Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-638/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-7353/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh İddiaçı ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha girmişlər, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı iki övladları olmuşdur.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8302/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(060)-271/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabeh Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-697/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmayaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8302/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. xx.xx.2023-cü il tarixli X4 ilə X13 Bildirişindən görünür ki, Cavabdeh məşğulluq təsnifatı üzrə sürücü işləyir, aylıq əmək haqqısı 300 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün onun xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8302/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğinin müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində rəsmi nikah qeydiyyatından keçib ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra münasibətləri pisləşmiş, cavabdeh uşaqlara baxmamış və onlara maddi yardım göstərməmişdir. Bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah ləğv edilmiş, hər iki uşaq onun himayəsində saxlanılmış və hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Daha sonra alimentin artırılması tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müracəit etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8302/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(060)-271/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmiş, həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)- 697/2020 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8302/2019 saylı 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Qeyd etmək istəyir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8302/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə artırılan aliment məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir. Həmin aliment məbləği 3-4 il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla artırılmışdır. Uşaqlar böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayan şəxslər üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat pul məbləği uşaqların düzgün inkişafı üçün yetərli deyildir. Uşaqların bütün qayğısını, ehtiyacını demək olar ki, o, çəkir. Uşaqları həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, hər iki uşaq qız övladlarıdır. Nəzərə alınmalıdır ki, qız uşaqlarının xərcləri oğlan uşaqlarına nisbətən daha artıqdır, eyni zamanda onlarının yaşlarının artıq yetəri qədər böyük olması, xərclərinin də böyüməsi deməkdir. Buna görə də yenidən alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-7353/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8309/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş xərcin əvəzi olaraq 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir (hakim Gülnarə Tağızadə).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, 34-cü maddəsi, Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 112.1-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarındakı hüquqi mövqeyi, “Uşaq hüquqları haqqında” AR Qanununun 19-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-7353/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Аzərbaycan Respublikasında 2023-cü cü il üçün yaşayış minumumu haqqında” Qanuna əsasən 2023cü cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyən edilmişdir. Hal-hazırda isə bu məbləğ artıq 235 manatdır. Şikayətində qeyd etdiyi kimi 4 il ərzində hər il bu məbləğ artırılır. Cavabdeh isə könüllü şəkildə aliment məbləğini artırmamışdır. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birininn ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra digər tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcürbəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minumum dolanacaq xərclərində az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlmaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən azad olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər saxlanması tutularaq müəyyən edilir. Bildirir ki, cavabdehin qazancı dəyişkəndir, kifayət qədər də qazancı var, alimenti ödəməkdən qəsdən yayınır. Təqdim olunmuş sübutlara məhkəmə düzgün qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
17. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
18. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Maddə 19.1. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. Maddə 112.1. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-7353/2023 nömrəli qətnaməsini iddianın təmin edilməyən hisəsini mübahisələndirmişdir.
34. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissədə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir.
36. Belə ki, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır.
37. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşağın saxlanılması üçün kifayət etmədiyini, cavabdehin qazancının dəyişkən olmasını, kifayət qədər qazancın olmasını, alimenti ödəməkdən qəsdən yayındığını bildirmişdir.
38. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını və cavabdehin aylıq gəlirini nəzərə alaraq hesab etmişdir ki, azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimen cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
40. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X12rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
41. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi” hissəsində dəyişdirilməli, sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat müəyyən edilməlidir.
42. Apellyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gələn kollegiya qeyd edir ki, hazırkı halda iddiaçının tələb etdiyi məbləğdə, yəni hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi cavabdehin maddi vəziyyəti baxımından ədalətli deyil. Məhkəmə kollegiyası alimentin məbləğini dəyişdirərək təyin etdiyi aliment məbləğinin uşaqlarının tələbatının ödənilməsi, onların saxlanılması və hər iki tərəfin maddi vəziyyəti baxımından ağlabatan hesab edir.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-7353/2023 nömrəli qətnaməsi aliment məbləği hissəsində dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.