.3-cü maddəsinə əsasən əmək haqqının 1/3 hissəsi miqdarında tutulması, qətnamənin təmin edilmədiyi və ya qismən təmin edilmədiyi halda pandemiya şəraiti nəzərə alınaraq gəlirlərinin 1/3 hissəsindən artıq olan hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsinin təmin edilməsi, hakim barəsində çıxardığı qərəzli qətnaməyə görə intizam məsuliyyətinə cəlb edilməsi və intizam icraatına başlamılması üçün Məhkəmə hüquq Şurasına müraciət edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay, hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir.Həmin qətnamə qəbul ediləndən sonra keçmiş müddət ərzində istehlak mallarının qiymətləri artmış, həmçinin uşaqlar böyümüş və təlabatları da artmışdır. Cavabdeh hazırda ona iki uşağın saxlanılması üçün hər ay cəmi 118 manat məbləğində aliment ödəyir ki, bu da iki uşağın saxlanılması üçün kifayət deyildir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli,Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə isə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azorbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarışlı poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin tapşırığı ilə həmin şəxsə həvalə edilə bilər. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan bu normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə cavabdehin iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. İş materiallarında məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən bildirişlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin məhkəmə baxışında iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Buna görə də qətnamənin prosessual əsaslarla ləğv edilməsi qənaətinə gəldiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə yenidən qiymət verilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Cavad və xx.xx.2015-ci il təvəllüdlü Elmir adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)2497/2017 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2017ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay, hər uşaq üçün 30 manat olmaqla 60 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinə hüquqi qiymət verilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edlməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş əmək haqqının 1/3 miqdarında aliment 2017-ci ildə, uşaqların 3 və 2 yaşları olanda tutulmuşdur. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Eyni zamanda 2017-ci il tarixdə aliment tutularkən xeyrinə aliment tutulan uşağın 3 və 2 yaşı olmuşdır. Hazırda isə həmin uşaq 6 və 5 yaşlarındadır, onları tələbatları da artmışdır.. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin hüquq mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki qətnamə ilə arıtırılmış alimentin məbləği dəyişdirilərək bir uşaq üçün 130 manat müəyyən edilməlidir. Bundan əlavə alimentin əmək haqqının 1/3 hissəsində tutulması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından cavabdehin 431,28 manat əmək haqqı alması müəyyən edilir. Həmin məbləğin 1/3 hissəsi 143,76 manat təşkil edir ki, bu da iki uşağın tələbatının ödənilməsi üçün kifayət qədər az məbləğdir, uşaqların mənafeyinə ziddir. Eyni zamanda aldığı əmək haqqının azalması, himayəsində anasının olması, anasının müalicə xərclərinin artması barədə dəlilləri də məhkəmə kollegiyası əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə alimentin əmək haqqının 1/3 hissəsindən artıq qalan hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsinin təmin edilməsi barədə cavabdehin xahişinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə alimentin uşağın valideynlərindən tutulması nəzərdə tutulduğundan, eləcə də hər hansı dövlət orqanınında tutulması barədə hər hansı qanun norması mövcud olmadığında bu dəlil də əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, artırılmış aliment məbləği qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanmalıdır. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan əlavə, iddiaçı iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumunu ödəməkdən azad olduğundan tutulmalı olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin alimentin məbləğinin müəyyən edilməsinə dair apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilıməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, iki uşağa hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh 30 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1606/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2497/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazirki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən Cavabdeh hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, iki uşağa hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar