Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-638/2021 18.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X7, cavabdehlər Cavabdeh1 nümayəndəsi vəkil X2, “xxxx” İnşaat MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” İnşaat MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)- 2503/2020 saylı qətnaməsindən İddiaçı nümayəndəsi vəkil X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh1 qarşı əsassız varlanma barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi vəkil X8 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx-İnşaat” MMC-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “xxxx Park” yaşayış massivində inşa edilən 240-C saylı, 08 mərtəbəli yaşayış binasında ümumi sahəsi 57,4 kv.metr olan bir otaqdan ibarət 41 saylı mənzilinin alınmasına görə ödədiyi ilkin ödənişə görə 5858 manat məbləğində pulun və aylıq olaraq ödədiyi ümumilikdə 45000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və “xxxx-İnşaat” MMC-dən alınaraq ona ödənilməsi və ya həmin mənzilin onun adına rəsmiləşdirilməsi öhdəliyinin “xxxx-İnşaat” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia predmetinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci və 1091-ci maddələrinə əsaslanaraq Cavabdeh1 əsassız varlandığını qeyd etmiş və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “xxxx Park” yaşayış massivində inşa edilən 240-C saylı, 08 mərtəbəli yaşayış binasında ümumi sahəsi 57,4 kv.metr olan bir otaqdan ibarət 41 saylı mənzilinin alınmasına görə ödədiyi ilkin 5858 manat məbləğində pulun və aylıq olaraq ödədiyi ümumilikdə 45000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və “xxxx-İnşaat” MMCdən alınaraq ona ödənilməsi və ya həmin mənzilin onun adına rəsmiləşdirilməsi öhdəliyinin “xxxx-İnşaat” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu - X4 Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Onların evliliyinin ilkin vaxtlarında maddi durumu yaxşı olduğundan, oğlu üçün ev almaq qərarına gəlmiş, lakin oğlu Heydərli Rövşən evin onun özünün adına olmasına etiraz etdiyindən evi gəlini, yəni Cavabdeh1 adına almağı qərara almışdır. Belə ki, xx xxxx 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167-də yerləşən “xxxx-İnşaat” MMC-yə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “xxxx Park” yaşayış massivində inşa edilən 240-C saylı, 08 mərtəbəli yaşayış binasında ümumi sahəsi 57,4 kv.metr olan 1 otaqdan ibarət 41 saylı mənzili ilkin olaraq 5858 manat ödəniş edilməklə, ipoteka yolu ilə Cavabdeh1 adına almışdır. Cavabdehin maddi imkanı olmadığından həmin mənzilin ipoteka şərtlərinə əsasən aylıq ödənişlərini özü etmişdir. Cavabdeh və onun ailə üzvləri ilə aralarında cavabdehin əvəzinə ödədiyi pulların ona qaytarılacağı barədə şifahi razılaşma olmuşdur. Eyni zamanada, “xxxx- İnşaat” MMC-yə gələcəkdə mənzilin onun adına rəsmiləşəcəyi ilə bağlı şifahi müraciət etdikdə, ona istədiyi vaxt mənzilin onun adına keçirilməsinin mümkünlüyü bidirilmişdir. Müəyyən müddətdən sonra cavabdehlə onun oğlunun münasibətləri dəyişmiş, cavabdeh heç bir əsaslı səbəb olmadan onun oğlu ilə ailə münasibətlərini kəsərək və onun vəsaiti hesabına alınan evə daxil olmağa icazə belə verməmişdir. Bir neçə dəfə “xxxx-İnşaat” MMC-yə şifahi müraciət etmiş, mənzillə bağlı ödəniş qəbzlərini təqdim edərək kreditin onun tərəfindən ödənildiyini, eyni zamanda mənzilin alınmasına ilk olaraq onun müraciət etdiyini, alqı-satqı müqaviləsinin cavabdehin adına rəsmiləşdirilməklə onunla bağlandığını bildirsə də, mənzilin onun adına keçirilməyindən imtina edilmişdir. Cavabdehdən isə onun ödədiyi ödənişlərin geri qaytarılmasını və ya evi tələb etdikdə rədd cavabı almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı nümayəndəsi vəkil X1 rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 izahatında göstərdiyi kimi iddiaçının gəlini olmaqla, həm də bu nikahdan əvvəl qohumluq münasibəti olmuş, iddiaçının ərizədə qeyd etdikləri həqiqəti əks etdirmir. Mənzil onun tərəfindən alınmış, müqavilə bağlanan zaman ilk ödəniş belə onun tərəfindən tikinti şirkətinə ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. “xxxx” ASC tərəfindən xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi əsasında ona mənzilin alınması üçün verilmiş 32.600 manat kredit borcu onun tərəfindən xx.xx.2020-ci il tarixdə banka ödənilmişdir. O. Həmçinin göstərmişdir ki, banka ödənişlər “xxxx”ın Bərdə filialında həyata keçirildiyindən o həm işlədiyindən, həm də qadın olduğu üçün Bərdə şəhərinə gedib gəlməsi çətinlik yaratdığından, iddiaçı ilə əldə etdikləri razılığa əsasən həmin ödənişləri onun verdiyi vəsait hesabına iddiaçı ödəmiş, bunun üçün ödəniş qəbzlərinin bəzilərində ödəyici kimi iddiaçının adı göstərilmişdir. Lakin bu onu deməyə əsas vermir ki, həmin pul iddiaçının vəsaiti olmuşdur. Daha sonra o qeyd etmişdir ki, əgər mənzil iddiaçı üçün alınmışdırsa və ödənişlər onun vəsaiti hesabına aparılmışdırsa, nə üçün ilkin və sonrakı (xx.xx.2016-cı il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixlərdə) ödənişləri o, iddiaçıya görə banka ödəyirdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi vəkil X5 apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin izahatına uyğun izahat verib, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh “xxxx” İnşaat MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının qeyd etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “xxxx Park” yaşayış massivində inşa edilən 240-C saylı, 08 mərtəbəli yaşayış binasında ümumi sahəsi 57,4 kv.metr olan bir otaqdan ibarət 41 saylı mənzilinin alınmasına görə ilkin ödəniş olaraq 5858 manat məbləğində pul ödədiyini, mənzili şifahi razılaşma əsasında Cavabdeh1 adına alındığını, aylıq olaraq ödənilən ümumilikdə 45000 manat məbləğində pul ödədiyini və həmin pulun cavabdeh tərəfindən ona qaytarılmadığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mənzilinin alınmasına görə ödədiyi ilkin 5858 manat məbləğində pulun və aylıq olaraq ödədiyi ümumilikdə 45000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və “xxxx-İnşaat” MMC-dən alınaraq ona ödənilməsi və ya həmin mənzilin onun adına rəsmiləşdirilməsi öhdəliyinin “xxxx-İnşaat” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, istər mənzilin alınması barədə ilkin ödənişlə bağlı xx xxxx 2014-cü il tarixli “xxxx-İnşaat” MMC-nin maliyyə arayışından, istərsə də həmin şirkətlə cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsində iddiaçının göstərdikləri öz təsdiqini tapmamışdır. Əksinə həmin maliyyə arayışından pulun məhz Cavabdeh1 tərəfindən ödəndiyi, eləcə də nə müqavilədə, nə də ki müqaviləyə qədər tərəflər arasında (cavabdeh və onun ailə üzvləri ilə aralarında cavabdehin əvəzinə ödədiyi pulların ona qaytarılacağı barədə) hansı bir razılaşma olması iş materiallarında mövcud deyil. Aylıq ödənilən məbləğlərin iddiaçı tərəfindən ödənilməsi və bu vəsaitin ona cavabdeh tərəfindən qaytarılmaması barədə iddiaçının göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının gəlini olmamışdan əvvəl belə onların qohumluq münasibətləri olmuş, Cavabdeh1 Göyçay rayon Ərəbcəbirli kənd orta məktəbində işləmiş və hər dəfə onun Bərdə şəhərinə gedərək banka ödənişlər etməsi müəyyən çətinliklər yaratdığından, bu ödənişlərin məhz cavabdehin verdiyi pul vəsaiti hesabına iddiaçı tərəfindən həyata keçirilməsi barədə razılaşmaları, həm də ailədaxili qarşılıqlı inam və etibardan irəli gəlmişdir. Bu mənada məhkəmə kollegiyası cavabdehin məhkəmə baxışı zamanı verdiyi izahatını daha inandırıcı hesab edir. Mülki Məcəllənin 1091.1 maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qanunun mənasından göründüyü kimi əsassız varlanma dedikdə, bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. Lakin hazırki iş üzrə Cavabdeh1 İddiaçı hesabına zənginləşməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının hesabına varlandığı öz təsdiqini tapmadığından, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-638/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-638/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver