Məhkəmə qərarları › İş №2(105)-644/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-644/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-644/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-110/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-110/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 kredit və zaminlik müqavilələri üzrə yaranmış əsas borc üzrə 2264.31(iki min iki yüz altmış dörd manat otuz bir qəpik) manat, faiz borcu üzrə 1332.80 (min üç yüz otuz iki manat səksən qəpik) manat və 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3607.11 (üç min altı yüz yeddi manat on bir qəpik) manat məbləğində ödənilməmiş borcun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun ləğv prosesində olan QSC «Bank Standart» KB-nın xeyrinə tutulması qət edilmişdir (R.T.Həsənov). Qətnamədən iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən apelyasiya şikayəti verilərək Quba Rayon Məhkəməsinin 2(027)-110/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsinin təmin olunmayan hissədə ləğv edilərək əsas, faiz, cərimə (dəbbə) hissəsində Bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı “Ləğv prosesində olan QSC «Bank Standart» KB ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 28.10.2013-cü il tarixli, 100/16/46121/13 saylı kredit müqaviləsi üzrə 2283.84 (iki min iki yüz səksən üç manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 1343.64 (bir min üç yüz qırx üç manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 289.40 (iki yüz səksən doqquz manat qırx qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 3916.88 (üç min doqquz on altı manat səksən səkkiz qəpik) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2013-cü il tarixdə kredit verilməsi haqqında 100/16/46121/13 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə 28 oktyabr 2013-cü il tarixli, 100/16/46121/13-01 saylı, Cavabdeh3 ilə 28 oktyabr 2013-cü il tarixli, 100(16/46121/13-02 saylı, Cavabdeh4 ilə 28 oktyabr 2013-cü il tarixli, 100/1.6/46121/13- 03 saylı zaminlik müqavilələri (bundan sonra - Zaminlik Müqavilələri) əsasında Kredit Müqaviləsinin Borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımağa öhdəliyini öz üzərilərinə götürmüşdürlər. Hesab edirlər ki, məhkəmə qətnaməsi qismən əsassız və qanunsuzdur, həmin qətnamə təmin olunmayan hissədə əsas, faiz və cərimə (dəbbə) hissəsində, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında dəyişdirib həmin hissədə Bankın tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Bankın tələbindən göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 2283.84 manat (iki min iki yüz səksən üç manat, səksən dörd qəpik) məbləğində əsas borc, 1343.64 (min üç yüz qırx üç manat, altmış dörd qəpik) məbləğində faiz borcu, 289.40 manat (iki yüz səksən doqquz manat, qırx qəpik) məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3916.88 manat (üç min doqquz yüz on altı manat, səksən səkkiz qəpik) məbləğində borcu qalmışdır. Belə ki, Bankın tələbi üzrə əsas hissəsi üzrə 2283.84 manat olduğu halda 2264 manat faiz hissəsi üzrə 1343,64 manat olduğu halda 1332 manat, cərimə hissəsi üzrə 289.40 man olduğu halda yalnız 10 manat təmin olunmuşdur. Məhkəmə öz qətnaməsində məhkəmə mühasibatlıq ekspertizasına istinad etmişdir. Belə ki, rəy tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanmadan, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatı aparılmadan verilmiş və qoyulmuş suallar üzrə əsaslandırılmamışdır, qeyriobyektivliyə yol verilmişdir. Qeyd etmək lazımdır ki, ekspertiza rəyi yalnız sübutlardan biridir. Göründüyü kimi, məhkəmənin yalnız ekspertiza rəyinə əsaslanması qanunvericiliyin tələbinə ziddir. Məhkəmənin yalnız ekspert rəyinə istinad etməklə iddianı qismən təmin etməsi, işdə olan digər sübutları nəzərə almaması (hesabdan çıxarış, maliyyə arayışı və s.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğ edilməsinə əsas verir (birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi). Göründüyü kimi məhkəmə qətnaməsində iş üzrə mövcud olan faktlar qətnamədə bir-birinə zidd olan sübutlarla əsaslandırılmışdır Məhkəmə ümumiyyətlə yalnız ekspert rəyinə əsaslanaraq iddianı təmin etməməsini, iddiaçı tərəfindən təqdim edilmiş sübutları hansı əsaslarla rədd etməsini əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilər halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bundan başqa iş materiallarında cavabdehin borcunu təsdiq edən kifayət qədər mötəbər sübutlar olduğu halda məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Hesab edirlər ki, hazırkı mübahisədə ekspertiza iş üçün əhəmiyyəti olan heç bir hala aydınlıq gətirmədiyi üçün onun təyin edilməsinə zərurət yoxdur. Belə olan halda iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi məqsədəmüvafiq hesab olunmalıdır. Dirər tərəfdən AR MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir, pul vəsaitlərinin qanunvericiliyin tələbinə uyğun silinməsini, qalıq borcun olub-olmamasını müəyən etməli olduğu halda məhkəmə tərəfindən lazımi araşdırılması aparılmamışdır, bununla da qeyd edilən məsələ üzrə mübahisə həll edilməmişdir. Kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranan faiz və cərimə üzrə borcunun olmasını da qeyd etməmiş və nəzərə almamışdır. Beləliklə də, məhkəmə kredit müqaviləsinin şərtlərinə qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən Quba Rayon Məhkəməsinin 2(027)-110/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsinin təmin olunmayan hissədə ləğv edilərək əsas, faiz, cərimə (dəbbə) hissəsində Bankın iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB ilə borclu Cavabdeh1 arasında 28.10.2013-cü il tarixli, 100/16/46121/13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik 26% olmaqla 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit ayrılmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında 2283.84 (iki min iki yüz səksən üç manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 1343.64 (min üç yüz qırx üç manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 289.40 (iki yüz səksən doqquz manat qırx qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 3916.88 (üç min doqquz yüz on altı manat səksən səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. İş üzrə keçirilmiş 20.02.2020-ci il tarixli, 4538 saylı ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları 28.10.2013-cü il tarixli, 100/16/46121/13 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddia tələbi tarixinə, yəni 03.05.2018-ci il tarixinə iddiaçı QSC«Bank Standart» KB-yə olan borcu ümumilikdə 3597.11 (üç min beş yüz doxsan yeddi manat on bir) manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 2264.31(iki min iki yüz altmış dörd manat otuz bir qəpik) manat, faiz borcu üzrə 1332.80 (bir min üç yüz otuz iki manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarından 28.10.2013- cü il tarixli, 100/16/46121/13 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. Məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə keçirilmiş 08 may 2021-ci il tarixli, 9/2381 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28.10.2013-cü il tarixli, 1000/16/46121/13 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 olunun 03.05.2018ci il tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu 2877,25 manat məbləğində, o cümlədən əsas borc üzrə 2264,31 manat, faiz borcu üzrə 612,94 manat müəyyən olunur, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3 və 449.4-cü maddələrinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllə ilə 472.2-ci əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllə ilə 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. İş materiallarından görünür ki, məhkəmə kollegiyasının qərarına əsasən iddiaçının apelyasiya şikayətimnin dəlillərinin yoxlanılması üçün ekspertiza təyin edilmişdir. Belə ki, iddiaçı məhkəmə tərəfindən cavabdehlərdən tutulacaq əsas, faiz və cərimə borcunun düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyindən görünür ki, cavabdehlərin iddiaçıya 2877,25 manat məbləğində, o cümlədən əsas borc üzrə 2264,31 manat, faiz borcu üzrə 612,94 manat borcu vardır. Sonuncu ekspertiza rəyi ilə müəyyən edilən əsas və faiz məbləğləri birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən məbləğlərdən daha azdır. Lakin hazırkı iş üzrə apelyasiya şikayəti iddiaçı tərəfindən verildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğlərin tutulmasına dair gəldiyi nəticə ilə razılaşır. Bundan başqa apelyant öz apelyasiya şikayətində ekspertiza rəyinin əsassız olaraq məhkəmə tərəfindən sübut kimi qəbul edildiyini qeyd etsə də bunu əsaslandıra bilməmiş, təkzib edici hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə görə ekspert rəyi sübutun növlərindən biridir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən, 2264.31 manat məbləğində əsas və 1332.80 manat məbləğində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə haqlı olaraq tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 10 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri ümimi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin 2(027)-110/2020 saylı, 04.06.2020-ci il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-110/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-dən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada ekspertiza xərci 100.00 (yüz) AZN tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Az.MEM, VÖEN **********, AZ 34 CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar