Məhkəmə qərarları › İş №2(105)-647/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-647/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-647/2022 28.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair Quba Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(027)-528/2021 saylı qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(027)-528/2021 saylı qətnaməsi ilə (hakim Rahim Həsənov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə əsas borc üzrə 3354,50 (üç min üç yüz əlli dörd manat əlli qəpik) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(027)-528/2021 saylı qətnaməsinin dəyişdirilərək iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3354,50 manat, faiz borcuna görə 0,00 manat, cərimə borcuna görə 0,00 manat, cəmi 3354,50 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli **********5009 saylı kredit müqaviləsinə əsasən şəxsi biznes məqsədləri və həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 29 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 390 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard" adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşlar. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 15.10.2014-cü il tarixli **********5009 saylı kredit müqaviləsi 25.10.2015-ci il tarixli **********5009 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 4827,00 manat, faiz 0.00 manat, cərimə 0.00 maat müəyyən edilmişdir. Eyni tarixli **********0630-510615 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 11.01.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən 25.10.2015-cı il tarixli **********5009 saylı kredit müqaviləsi üzrə borcun məbləği 3354.50 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0,00 manat olmaqla cəmi 3354.50 (üç min üç yüz əlli dörd manat, əlli qəpik) manat təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir nəticə verməmiş və kreditor İddiaçı МММ QBKT öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ona aid hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, X1 İddiaçı-dan 15.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 7000 manat məbləğində kredit almış, həmin müqavilədə ona zamin dayanmışdır. Bundan sonra, Rahim Şixməmmədov ilə İddiaçı arasında 25.10.2015-ci il tarixdə 15.10.2014-cü il tarixli **********5009 saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair Saziş imzalanmışdır. Həmin Sazişə əsasən kredit müqaviləsinin müddəti 36 ay göstərilmişdir. Onunla isə 25.10.2015-ci il tarixdə Zaminlik müqaviləsi bağlanılmış, Rahim Şixməmmədovun 25.10.2015-ci il tarixli **********00630 saylı kredit müqaviləsinə 36 ay müddətinə zamin dayanmışdır. Bundan sonra, Rahim Şixməmmədov borcunu ödəmədiyi üçün İddiaçı 15 yanvar 2021-ci il tarixdən sonra ona, Rahim Şixməmmədova və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası barədə ona heç bir məlumat verilməmiş, məhkəmə iclasının keçirilməsindən məlumatsız olmuşdur. İddia tələbinin ona qarşı əsassız olmasını aşağıdakılarla əsaslandırırır.

1. O Rahim Şixməmmədova 15.10.2014-cü il tarixli 24 ay müddətinə bağlanılmış, 7000 manat məbləğində kredit müqavilə üzrə zamin dayanmışdır. Həmin müqavilə üzrə də onun zaminlik müddəti başa çatdığı üçün müqaviləyə xitam verilməlidir. Belə ki, həmin müqavilədə zaminliyin müddəti göstərilməmişdir. Zaminliyin müddəti göstərilmədikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən əsas kredit müqaviləsi üzrə müddət 24 ay olduğu üçün, yəni əsas kredit müqaviləsi üzrə müddət 15.10.2016-cı il tarixdə bitdiyi üçün bundan bir il ərzində ona qarşı heç bir iddia tələbi irəli sürülmədiyi üçün onun zaminliyinə xitam verilməlidir.

2. İş materiallarında 25.10.2015-ci il tarixli zaminlik müqaviləsi vardır. Həmin zaminlik müqaviləsində Rahim Şixməmmədova 25.10.2015-ci il tarixli **********00630 saylı kredit müqaviləsinə əsasən 4827 manat məbləğində 36 ay müddətində olan kreditə zamin dayandığı qeyd edilmişdir. Həmin tarixdə Rahim Şixməmmədovla **********00630 saylı kredit müqaviləsinin bağlanması barədə iş materiallarında heç bir sübut, yəni kredit müqaviləsi yoxdur. Yalnız həmin tarixdə 15.10.2014-cü il tarixli **********5009 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair Saziş vardır ki, Sazişlə Kredit müqaviləsi tamamilə ayrı-ayrı əqdlərdir. Hətta həmin tarixdə kredit müqaviləsi olsa belə, 25.10.2015-ci il tarixli zaminlik müqaviləsində kreditin müddəti 36 ay göstərilmiş, zaminliyin müddəti isə mücərrəd olaraq, yəni kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən müddətlər konkret olmalı, saatlarla, günlərlə, aylarla, illərlə göstərilməlidir. İmzaladığı Zaminlik müqaviləsində müddət göstərilmədiyi üçün, əsas kredit müqaviləsinin müddəti isə 25.10.2018-ci il tarixdə bitdiyi üçün, bundan bir il sonra yəni 25.10.2019-cu il tarixdə zaminliyə xitam verilməlidir. Yenə də qeyd etdiyi kimi, İddiaçı tərəfindən məhkəməyə iddia 25.10.2019-cu il tarixdən təxminən 1 ildən çox sonra, yəni 15 yanvar 2021-ci il tarixdən sonra verilmişdir. Belə olan halda yenə də zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Ona görə də zaminliyə xitam verilməlidir. İş materiallarında olan kredit müqaviləsi ilə birlikdə bağlanmış 15.10.2014-cü il tarixli müqaviləsində və 25.10.2015-ci il tarixli zaminlik müqaviləsində bu müqavilənin kredit verənin tələblərinin tam şəkil ödənildiyi vaxta qədər qüvvədə olması qeyd edilmişdir. Göründüyü kimi, zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmiş, borclunun müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlərin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdəsinə götürmələri göstərilmişdir. Lakin belə məzmunda şərt müddət anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçıya və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- Cavabdeh3 aid hissədə ləğv edilməli, ona aid hissədə iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli **********5009 saylı kredit müqaviləsinə əsasən borcluya şəxsi biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25.10.2015-ci il tarixli **********5009 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair sazişlə müəyyən olunur ki, 15.10.2014-cü il tarixli **********5009 saylı kredit müqaviləsinin restrukturizasiya olunması barədə tərəflər razılığa gəlmişlər, saziş şərtləri ilə qalıq borc 4827,00 manat, faiz 0.00 manat, cərimə 0.00 manat müəyyən edilmiş, sazişdə göstərilən məbləğin 36 ay müddətində tamamilə ödəniləcəyi qeyd olunmuşdur. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 25.10.2015-ci il tarixli **********0630-510615 saylı zaminlik müqaviləsinə əsasən kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, Cavabdeh3 əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə verməyi öz öhdəsinə götürür.

Maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya 3354.50 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0,00 manat olmaqla cəmi 3354.50 (üç min üç yüz əlli dörd manat, əlli qəpik) manat borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və iddiaçı qarşısında cəmi 3354,50 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə Cavabdeh3 aid hissədə razılaşmır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı zaminə münasibətdə qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, zaminlik müqaviləsində müddət göstərilmədiyi üçün, əsas kredit müqaviləsinin müddəti isə 25.10.2018-ci il tarixdə bitdiyi üçün, bundan bir il sonra, yəni 25.10.2019-cu il tarixdə zaminliyə xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəməyə iddia 26 yanvar 2021-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini təsdiq edə bilmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi hallarını sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə Cavabdeh3 aid hissədə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən- Cavabdeh3 aid hissədə ləğv edilərək iddia həmin hissədə təmin olunmamalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(027)-528/2021 saylı qətnaməsi qismən – Cavabdeh3 aid hissədə ləğv edilsin və iddia həmin hissədə təmin olunmasın. Qətnamə - «Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMM QBKT-nin xeyrinə əsas borc üzrə 3354,50 (üç min üç yüz əlli dörd manat əlli qəpik) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulsun.» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar