Məhkəmə qərarları › İş №2(105)-63/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-63/2024

14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-63/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsinin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpaq sahəsinin mülkiyyətçisinə istifadə üçün qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,10 ha torpaq sahəsinin 0,0181 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş daş hasar Cavabdeh hesabına sökülməsi, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,10 ha torpaq sahəsinin 0,0354 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş daş hasar Cavabdeh hesabına sökülməsi, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı2 təhvil verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/3130 saylı, 20 iyul 2022-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi, SAP (XİİS) hesabıDövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN-**********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab AZ34CTRE******************** qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətlərində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən onlara məxsus hər biri 0,10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsinin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpağın mülkiyyətçisinə istifadə üçün qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron rayon, Novxanı kəndində iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus hər biri 0,10 ha torpaq sahəsinə 2019-cu ilin avqust ayında hasarlamış və bataqlıq olduğu üçün torpaq tökdürmüşdür. Cavabdeh sözügedən torpaq sahəsinin Abşeron rayonu X2 28 avqust 1991-ci il tarixli 181 saylı qərarı ilə cavabdehə verildiyini və buna görə də həmin torpaq sahəsinin cavabdehə məxsus olduğunu bildirmişdir. İddiaçılar özlərinə məxsus sənədləri cavabdehə təqdim etməklərinə baxmayaraq cavabdeh qanunsuz şəkildə həmin torpaq sahəsindən istifadə etməkdədir. Bununla da iddiaçıların hüquqlarını pozmaqdadır. Həmçinin iddiaçılar hasarın pulunu ödəyərək, hasarın iddiaçılara qalmasını istəmişlər. İddiaçılar çəkilən xərcə görə 3000 manat ödəməyə razıdırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, mübahisəli sahədə tikilmiş daş hasarın sökülməsi və torpaq sahələrinin boşaldılaraq iddiaçılara təhvil verilməsini qət edərkən məhkəmə həmin torpaq sahəsinin cavabdehə ayrılması və torpaq sahəsində bağ evinin tikintisinə icazə verilməsi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin qərarının mövcudluğunu nəzərə almamış, iş üzrə ekspertiza təyin edilməsi zamanı cavabdehin iştirakı təmin edilmədiyindən onun etiraz etmək, ekspertiza keçirilən zaman baxılmalı olan sualları təqdim etmək kimi hüquqları pozulmuş, qeyd olunanlar isə əsassız məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 avqust 1991-ci il tarixli vətəndaşlara kollektiv bağçılıq üçün torpaq sahəsinin ayrılması haqqında Qərara əsasən ona Novxanı sovxozu ərazisindən 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Həmçinin, həmin qərarla torpaq sahəsində bağ evinin tikintisinə icazə verilmişdir. Lakin məhkəmə mübahisələndirilən qətnaməsində qeyd etmişdir ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Halbuki mübahisəli sahə həmin Qərar əsasında onun istifadəsindədir. Nəticədə mübahisələndirilən qətnamənin qəbul edilməsi ilə onun hüquqları pozulmuşdur. Ekspertiza təyin olunması prosesində iştirak edə bilmədiyinə görə ekspert qarşısında suallar qoymaq, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək hüquqları pozulmuşdur. Halbuki həmin prosesdə iştirak etmiş olsaydı, torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi səbəbindən sürüşmə ilə əlaqədar torpaq sahələrinin üstüstə düşüb düşməməsinin mümkünlüyü ilə bağlı, həmçinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 avqust 1991-ci il tarixli vətəndaşlara kollektiv bağçılıq üçün torpaq sahəsinin ayrılması haqqında Qərara əsasən ona ayrılmış torpaq sahəsinin mübahisəli ərazi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı və digər zəruri sualların qoyulması mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin sürüşmə zonasında yerləşdiyi, bataqlıq olduğu üçün oraya cavabdeh tərəfindən torpaq töküldüyü iddiaçının məhkəmədə verdiyi izahatda İddiaçı1 bilavasitə özü tərəfindən bildirilmişdir. Belə ki, məhkəmə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 avqust 1991-ci il tarixli Qərarla ona ayrılmış torpaq sahəsi ilə mübahisəli sahənin üst-üstə düşməsinin mümkünlüyü nəzərə alınmamış, həmin ərazinin sürüşmə zonasında yerləşdiyi və torpaq sürüşməsi səbəbindən mübahisəli torpaq sahəsinin ona ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsinin mümkünlüyü məhkəmə tərəfindən araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçılara və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ünvanlayaraq, məkhəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdiyi bildirmiş, digər iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsinin öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.2, 164.1, 164.2, 165.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin Cavabdeh qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, iddiaçılar Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən onlara məxsus hər biri 0,10 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olduğunu, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə edildiyini əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən göstərilən məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, **********74 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) ilə uyğun gəlir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi İddiaçı2 məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, **********73 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) ilə uyğun gəlir. İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2008-ci il tarixli, **********74 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində digər şəxslər tərəfindən 256 kv.metr hissədinfə tikilmiş tikili (yaşayış evi) və yarımçıq tikili, 0,0181 ha hissəsindən isə Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunur. İddiaçı2 məxsus olan (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2008-ci il tarixli, **********73 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü daxilində 0,0354 ha hissəsindən Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunur. Cavabdeh apellyasiya şikayətində həmin rəylə razı olmadıqlarını, iş üzrə ekspertiza təyin edilməsi zamanı cavabdehin iştirakı təmin edilmədiyindən onun etiraz etmək, ekspertiza keçirilən zaman baxılmalı olan sualları təqdim etmək kimi hüquqlarının pozulmasını əsas gətirərək texniki ekspertiza keçirilməsini xahiş etmiş və sonuncunun vəsatəti əsasında ekspertiza təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinin faktiki vəziyyətinin müəyyənləşdirilməsindən ötrü tikinti texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli məktubunda müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılması qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd idarəyə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyi məhkəməyə göndəriləcəkdir. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar xidmət haqqının ödənilməsi barədə vəsatət vermiş şəxs Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin məbləğ ödənilməmişdir. Göründüyü kimi Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillə bağlı apellyasiya baxışında təmsil etdiyi vəkilinin vəsatəti ilə ekspert qaşısında qoyulmuş sualların cavablandırılması üçün zəruri olan mütəxəsis rəyinin alınmasını üçün cavabdeh tərəfindən xidmət haqqı ödənilməmişdir. Məlumdur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (Mülki Prosessual Məcəllənin 97.5. maddəsi). Nəzərə alınmalıdır ki, ekspertizanın keçirilməsinə tərəflərdən biri maneə olarsa və iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mövcud vəziyyətdə iddiaçıların iddia etdikləri torpaq sahəsinin mübahisələndirilən hissədə məhz Cavabdeh məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyənlədirilməsi zəruri olsa da, onun bu hərəkəti nəticəsində ekspertiza keçirilməsi mümkün olmamışdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Bu mənada məhkəmə kollegiyası cavabdehin ekspertiza keçirilməsini arzuladığı halda, sonradan ekspertiza keçirilməsindən yayınması (xidmət haqqını ödəməməsi) ekspertiza təyin edilən faktının rədd edilməli olması qənaətini qaçılmaz edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçılarla barışıq əldə etmələri üçün məhkəmə iclasının iki dəfə təxirə salınması barədə vəsatəti təmin edilsə də, həmin müddət ərzində iddiaçılarla heç bir razılıq əldə etməmişlər. Həmçinin o da vurğulanmalıdır ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin mütəxəssislərinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2022-ci il tarixli ekspert rəyində iddiaçılara məxsus tədqiq olunan torpaq sahəsində Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunması müəyyən olunmuşdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (Mülki Məcəllənin 172.3., 173.3-cü maddələri). Qeyd olunmalıdır ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, iddiaçıların hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddianı mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar