Məhkəmə qərarları › İş №2(105)-639/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-639/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-639/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)2456/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)2456/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4150 (dörd min yüz əlli) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)2456/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehdən 1000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4150 manat məbləğində borcun və məhkəməyə iddia ərizəsi təqdim edilərkən ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək yalnış qətnamə qəbul etmişdir. O, 17-ci polis bölməsində təzyiqlər altında ifadə verərək güya iddiaçıya 4150 manat borclu olduğunu qeyt etmişdir. Bu ifadəni psixoloji təsir altında vermiş, polis bölməsində qeyd etdiyi sözlər onun gerçək iradəsini ifadə etmir, reallığı göstərmir. İddiaçıdan aldığı borcun böyük hissəsini qaytarmış, ona cəmi 1000 manat borcu qalmışdır. İddiaçı tərəfindən vaxt veriləcəyi halda qalan 1000 manat borcu da hissə-hissə ödəyəcəkdir. İddiaçı ona dəfələrlə hədə-qorxu gəlmiş, psixoloji təzyiq göstərmiş, onu işdən qovmuşdur. İşini itirməsi nəticəsində ağır böhran keçirmişdir. Bu səbəbdən borclu olduğu 1000 manatı qaytara bilməmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)2456/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehdən 1000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Nərimanov RPİ-nin 17-ci PŞnin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı şikayəti əsasında aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Yeni məhəllədə qeydiyyatda olmaqla yaşayır. Təxminən iki il yarımdır ki, İddiaçı tanıyır. Belə ki, əvvəlcə İddiaçı Xətai rayonu, A.Cəlilov küçəsi, 16 ünvanında yerləşən “Face Studio” gözəllik salonunda inzibatçı vəzifəsində işləmiş, əmək müqaviləsi olmuş, rəsmi olaraq 178 manat yazılmasına baxmayaraq o, 750 manat məvacib almışdır. Orada işlədiyi müddət ərzində anasında xəstəlik olduğundan müdir olan Rüfətdən xahiş etmişdir ki, ona pul yardımı etsin. 2019-cu ilin iyun ayında Nərimanov rayonu, N.Hacıyev küçəsi, 35 ünvanında yerləşən “Face studio”ya gəlmiş və orada da inzibatçı kimi işləmişdir. Əvvəl qeyd etdiyi kimi onun maddi vəziyyəti yaxşı olmadığından təklif etmişdir ki, nə vaxt lazım olsa köməklik göstərə bilər. O, İddiaçı müxtəlif vaxtlarda ümumi 7500 manata yaxın pul almışdır. Həmin puldan hər dəfə məvacibindən 300 manat pul tutulmaqla ödənişlər etmiş, Rüfətə 4150 manat pul borcludur. O, İddiaçı dəfələrlə təklif etmişdir ki, pulunu hissə-hissə ödəyəcək. Lakin İddiaçı buna razı olmamış, pulun hamısını birdən tələb etmişdir. Üstəlik onu işdən də azad etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən Cavabdeh həqiqətən də İddiaçı 4150 manat pul borclu olduğunu etiraf etməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 425.1, 442, 79.1-, MPM-nin 119.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. İş materiallarından görünür ki, cavadbeh iddiaçıya 4150 manat borclu olmasını polis bölməsində etiraf etmişdir. Bununla da onun iddiaçıya 4150 manat borclu olması qeyd edilən qərarla təsdiq edilir. Cavabdeh tərəf şikayətində iddiaçıya olan borcunun çox hissəsini qaytarmasını, iddiaçıya 1000 manat borclu qalmasını bildirsə də buna dair hər hansı sübutu, iddiaçıya olan borcunu qaytarmasını təsdiq edəcək sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, cavabdeh dəlillərini sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması barədə gəldiyi nəticədə məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)2456/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)2456/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar