Məhkəmə qərarları › İş №2(105)-647/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-647/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-647/2023 12.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Qafari və X1 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(074)-42/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 237790 manat, 140.000 ABŞ dolları ekvivalentində borc pulun, məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumun alınaraq ona xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh müəyyən problemlərini həll etmək üçün xx.xx.2018-ci tarixinədək olan müddətə qaytarmaq şərti ilə ondan 237.790 manat (iki yüz otuz yeddi min yeddi yüz doxsan), 140.000 ABŞ dolları (bir yüz qırx min ABŞ dolları ekvivalentində) borc pul alaraq bu barədə aralarında 11 saylı Notariat Kontorunda 17 iyul 2018-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh krediti qaytarmaq üçün üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtdan artıq 1 (bir) il müddət keçməsinə baxmayaraq yerinə yetirməmişdir. O, bu barədə cavabdehə dəfələrlə bidirilsə də, cavabdeh müxtəlif bəhanələrlə krediti qaytarmaqdan boyun qaçırmışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. xx.xx.2018-ci il tarixli Bakı şəhəri 11 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş Kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı, borc alan Cavabdeh 237790 manat (140000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən Borc alan borc məbləğini qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ doları ekvivalentində ödəyəcəkdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinin 19 may 2023-cü il tarixli XK-1248 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi ürə notariat işində olan 18 iyul 2018-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 237.790,00 (iki yüz otuz yeddi min yüz doxsan) manat notariusun depozit hesabına ödənilmişdir.

6. Notariat işində olan İddiaçı tərəfindən ünvan ünvanlanmış 17 iyul 2018-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh ilə kredit müqaviləsi üzrə 237.790 manat 00 qəpik (iki yüz otuz yeddi min yeddi yüz doxsan manat sıfır qəpik) (140 000 (bir yüz qırx min) ABŞ dolları ekvivalentində(məbləğində pulun ona (Cavabdeh) borc verilməsinə dair razılığa gəldiklərini bildirmiş, bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabınıza qəbul edilərək Cavabdeh ödənilməsini xahiş etmişdir.

7. Notariat işində olan Cavabdeh tərəfindən ünvan ünvanlanmış 17 iyul 2018-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı ilə kredit müqaviləsi üzrə 237 790 manat 00 qəpik (iki yüz otuz yeddi min yeddi yüz doxsan manat sıfır qəpik) (140 000 (bir yüz qırx min) ABŞ dolları ekvivalentində(məbləğində pulun ona borc verilməsinə dair razılığa gəldiklərini bildirmiş, həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra depozit hesab vasitəsi ilə ona ödənilməsini xahiş etmişdir.

8. Notariat işində olan Bakı şəhərinin xüsusi notariusu İ.A.Məmmədovun (VÖEN **********) "xxxx" ASC-nin Binəqədi filialına müqavilə üzrə ödənilməli məbləğin depozit hesabına qoyulması üçün notariusun banka təqdim edilən məktubunun layihəsindən görünür ki, İddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsinə görə ödənilməli olan 237.790 (iki yüz otuz yeddi min yeddi yüz doxsan) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildiyikdən sonra məktubu əsasında Cavabdeh İsmayəl oğluna verilməsi üçün bankda olan AZ97MUGA**********00002AZM07 nömrəli depozit hesanına qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(074)-42/2020 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia tələbi təmin edilərək, Cavabdeh 237.790 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı verilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh 237.790 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermişdir. Cavabdeh krediti xx.xx.2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğini qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmçinin tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Cavabdeh kredit borcunu iddiaçıya tam şəkildə ödəyəcəyini bildirsə də bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 427.3, 448.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1, 121.1, 77.1, 88, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

b) Apellyasiya şikayəti və onun dəlilləri

12. Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(074)-42/2020 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, iddianın əsası kimi istinad edilən, kredit müqaviləsinin tərtib edilməsi tamam başqa münasibətdən irəli gəlmiş, ortada hər hansı məbləğdə ondan pul alınmamış, borc mənzilin alqı-satqısından yaranmış və qısa müddətdə də qaytarılmışdır. İddiaçı əvəllər tanımamışdır. Onunla tanışlığı ona aid məzilin alqı-satqısı ilə bağlı yaranmışdır. Belə ki, İddiaçı aid olan mənzil bankda girovda olmuş və satışa çıxarılmışdır. Bu barədə birja qəzetində elan verilmiş və mənzilin şəkilləri verilmişdir. Həmin mənzil dayısı X5 maraqlandırmış və bu barədə qardaşı X3 demişdir. Aydəm də alqı-satqı firmasının müdiri olan Rüfətə zəng edib, həmin mənzilə maraqlanmasını xahiş etmişdir. Rüfətin topladığı məlumatdan bəlli olmuşdur ki, mənzil bankda girovdadır, hərraca çıxarılıb və bank tərəfindən götürülmək ərəfəsindədir. Bundan sonra Bankla əlaqə saxlamışlar, oradan da onları mənzilin sahibi olan cavabdeh İddiaçıla əlaqələndirmişlər. Qalibin adından onun yaxın adamı Zaurla danışıqlar aparılmışdır. Həmin vaxtlar İddiaçı xaricdə olmuş, danışıqlardan sonra İddiaçı Bakıya gəlmiş, mənzilin qiymətini 720.000 ABŞ dollarına razılaşmışlar. İlkin olaraq mənzili girovdan çıxarmaq üçün dayısı S.Eyubov 150.000 ABŞ dollar vermişdir Rüfətə, o da Zaurla gedərək evi girovdan çıxarmışlar. Sonra alqı-satqını rəsmiləşdirmək üçün notariat kontoruna getmişlər. 720.000 ABŞ dollardan əvvəlcədən ödənilmiş 150.000 ABŞ dollar nəzərə alınmaqla, razılaşdığları məbləğdən 140.000 ABŞ dollar pul qalıq qalmış, razılaşmışlar ki, pul 5-6 aya ödəniləcəkdir. Mənzil dayısı S.Eyubovun adına rəsmiləşdirilmişdir. Ona görə də kredit müqaviləsi onunla bağlanılmışdır. Bir aydan sonra da həmin məbləği hisə-hisə ödəməyə başlamış və təqribən 4-5 ay müddətinə yerdə qalan 140.000 ABŞ dollar məbləği tam şəkildə ödəmişdir. Pulların çox hissəsini iddiaçının adamı olan Zaur gəlib götürüb aparmış, Rüfətin də alıb göndərdiyi hal olub, bir dəfə də şəxsən Qalibin özünə verilib. Hər dəfə də pulun ona çatdırıldığı barədə məlumat vermiş və bununla bağlı aralarında heç bir sözsöhbət və irad olmamışdır. Həmin alqı-satqıya kimi ümumiyyətlə İddiaçı görməmiş, onu tanımamış və onunla hər hansı razılaşma olmamışdır. Alqı-satqıdan sonra da onunla heç bir əlaqəsi olmamışdır. Onun əlaqələri qardaşı Cavabdeh ilə olmuşdur və öz aralarında alver etmişlər. Sonda Qalib düzgün mal vermədiyinə görə mübahisələri olmuşdur. Belə ki, İddiaçı Türkiyədə yaşadığını və orada bizneslə məşğul olduğunu qardaşı Aydəmə demiş, qardaşı da ona malın üzərinə yapışdırılan “birkalar” lazım olduğunu demiş və birkaları Türkiyədə hazırlayıb göndərilməsi ilə bağlı qardaşı Aydəmlə cavabdeh İddiaçı razılaşmışlar. Pulu göndərəndən sonra da Qalib mallar göndərmişdir. Sonuncu 2 partiya birklarları düzgün olmayan mal göndərmiş, ntiəcədə 90.000 ABŞ dolları qardaşına ziyan dəymişdir. Sonradan Türkiyəyə gedəndə məlum olmuşdur ki, Qalib sonrakı partiyanı dediyi fabrikdən deyil, kustar üsulu ilə 32.000 dollar ucuzuna zay maldan düzəltdirmişdir. Özü də gəlib malını götürmür. Ona görə də həmin birkaları ləğv etməyə vermək məcburiyyətindədirlər. Lakin İddiaçı həmin birkaların satışından 120.000 ABŞ dolları gəlir olduğunu iddia edir və gəlirdən qardaşından pay istəyir. Bununla bağlı aralarında mübahisə baş vermiş və davam edir. İddiaçı da onunla arada olan kredit müqaviləsini məqsədli şəkildə istifadə etməyə qalxmışdır. Əslində isə mənzildən qalan borcun son məbləğini alandan sonra, kredit müqaviləsi ləğv edilmiş hesab olunur. Məhkəmənin ilk iclasında iştirak edərkən, bu barədə məhkəməyə geniş izahat vermişdir və iddiaçının da sonrakı iclasda iştirakının təmin edilməsini xahiş etmişdir. Lakin məhkəmənin sonrakı iclasları barədə bildirişlər ona çatmamışdır, iştirakı olmamışdır. Nəticədə işin faktiki halları aydınlaşdırılması mümkün olmamış, məhkəmə yalnız iddiaçının dediklərini nəzərə almaqla qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

15. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət əsssaz olduğundan rədd edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdə göstərilən hallar qeyri-obyektiv və həqiqətdən çox uzaq olmaqla heç bir hüquqi əsası yoxdur. Belə ki, iş üzrə Cavabdeh qardaşı Aydəm İsmayılova görə tanımışdır. Aydəm İsmayılovla onun biznes əlaqələri olmuşdur. Cavabdeh yaranmış borcun mənzilin satışından yarandığını və həmin borcun da sonradan 6 ay müddətinə hissə-hissə ödənildiyini qeyd edir. Ümumiyyətlə şikayətdə göstərilənlər boş cəfəngiyyatdan başqa bir şey deyildir. Əvvəla ona məxsus mənzilin pulu tam ödənilməsəydi o, həmin mənzili, ilkin alqı-satqı müaviləsi əsasında həyata keçirərdi. Daha borc müqaviləsi nə üçün bağlayırdı. Digər tərəfdən onun cavabdehin qardaşı Aydəmlə biznes əlaqələri olmuş və hər ikisi bu əlaqələrə görə bir-birilərini tanımışlar. İş üzrə Cavabdeh xx.xx.2018-ci tarixinədək olan müddətə qaytarmaq şərti ilə ondan 237790 manat (iki yüz otuz yeddi min yeddi yüz doxsan), 140.000 (bir yüz qırx min ABŞ dolları ekvivalentində) borc pul alaraq bu barədə aralarında 11 saylı notariat kontorunda 17 iyul 2018-ci il tarixdə kredit müqaviləsini rəsmiləşdirmişlər. Məhhkəmə qətnaməsində də göstərilmişdir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh 237790 manat (140000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermişdir. Cavabdeh krediti xx.xx.2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğini qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolan ekvivalentində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmçinin tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Cavabdeh kredit borcunu iddiaçıya tam şəkildə ödədiyini bildirsə də bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş və məhkəmə də mövcud mübahisənin həlli zamanı haqlı olaraq hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 427.3 və 448.1-ci maddələrinə istinad etmişdir. Ona görə də məhkəmə kollegiyasından Şamaxı Rayon Məhkəməsinin 2(074)-42/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsinin qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 2(105)- 967/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin iş üzrə 12 mart 2020-ci il tarixli 2(074)- 42/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh kredit borcunun iddiaçıya tam şəkildə ödədiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- İsmayıl Xəlilov (məruzəçi), Mehparə Əhmədova və Ələsgər Əliyev) 2(102)-3632/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-967/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

20. Kassasiya instansiya məhkəməsinin mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, məhkəmə qətnaməsi ilə tutulmalı olan pulun məbləği aydın deyil. Hazırkı işdə məhkəmənin nəticə etibarı ilə cavabdehdən hansı məbləğdə pulu (237.709 manat, yoxsa 140.000 ABŞ dolları) tutuması aydın deyil. 237.709 manat pulun tutulması qət olunmuşdursa, həmin məbləğin 140.000 ABŞ dolları ekvivalentində göstərilməsi ziddiyyət təşkil edir. Çünki həmin məbləğ ABŞ dollarının ekvivalenti ilə göstərilən məbləği təşkil etmir və gələcəkdə qətnamə icra olunan vaxtda tamamilə fərqli məzənnə ola bilər. Yox əgər məhkəmə 140.000 ABŞ dolları pulun ekvivalentində pul tutmaq qərarına gəlmişdirsə, yenə düzgün nəticə alınmır. Onda məhkəməyə lazım gəlirdi ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin şərtlərini təfsir edərək bununla bağlı dəyərləndirmə aparsın. Belə ki, həmin müqavilənin 3-cü bəndinə əsasən borc alan borc məbləğini qaytardığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödəyəcəkdir. İlk baxışdan belə qənaət hasil olur ki, borcun nə vaxt qaytarılmasından, maliyyə bazarında hansı dəyişikliyin baş verməsindən asılı olmayaraq borclu borc verənə 140.000 ABŞ dolları pul qaytarmalıdır. Lakin məhkəmələr müqavilənin həmin bəndləri ilə bağlı təftiş aparmamış, tərəflərin müqavilə bağlayarkən nəzərdə tutduqları şərtləri aydınlaşdırmamış və belə bir dəyərləndirmə aparmamışlar. Hətta, məhkəmələr tərəflərin müqavilə bağlayarkən pulun qaytarıldığı vaxtı məhz 140.000 ABŞ dolları məbləğində pulun qaytarılması barədə razılığa gəlmələri qənaətinə gəlmiş olsalar belə, yenə də qətnamə düzgün tərtib edilməmişdir. Tutulmalı olan pul məbləğinin dəqiq göstərilməsi üçün məhkəməyə lazım gələcəkdir ki, kredit müqaviləsinin qeyd olunan şərtləri ilə bağlı araşdırma aparsın, müqavilə bağlayarkən onların iradə ifadəsini aydınlaşdırsın. Həmin araşdırmanın zəruriliyi eyni zamanda cavabdehin irəli sürdüyü dəlillərin də (müqavilədə nəzərdə tutulan məbləğin evin alınmasından qalan məbləğ olması, və.s.) aydınlaşdırılmasına kömək etmiş olar və nəticə etibarı ilə həmin müqavilənin real kredit müqaviləsi olub-olmaması və yaxud borcun etirafı barədə müqavilə olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirmiş olar.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və İlqar Dəmirov) 09 avqust 2022-ci il tarixli, 2(105)-182/2022 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(074)-42/2020 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh İddiaçı ilə istinad edilən kredit müqaviləsini bağlayarkən hər hansı bir pul məbləğini qəbul etməmiş, həmin kredit müqaviləsi sonuncunun X10 ilə aralarında baş tutmuş ev alqı-satqısı zamanı Sahib Eyubovun həmin anda 720.000 ABŞ dolları məbləğində razılaşdırılmış evin dəyərinin tam şəkildə ödəyə bilmədiyi və qalıq qalan 140.000 ABŞ dollarının Sahib Eyubovun qohumu iş üzrə cavabdeh olan Cavabdeh adına görünüş üçün rəsmiləşdirilmiş bir müqavilədir və bu hal da, iş materialları ilə təsdiqini tapır.

23. Məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisələndirilən borc müqaviləsinin tərəfləri arasında belə bir hal (pulun verilməsi, əqdin predmetinin göz qabağında olması) mövcud olmamış, əksinə müqavilə üzrə borc verən tərəfin başqa şəxslə aralarında bağlanmış digər müqavilənin şərtlərini pərdələmək üçün (alqı-satqı müqaviləsində evin qiymətinin aşağı göstərilməsi və s.) hazırkı müqaviləni bağlamış ki, bu da yalan əqd anlayışını özündə ehtiva edir.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 337.1-4, 340.2, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-182/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- X8 (məruzəçi), X12 və X2 ibarət tərkibdə) 2(102)-6012/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-182/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamaqla Mülki Prosessual Məcəllənin 420ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, kassasiya instansiyası məhkəməsi qərarında göstərilir ki, müqavilənin 3-cü bəndinə əsasən borc alan borc məbləğini qaytardığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödəyəcəkdir. İlk baxışdan belə qənaət hasil olur ki, borcun nə vaxt qaytarılmasından, maliyyə bazarında hansı dəyişikliyin baş verməsindən asılı olmayaraq borclu borc verənə 140.000 ABŞ dolları pul qaytarmalıdır. Kassasiya məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr müqavilənin həmin bəndləri ilə bağlı təftiş aparmamış, tərəflərin müqavilə bağlayarkən nəzərdə tutduqları şərtləri aydınlaşdırmamış və belə bir dəyərləndirmə aparmamışlar. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hətta məhkəmələr tərəflərin müqavilə bağlayarkən pulun qaytarıldığı vaxtı məhz 140.000 ABŞ dolları məbləğidə pulun qaytarılması barədə razılığa gəlmələri qətnaətinə gəlmiş olsalar belə, yenə də qətnamə düzgün tərtib olunmamışdır. Belə olan təqdirdə alınıb verilməli olan pulun məbləği ABŞ dolları ilə göstərilməli, qaytarıldığı tarixdə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla qaytarılması müəyyən edilməlidir. Məhkəmə kollegiyasının daha sonrakı mövqeyinə görə tutulmalı olan pul məbləğinin dəqiq göstərilməsi üçün məhkəməyə lazım gələcəkdir ki, kredit müqaviləsinin qeyd olunan şərtləri ilə bağlı araşdırma aparsın, müqavilə bağlayarkən onların iradə ifadəsini aydınlaşdırsın. Həmin araşdırmanın zəruriliyi eyni zamanda cavabdehin irəli sürdüyü dəlillərin də (müqavilədə nəzərdə tutulan məbləğin evin alınmasından qalan məbləğ olması və s.) aydınlaşdırılmasına kömək etmiş olar və nəticə etibarı ilə həmin müqavilənin real kredit müqaviləsi olub-olmaması və yaxud borcun etirafı barədə müqavilə olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirmiş olar. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən kredit müqaviləsinin 3-cü bəndi ilə bağlı məsələ ətrafında araşdırma aparsa da, mübahisənin mahiyyətini tam həll etmək məqsədilə digər göstərişlər üzrə araşdırma aparmamışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdeh iddiaçı ilə istinad edilən kredit müqaviləsini bağlayarkən hər hansı bir pul məbləğini qəbul etməmiş, həmin kredit müqaviləsi sonuncunun X10 ilə aralarında baş tutmuş ev alqı-satqısı zamanı Sahib Eyubovun həmin anda 720.000 ABŞ dolları məbləğində razılaşdırılmış evin dəyərinin tam şəkildə ödəyə bilmədiyi və qalıq qalan 140.000 ABŞ dollarının Sahib Eyubovun qohumu iş üzrə cavabdeh olan Cavabdeh adına görünüş üçün rəsmləşdirilmiş bir müqavilədir və bu hal da iş materialları ilə təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad olunan nəticəyə gəlməsinə əsas ola biləcək hər hansı sübut, işin aydınlaşdırılmış hallarının mövcudluğu müəyyən olunmur. Yalnız cavabdeh tərəfin izahatında məhkəmənin istinad etdiyi hallara istinad edilir. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin göstərildiyi kimi bu faktlar işin digər hər hansı araşdırılmış halları təsdiq olunmur. Belə olan halda məhkəmənin iş materilarında olduğunu göstərdiyi sübutların nədən ibarət olması və hansı səbəbdən müqavilənin görünüş üçün bağlanmış müqavilə olaraq müəyyən etdiyi anlaşılmazdır. Göstərilən halların məcmusu belə nəticəyə gəlməyə əsas verir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi istinad olunan maddədə göstərilən tələblərə əməl etməmiş və cavabdeh tərəfin izahatında olan faktları işdə olan sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Həmçinin, iş materillarındıan aydın olur ki, Cavabdeh İddiaçı və qeyrilərinə qarşı müqavilənin (hazırkı baxılan iş üzrə iddianın əsas olan) ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsini baxılan iş üzrə iddiaya verdiyi etirazında göstərilənlərlə əsaslandırmışdır. İşə mahiyyəti üzrə baxılanadək baxılan işin icraatı dayandırılmışdır. Cavabdehin iddiasına baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə 140.000 ABŞ dolları məbləğində pulun xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ödənilməli olmasını qəbul edir, lakin iddia edir ki, 140.000 ABŞ dolları İddiaçı tam olaraq ödənilmişdir. Buna baxmayaraq həmin borcun tam və ya qismən ödənilməsinə dair hər hansı hazırkı vəziyyətdə mötəbərliyi qanunvericiliklə qəbul edilən sübut iş materiallarında mövcud deyil. İşə baxan apellyasiya instansiyası məhkəməsi eyni tərəflər arasında olan və iş üzrə preyudisial əhəmiyyət kəsb edən biləcək halların müəyyən edilməsi ehtimalı olan digər mülki mübahisə üzrə qəbul ediləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsini gözləməmiş, dayandırmanın əsasları aradan qalxmadan işin icratını təzələmiş və yekun qərar qəbul etmişdir. Kollegiya qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Digər tərəfdən işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, müqavilə görünüş üçün bağlanmışdır. Lakin məhkəmə kollegiyası nəzərə almır ki, həmin cavabdeh eyni izahatında müqavilə üzrə yaranmış borc məbləğini tam olaraq ödədiyini və iddiaçıya hər hansı məbləğdə borcunun qalmadığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hallar tərəflər arasında olan kredit müqaviləsinin yalan əqd kimi qəbul edilməsi üçün hər hansı mötəbər dəlilə istinad etmədən işin hallarını dəyişdirmiş və tələbin qanuni əsaslarına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, apellyasiya məhkəməsinin göstərilən nəticəyə gələrkən işdə olan hansı mötəbər və digər sübutlarla təkzib olunan sübutlara əsaslanması müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə istinadən qeyd edilməlidir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsini əsas tutmaqla tərəflərin təqdim etmiş olduqları sübutlara tam baxmalı və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir.

28. Apellyasiya məhkəməsi qeyd edilən prosessual pozuntuya yol verməklə, yəni kredit müqaviləsinin əsas məqsədinin müəyyən edilməsi və qanuni əsaslarının tapılması (real kredit müqaviləsi olub-olmaması və yaxud borcun etirafı barədə müqavilə) barədə ətraflı araşdırma aparmamaqla yekunda düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, kassasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı əsasının müəyyən edilməsinə dair göstərişi olmamışdır. Göstərildiyi kimi kassasiya məhkəməsinin göstərişi tərəflər arasında müqavilə münasibətinin real və ya mücərrəd müqavilələr əsasında yaranmasının müəyyən olunması ilə bağlı olmuşdur.

e) Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Cavabdeh və onun vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

30. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olanşəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə borcun miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

36. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında notariat qaydada təsdiq edilmiş Kredit müqaviləsi bağlanaraq 237.790 manat (140000 ABŞ dolları ekvivalentində) məbləğində borc pul vermişdir. Cavabdeh krediti xx.xx.2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.

37. İddiaçı kedit müqaviləsi üzrə öhdəliyin şərtləşdirilmiş müddətdə cavabdeh tərəfindən yerinə yetirilmədiyini iddia edir və araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

38. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.

39. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

40. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

41. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Apellyasiya şikayətinin dəlilləri olaraq işin faktiki hallarının aydınlaşdırılmaması, kredit müqaviləsinin tamam başqa münasibətdən irəli gəlməsi, borcun mənzilin alqı-satqısından yaranması və həmin məbləğin qısa müddətdə ödənildiyi, hər hansı məbləğdə iddiaçıdan pul alınmaması göstərilmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq həmin dəlilləri işin müəyyən edimiş faktiki halları ilə sübuta yetirilmədiyindən əsassız hesab edir və gəlmiş olduğu nəticəni aşağıda şərh olunanlarla əsaslandırır:

45. Apellyasiya şikayətindən göründüyü kimi apellyatorun başlıca dəlili həmin kredit müqaviləsinin görünüş üçün, yəni tərəflər arasında istinad edilən kredit müqaviləsini bağlayarkən hər hansı bir pul məbləğini qəbul etməməsi, həmin kredit müqaviləsi idiaçı ilə cavabdehin dayısı X10 arasında baş tutmuş ev alqı-satqısı zamanı Sahib Eyubovun həmin anda 720.000 ABŞ dolları məbləğində razılaşdırılmış evin dəyərinin tam şəkildə ödəyə bilməməsi və qalıq qalan 140.000 ABŞ dollarının Sahib Eyubovun qohumu olaraq onun - Cavabdeh adına rəsmləşdirilmiş müqavilə olması ilə bağlıdır.

46. Kollegiya qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

47. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

48. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

49. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

50. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

51. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu baxımdan mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.

52. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır.

53. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi).

54. Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir.

55. Qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, müqavilə əsas etibarı ilə şəxslər arasında müəyyən bir hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Bu baxımdan demək olar ki, iki tərəfin müqavilə anlayışını əmələ gətirən meyar öhdəlikdir. Belə ki, əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə iki tərəfli müqavilə deyilir. Borc müqaviləsi iki tərəfli müqavilədir.

56. Cavabdeh kredit müqaviləsinin görünüş üçün bağlandığını göstərsə də, iddiaçıya tələb olunan məbləğdə borclu olduğunu və bu borcun qısa müddətdə qaytarıldığını etiraf edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin müqavilənin borcun etiraf ilə bağlı olmasını bildirərək əslində tərəflər arasında real kredit müqaviləsinin bağlanmadığını mübahisələndirir.

57. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan məsələnin qanuni həlli baxımından tərəflər arasında bağlanmış kredit müqavilələrinin real və ya mücərrəd müqavilə olması məsələsinə aydınlıq gətirilməsi böyük əhəmiyyət kəsb edir.

58. Mülki qanunvericiliyə görə real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir.

59. Araşdırılan mübahisə üzrə qeyd edildiyi kimi borc müqaviləsi iki tərəfli müqavilə olmaqla müasir mülki hüquq sistemində olan yanaşmaya görə Borc alanın geri qaytarma öhdəliyinin yaranması üçün əvvəlcə borc verənin borc predmetini Borc alana verməsi lazımdır. Borc müqaviləsi bağlandığı andan yalnız Borc verən üçün öhdəlik yaranır. Qarşı tərəfin öhdəliyi müqavilənin bağlanması nəticəsində deyil, Borc verənin bu öhdəliyini yerinə yetirməsinin nəticəsi olaraq əmələ gəlir.

60. Oxşar hüquqi mövqeyə muasir Rusiya Federasiyasının hüquq sistemində də rast gəlmək olar. Belə ki, adıçəkilən mülki hüquq sistemində qeyd olunur ki, Borc (kredit) müqaviləsi onun bağlanması üçün əşyanın verilməsi (ötürülməsi) vacib olan real müqavilələr sırasına daxildir. Borc müqaviləsi adətən nağd pulun və ya əşyanın borcalanın, yaxud onun göstərdiyi şəxsin sahibliyinə qəbul olunması anından bağlanmış sayılır.

61. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırma zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi mübahisələndirilən müqavilə üzrə borc məbləğinin borcalana verilməsi, tərəflər arasında real kredit müqaviləsinin bağlanması və müqavilə öhdəliyinin yaranması öz təsdiqini tapır.

62. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Kredit müqaviləsində, mətnindən kənar «pulu aldım», «borc müqaviləsi iradəmə uyğundur» qeydləri yazılmışdır ki, məhkəmə iclasında iddaçının nümayəndəsi həmin qeydlərin cavabdeh tərəfindən icra olunduğunu bildirmiş, bunun əksi cavabdeh tərəfindən məhkəmə araşdırmaları zamanı mübahisələndirilməmişdir.

63. Daha sonra qeyd olunmalıdır ki, məhkəmə sorğusu nəticəsində əldə edilmiş notariat işinin materiallarından, mədaxil qəbzindən görünür ki, iddia edilən məbləğ həmin kredit müqaviləsi üzrə borcalana verilməsi üçün notariusun depozit hesabına qoyulmuşdur.

64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlmatdan görünür ki, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir.

65. Göründüyü kimi yoxlanılan mübahisə üzrə borc məbləği notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülməklə kredit müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmışdır.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kredit müqaviləsinin borcun etirafı ilə bağlı mücərrəd müqavilə olması barədə göstərilənlər yalnız cavabdehin izahat və apellyasiya şikayətində göstərdiyi hallar olmaqla, həmin dəlilləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin, cavabdehin istinad etdiyi bu fakt işin digər hər hansı araşdırılmış halları ilə təsdiq olunmur.

67. Göstərilən halların məcmusu belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi real müqavilə olmaqla, borc pul məbləğinin cavabdehə verilməsi öz təsdiqini tapır. Cavabdehin həmin müqavilənin mənzil alınması ilə əlaqədar yaranmış qalıq borcun qaytarılmasının təminatı olaraq bağlanmasına dair fikirləri işin müəyyən edilmiş faktiki halları ilə təkzib olunur.

68. İşin mübahisələndirilən digər halı iddia edilən borc məbləğinin qaytarılması ilə bağlıdır.

69. Cavabdeh izahatında həmin borc məbləğinin qaytarıldığını bildirir.

70. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə doğuran hal-borcun qaytarılması məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

72. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi pul alan şəxsin üzərinə düşür.

74. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.

75. Məhkəmə kollegiyası sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları məcmuu halda tədqiq edərək hesab edir ki, cavabdehin borcun qaytarılması barədə göstərdikləri yalnız öz izahatından ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır.

76. Məhkəmə kollegiyası işin hərtərəfləri, tam, obyektiv araşdrılmasının təminatı olaraq eyni tərəflər arasında olan və iş üzrə preyudisial əhəmiyyət kəsb edən biləcək halların müəyyən edilməsi ehtimalı olan digər mülki mübahisə üzrə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı Cavabdehlər İddiaçı, ünvan və X4 qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 05 aprel 2022-ci il tarixli, 2(001)- 331/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)-4325/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhər Binəqədi Rayon Məhkəməsiin 05 aprel 2022-ci il tarixli, 2(001)-331/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli 2(102)-25/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh iddiadan imtinasının qəbul edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il i tarixli, 2(103)-4325/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdehlər İddiaçı, ünvan və X4 qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməsi qərara alınmışdır.

77. Məhkəmə kollegiyası həmçinin, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq tərəflər arasında bağlanılmış kredit müqaviləsinin bəndləri üzrə dəyərləndirmə apararaq, tərəflərin müqavilə bağlayarkən nəzərdə tutduqları şərtləri, iradə ifadələrini aydınlaşdırmışdır.

78. Məhkəmə kollegiyası həmin bəndlər üzrə araşdırma apararaq müəyyən etmişdir:

79. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəflərin həmin kredit müqaviləsini bağlayarkən verilmiş borc məbləği 237.790 (iki yüz otuz yeddi min yeddi yüz doxsan) manata görə həmin dövrün məzənnəsinə uyğun olaraq 140.000 ABŞ dollarının ödəniş gününə manata olan məzənnə ilə qaytarılması barədə razılaşdıqlarını bildirdi və 140.000 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etdi.

80. Məhkəmə araşdırması zamanı Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya olan qalıq borcları 140.000 ABŞ dolları idi. Alqı-satqı müqaviləsi AZN ilə göstərildiyindən kredit müqaviləsi borc məbləği 237.790 manat göstərilmişdir. Razılaşmalarına görə iddiaçıya borc 140.000 ABŞ dollarının ödəniş gününə manata məzənnəsi ilə qaytarılmalı idi.

81. Məhkəmə kolleygiası qeyd edir ki, araşdırma zamanı tərəflərin izahatı ilə müəyyən edilmiş hallar Kredit müqaviləsinin 3-cü bəndi ilə təsdiq olunur. Həmin bənddə göstərilir ki, borc alan borc məbləğini qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür.

82. Şərh olunanlara yekun olaraq məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edimiş faktiki halları qətnamənin borcun qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində tutulması ilə bağlı hissədə dəyişdirilməsi üçün əsasdır.

83. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(074)- 42/2020 nömrəli qətnaməsi Cavabdeh 237.790 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pulun tutulması hissədə dəyişdirilməli, Cavabdeh 140.000 ABŞ dolları (ödəniş günü manata olan məzənnə ilə) tutularaq iddiaçıya ödənilməlidir.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.3, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(074)-42/2020 nömrəli qətnaməsi Cavabdeh 237.790 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pulun tutulması hissədə dəyişdirilsin. Cavabdeh 140.000 (bir yüz qırx min) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar