Məhkəmə qərarları › İş №2(105)-645/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-645/2024

27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-645/2024 27.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-3391/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2018-ci il tarixli 2(105)-2428/2018 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq aliment məbləğinin artırılmasını, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat, ümumilikdə 660 manat olmaqla sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə xx.xx.2010-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il tarixində X6, xx.xx.2017-ci il tarixində X8, xx.xx.2015-ci il tarixində X7 doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-150/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Belə ki, boşandıqdan sonra cavabdeh onunla yaşamır. O, birgə nikahlarından doğulmuş övladına baxmır və onun saxlanması üçün heç bir maddi yardım göstərmir. Hal-hazırda uşaqlar böyüyürlər. Onlar böyüdükcə xərcləri də artır. Artıq böyük uşaqlar məktəb hazırlıqlarına başlayırlar, heç bir yerdə işləmir. Tək başına 3 uşağa baxmaq çox çətindir. Hazırlıqların ödənişni ödəməyə isə ümumiyyətlə imkan yoxdur. Cavabdeh uşaqların maddi vəziyyəti və dərsləri ilə maraqlanmır. Rəsmi gəlir yeri olmasa da o, maşın alqı-satqısı ilə məşğuldur və yaxşı gəlirləri mövcuddur. Mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmək üçün mediasiyaya müraciət etsə də, cavabdeh iştirakdan imtina etmişdir. Buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi bu nəticə ədalətli deyildir. Belə ki, İddiaçı hal-hazırda işləmir. Qardaşının və anasının himayəsindədir, ana təqaüdçüdür. Hazırki zamanda təkbaşına 3 uşağa baxmaq çox çətindir. Uşaqlar artıq böyükdür və məktəb hazırlıqlarına başlayıblar. Bunu qarşılamaq isə çox cətindir. Cavabdehin də ifadəsində İddiaçı sosial yardım almaqla bağlı iddiaları düzgün deyil. O, hal-hazırda heç bir sosial yardım almır. Cavabdeh işləyir və tək yaşayır. Onun öncəliyi uşaqları və onların təhsili olmalıdır. Tək yaşayan, işləyən ata 3 uşağa baxa bilmirsə, işləməyən 1 qab yemək üçün qardaş və bacısına möhtac olan insan 3 uşağa necə baxsın. 2018-ci il tarixində hər uşağa 100 manat aliment hesablanmışdır. Həmin tarixdən 6 il keçib və artan məbləğ isə 140 manat olub. 6 ilə 40 manat aliment artımı cox təəccüblüdür. 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat idi və o zaman hər usağa 100 manat hesablanmışdır. Hal-hazırda 2024-cü ildir və ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manatdır. 235 manata münasibətdə 140 manat hər uşağa alimentin hesablanması ağlabatan deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşaqların marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının11 iyun 2018-ci il tarixli 2(105)-2428/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maddi və ailə vəziyyəti nəzərə alınaraq, alimentin məbləği bir uşaq üçün 140 manata qədər artırılmış, lakin iddiaçı bu nəticədən narazı qalaraq qətnaməni mübahisələndirmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il müddətə ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, yəni bu alimentin miqdarının tələb olunan məbləğdə artırılması üçün Cavabdeh Qəmküsər oğlunun maddi vəziyyətində dəyişiklik olmamış, yəni onun gəlirləri artmamışdır. İddiaçı Cavabdeh maddi vəziyyətindəki dəyişiklə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1. maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat miqdarında alimentin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat miqdarda tutulması təşkil edir (660-420=240 manat). Həmin artımın bir il ərzində məcmusu isə (240 X 12 ay = 2880 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar