Məhkəmə qərarları › İş №2(105)-642/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-642/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-642/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçı Məmmədova (Qurbanova) Jalə Çərkəz qızı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli e-2(012)-3957/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Cəfərovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı, xx.xx.2022-ci il tarixdə ünvan 2üraciət edərək, qonşusu X1 qızıl sataraq əlavə qazanc əldə edəcəkləri adı ilə onu aldadaraq 14000 manat dəyərində qızıllarını ələ keçirməsi barədə məlumat vermişdir. Müraciət əsasında Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi, polis kapitanı X4 tərəfindən araşdırma aparılmış, 09 iyun 2022-ci il tarixli qərarla AR CPM-nin 39.1.2-ci və 212-ci maddələrinin tələbinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

2. Həmin material Abşeron rayon prokurorluğunda öyrənilmiş, 09 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək, əlavə araşdırma aparılması üçün bir sıra göstərişlərlə Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir.

3. 11 avqust 2022-ci il tarixdə toplanmış materialın icrası Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi X3 həvalə edilmişdir. Toplanmış material Abşeron rayon prokurorluğu tərəfindən tələb edilərək öyrənilmişdir, 07 oktyabr 2022-ci il tarixdə material Abşerin RPİnin İŞ-nə qaytarılmışdır və 02 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

4. Həmin material Abşeron rayon prokurorluğunda öyrənilmiş, 28 mart 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək, əlavə araşdırma aparılması üçün bir sıra göstərişlərlə Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir.

5. Araşdırma müddətində izahatı alınmış X2 verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur. Onu faizə pul verən və qızıl alverçisisi kimi tanımışdır. Yəni ki, başqasının qızıllarını ucuz qiymətə nisyə götürüb üzərinə öz xeyrini qoyub baha qiymətə başqasına nisyə satan kimi 2021-ci ilin dekabr ayında Jalə ona təklif etmişdir ki, əlində yaxşı ucuz qiymətə qızıllar var. Demişdir ki, “götür üstünə də öz xeyrini qoy, öz istəyinlə nisyə də sata bilərsən nağd da. Qızıl sahibləri ona inandıqları üçün uzun müddətli gözləyə bilirlər. Əsas odur ki, sat həm mən qazanım həm də sən”. Onun da həmin zamanlarda pula ehtiyacı olduğu üçün o, Jalədən bir neçə dəfə qızılları götürüb üzərinə də xırda bir məbləğ olaraq öz xeyrini qoyub tanışlarına nisyə satırdı. Daha sonra satdığı qızıllardan öz xeyrini götürüb Jaləyə çatası pulları ona qaytarmışdır. Daha sonra o, Jalədən iki sep hər biri 700 manat dəyərində ümumilikdə 1400 manat, 01 komplekt - dəyəri 2000 manat olan qızılı şəxsən özü üçün götürmüşdür ki, pulunu xırda-xırda Jaləyə qaytarsın. Eyni zamanda da, əlavə olaraq 2600 manat dəyərində Jalədən satmaq üçün bir neçə qızıl götürmüşdür. Götürdüyü qızılların ümumi dəyəri cəmi 6000 manat təşkil edirdi. O, satış üçün götürdüyü qızılları öz iş yoldaşlarına vermişdir. Onlar götürdükləri qızılların pulılarını hissə-hissə ona qaytardılar və o, də həmin pulları Jaləyə qaytarmışdır. Sonra elə olmuşdur ki, o özü üçün götürdüyü iki sep bir komplektin pulunu qaytara bilməmişdir. O, Jaləyə demişdir ki, ödəməyə imkanı yoxdur özü üçün götürdüyü həmin qızılları ona geri qaytarsın. Jalə isə ona demişdir ki, “mən qızılları qəbul edə bilmərəm, sahiblərinə verə bilmərəm, mən onlara ancaq pul verməliyəm”. Onun borcu qaytarmağa imkanının olmadığını bildikdən sonra Jalə ona təklif etmişdir ki, Jalə başqa şəxslərdən lom qızıl götürüb versin ona, o, da həmin qızılları lom qiymətinə satıb Jaləyə versin ki, özü üçün götürdüyü qızılların borcu bağlansın. Lom kimi götürüb satacağı qızılların ödənişləri üçünsə müddəti yaransın. O da borcu bağlamaq üçün məcbur olub razılaşmışdır. Jalə ona loma gedən dəyəri ümumilikdə 10.600 manat olan qızılları vermişdir və demişdir ki, “bunu sat özün üçün götürdüyün seplərə və komplektə olan 3400 manat borcunu tez qaytar, qalan borcu da hissə-hissə qaytararsan”. Onlar oturub hesablamış onun Jaləyə ümumilikdə 14000 borcu yaranmışdır. Belə ki, 3400 öz borcu, 10600 manat isə lom kimi götürdüyü qızılların qiyməti. O, həmin qızılları tanışlarına nisyə olaraq lom qiymətinə satmışdır, özü üçün götürdüyü qızılların pulu olan 3400 manat borcunu Jaləyə qaytarmışdır. Jaləyə demişdir ki, yerdə qalan məbləği pulları yığdıqca hər ay hissə-hissə ödəyəcəkdir. Daha sonra o, hissə-hissə Jaləyə olan borcundan bir qismini qaytarmışdır. Yerdə qalan hissəsini isə ailədə maddi sıxıntılar olduğu üçün ailəsində olan maddi problemlərin həllinə xərcləmişdir. Daha sonra borcu qaytara bilmədiyi üçün Jalə ilə münasibətləri soyumuşdur, Bu səbəbdən də onun həyat yoldaşı 2500 manat pul tapıb Jaləyə ödəmişdir və nəticədə onun Jaləyə ümumilikdə 5500 manat borcu qalmışdır. Jalə də araları dəydiyi üçün ona demişdir ki, üzünə durmaq da olsa şikayət edib üç qatını alacaq. Bu səbəbdən də Jalə ona qarşı üzədurma kompaniyasına başlamışdır. Ona hədə-qorxular gəlmişdir, həyat yoldaşına təhdidlər etmişdir, qonşular arasında dedi-qodu yaratmışdır və polisə şikayət etmişdir ki, guya onun Jaləyə 14000 borcu var. Bu söhbətlərə son qoymaq üçün o, özünün iki ədəd qızıl sepini və bir ədəd komplektini 3000 manata satmışdır, əlavə 2000 manat da borc tapıb 5000 manat düzəldib təxminən bir ay, müddət olar ki, Jaləni evə çağırıb pulu ona vermişdir ki, daha imkan edə bilmir, xahiş etmişdir ki, polisdən şikayəti geri götürsün, 500 manat borcu üçün bir müddət gözləməsini xahiş etmişdir ki, aldığı borcu qaytarana qədər gözləsin. Jalə isə evdə hay-küy salmış, ona 5000 manat pulları təhvil alması barədə qəbz yazmasını tələb etmiş, lakin Jalə evdə qışqır-bağır salaraq onu təhqir edib heç bir yazı yazmadan getmişdir. Faktiki olaraq onun bugünkü gün Jaləyə 500 manat borcu qalmışdır. 500 manatı isə qaytara bilmir ondan ötəri ki, hələ aldığı borcun 2000 manatının ödənişini edir və Jaləyə 500 manat qaytarmağa imkan edə bilmir. Əslində isə o, yox, Jalə ona qarşı dələduzluq edib. Çünki ondan aldığı puları danır və 500 manat borcu olduğu halda ondan üzədurma yolu ilə əlavə olaraq 14000 pul tələb edir.

7. Qərarda həmçinin göstərilir ki, istintaq araşdırması zamanı tərəflərin hər birinə təklif edilmişdir ki, istintaqa sübut kimi təqdim etdikləri “whatsapp” mesajlarının kserosurətinin doğruluğunun müəyyən olunması üçün mobil telefonlara baxış keçirilsin və həmin mesajların doğruluğu müəyyən olunsun. Tərəflər “whatsapp”dan bütün yazışmaların silindiyini bildirmişdirlər. Bu səbəbdən də kağız üzərində kserosürət olunan və istintaqa təqdim edilən həmin mesajların kserosurətləri sübut növü kimi qəbul edilə bilməz.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 (on dörd min) manat pulun və 135 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin dekabr ayında adını Səbinə kimi bildiyi rəfiqəsi qızıl alış-satışında yaxşı qazanc olduğunu bildirərək bu işlə məşğul olmağı təklif etmiş, əvvəldən bu işə razı olmasa da, onun xeyli təkidindən sonra bu işlə məşğul olmağa razı olmuşdur. Dekabr ayında ilk dəfə ona yaxınlaşaraq qızıl istəyən müştəri olduğunu bildirmiş və bir neçə qızıl əşyası götürüb, satmağa aparmışdır. Cavabdehdən qızılları kimə satdığını soruşduqda bir dəfə, Masazırda yaşayan rəfiqəsinə sonra işlədiyi yerdə onunla birlikdə işləyən qızlara sonuncu dəfədə qohumlarının toy etdiklərini onlara satacağını bildirmişdir. Başlanğıcda satmaq üçün apardığı ona məxsus olan qızılların pullarının bir hissəsini gətirib, satmaq üçün yeni qızıl istəyəndə ona əvvəlcədən satdığı qızılın pulunu istəyəndə narahatçılığa əsas olmadığını bu işin belə olduğunu bildirmişdir. Ona etibar etdiyi üçün və əvvəllər qızıl alqı-satqısıyla məşğul olmadığına görə onun söylədiklərinə inanmışdır. Beləcə bir neçə dəfə cavabdeh satmaq adı ilə qızıl aparmışdır. Hər dəfə ondan apardıqları qızılların müqabilində xırda ödənişlər etmişdir. Borc on dörd minə çatanda bildirmişdir ki, ona pul verməsə, daha qızıl verməyəcəkdir. Ondan qızılların pulunu istəyəndə müxtəlif bəhanələr gətirərək vaxt qazanırdı. Şüphələnməyə başladıqda cavabdehdən ona məxsus olan pulu və ya qızılı tələb etsə də, o səbrli olmağını, bu barədə heç kəsə heç nə deməməyi, əgər kiməsə desə pulu verməyəcəyi ilə təhdid etməyə başlamışdır. Cavabdehdən israrla on dörd min manat pulunu istədikdə Səbinə ona sadəcə dörd-beş min manat pul verə biləcəyini söylədi. Cavabdehə verəcəyi pulun dörd-beş manat yox on dörd min manat olduğunu bildirəndə Səbinə ona hədə-qorxu gələrək başına bir iş gələcəyi təqdirdə məsuliyyət daşıyacağını bildirmişdir. Buradan aydın olur ki, cavabdeh onu aldatmışdır. O, Polis İdarəsinə Səbinənin ona etdiyi dələduzluq hərəkətinə görə şikayət etmişdir. Bir il müddətində aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanması barədə rədd qərarı qəbul olunmuş və mülki qaydada məkhməyə müraciət etmək təklif olunmuşdur.

10. Cavabdeh vəkili - nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul etmiş və izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh qonşusudur. Cavabdeh İddiaçı qızıl alverçisi kimi tanımış, 2021-ci ilin dekabr ayında Jalə cavabdehə təklif etmişdir ki, əlində yaxşı ucuz qiymətə qızıllar vardır, götürüb üstünə də öz xeyrini qoyub, öz istəyi ilə nisyə və nağd sata bilər. Qızıl sahibləri ona inandıqları üçün uzun müddətli gözləyə bilirlər. Cavabdehin həmin zamanlarda pula ehtiyacı olduğu üçün o, Jalədən bir neçə dəfə qızılları götürüb üzərinə də xırda bir məbləğ olaraq öz xeyrini qoymaqla tanışlarına və iş yoldaşlarına nisyə satmış və satdığı qızıllardan öz xeyrini götürüb Jaləyə çatası pulları ona qaytarmışdır. Cavabdeh müxtəlif vaxtlarda ödənişlər aparmış, yerdə qalan hissəsini isə ailəsində maddi sıxıntılar olduğu üçün ailəsində olan maddi problemlərin həlinə xərcləmişdir. Cavabdehin iddiaçıya cəmi 5500 manat borcu vardır. Bu hal özünü 08 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır.

11. Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli e-2(012)-3957/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilərək, Cavabdeh 14000 manat pul və 132 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Cavabdeh İddiaçı məxsus qızıl - zinət əşyalarını nisyə götürərək satmaq, satışdan əldə olnmuş 14000 manat pulu iddiaçıya qaytarmaq öhdəliyi götürmüş, lakin həmin pulu qaytarmamış və nəticədə cavabdeh öz hərəkətləri ilə özünün əsassız varlanmasına səbəb olmuşdur. Qeyd olunan bu xüsusat məhkəmədə İddiaçı verdiyi izahatı ilə yanaşı, iş materialalrnda olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdehin verdiyi izahatda da öz əksini tapmışdır.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 1091.1 - 1092.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.4-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia əriəsinin 500 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən sübutetmə vəzifəsinin iddiaçının üzərinə düşdüyünə istinad etsə də, iddiaçı məhkəməyə istintaqda gedən araşdırma materialından başqa heç bir sübut təqdim edə bilməmişdir. Əgər istintaq materialları nəzərdən keçirilirsə o zaman izahatında Cavabdeh həqiqətən iddiaçı ilə qızıl alış-verişi etdiklərini həmin münasibətdən yaranmış borcun çox hissəsini qaytaracağını və yalnız ona 5500 manat borcu qaldığını qeyd etdiyini görə bilərik. Cavabdeh həqiqətən əsassız varlanmaq və ya borcu qaytarmaq istəməsəydi ümumiyyətlə bunları etiraf etməzdi. İş üçün əhəmiyyətli olan yeganə sübutlardan olan telefon vasitəsilə tərəflərin bir-birinə yazmalarıdır ki, orada belə Cavabdeh 5500 manat borclu qaldığını və həmin borcdan da istintaqa şikayət veriləndən sonra 5000 manat ödənildiyini görə bilərik. Lakin məhkəmə hərtərəfli yox, birtərəfli araşdırma apardığından həmin hallara qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Məmmədova (Qurbanova) Jalə Çərkəz qızı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

20. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

23. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi qızıl-zinət əşyalarının onunla qonşuluqda yaşayan Cavabdeh verməsi, lakin onların dəyərini təşkil edən 14.000 manat pulun qaytarılmamasından ibarətdir.

33. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, o, Cavabdeh özünə məxsus olan qızılları vermiş, sonuncu ilə onları sataraq pulunu ödəməsi barədə razılaşmaları olsa da, sonuncu 14.000 manat dəyərində qızılı almış, lakin pulunu ödəməkdən yayınmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, qızılların dəyəri olan pul vəsaitinin ödənilməsini tələb edən iddiaçı cavabdehin bu barədə onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

35. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı Jalə Məmədovadan 14.000 manat dəyərində qızıl-zinət əşyaları aldığı iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda, cavabdehin yazılı formada verdiyi izahatında, o cümlədən məhkəmə iclasında verdiyi izahatında öz təsdiqini tapır.

36. Lakin, cavabdehin qeyd edilən məbləğdən hazırda iddiaçıya yalnız 500 manat ödəməli olması, qalan məbləğlərin isə ödənildiyi kimi göstərdiyi hallar tədqiq olunmuş sübutlarla təsdiq olunmur.

37. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf iddiaçıya ödənilməli olan pul vəsaitindən cəmi 500 manat qaldığını təsdiq etmək üçün sosial şəbəkə vasitəsilə iddiaçı ilə yazışmalarına dair kağız üzərində olan surət təqdim etmiş, lakin həmin yazışmanı həqiqiliyini iddiaçı təsdiq etməmiş, əksinə belə yazışmanın olduğunu inkar etmiş, cavabdeh isə yazışmanın mobil telefonda olmadığını və silindiyini bildirmişdir. Odur ki, sübut növü kimi istinad olunan həmin dəlili məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

38. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud tələbi əsasında cavabdehdən 14.000 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgündür.

39. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

42. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara və iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli e-2(012)-3957/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar