Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-632/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X2, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 2500 (iki min beş yüz) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı1 verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə xx xxxxx 2017-ci il tarixdə 2500 manat borc vermişdir. Bu barədə tərəflər arasında kredit müqaviləsi bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. Həmin borcu cavabdeh 5 ay ərzində qaytarmalı idi. Lakin cavabdeh pulu hal-hazıra qədər qaytarmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. O, iddiaçıdan 2500 manat borc pul almışdır. O, iddiaçının müəssisəsində dondurmaların paylanması ilə məşğul olmuşdur. İddiaçı öz riskini sığortalamaq üçün ondan belə bir kredit müqaviləsi bağlamağı tələb etmişdir. İşə düzələcəyini və gələcəkdə işlə məşğul olub ailəsinin maddi cəhətdən təmin olunmasını əsas götürüb kredit müqaviləsi bağlamışdır. 5-6 ay işlədikdən sonra, iş yerini tərk etmişdir. İş yerini tərk edərkən cavabdehdən kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. O söz vermişdir, lakin bunu etməmişdir. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Lakin notarial qaydada təstiq olunmuş borc müqaviləsinin mövcudluğu iddianın təmin olunmasına gətirib çıxarır. Məhkəmə iclasında o, iştirak etməmişdir. Faktiki olaraq yuxarıda göstərilən kredit müqaviləsi əhəmiyyətsiz əqddir. O, hüquqi nəticələr yarada bilməz. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(060)-1446/2018 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili A.Ş.Qulamov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili R.Ş.Qazıyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçıya borcunun olması barədə kredit müqaviləsinin mövcudluğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı1 Cavabdeh1 xx.xx.2017-ci il tarixədək 2500 manat borc vermişdir. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-in 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn pul ödəməli, əmlak verməli, iş görməl i,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarına şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun xx xxxx 2009-cu iİ tarixli qərarında göstərilir ki, məsələ məhkəmə qaydasında həll edildiyi halda tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin işin onsuz baxılması üçün məhkəmə tərəfindən prosessual hüquqlarının pozulması barədə gətirdiyi dəlil əsassızdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumatlandırılmışdır, lakin göstərilən ünvanda yaşamadıgı üçün bildirişlər geri qaytarılmışdır. Məhkəmə kollegiyası Cavabdeh1 tərəflər arasında olan kredit müqaviləsinin əqd kimi etibarsız olduğu barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, göstərilən müqavilə hazırda qüvvədədir və öz əhəmiyyətini itirməmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2018-ci il tarixli 2(060)-1446/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-632/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-632/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver