Məhkəmə qərarları › İş №2(105)-648/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-648/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-648/2025 25.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(067)-120/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borclu olduğu 39500 (otuz doqquz min beş yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyi 208.50 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyır. Onu tanıdığı müddət ərzində aralarında yaxşı münasibətləri olmuşdur və ona qarşı etibarı yaranmışdır. Onunla 5 ilə yaxındır ki, iş birliyi qurub, Xaçmaz rayon ərazisində yaşayan kənd sakinlərindən meyvə yığıb satması üçün ona Moskva şəhərinə göndərmişdir. 2022-ci ilə qədər aralarında olan alqı-satqıdan qazandıqları pulları şəffaflıqla bölüşdürmüşlər. 2022-ci ilin yay mövsümündə ötən illərdə olduğu kimi yenə də Xaçmaz rayon sakinlərindən, şirkətlərdən neftarin şaftalı, alma meyvələrini toplayıb özündə olan qeydiyyat dəftərində hər bir meyvənin dəyərini göstərməklə maşınlara yükləyib Moskva şəhərinə cavabdehə satması üçün göndərmişdir. O, isə satdığı meyvələrin pulunu vaxtıvaxtında qaytarmış və həmin pulun müqabilində o yenidən meyvə yığaraq maşınlarla cavabdehə göndərmişdir. Həmin mövsümün avqust ayının əvvəllərində sonuncu dəfə 2 maşın şaftalı göndərmiş və yekun olaraq cavabdeh ona göndərdiyi meyvələrdən sataraq 39500 manat pul borclu qalmışdır. Odur ki meyvələri göndərdiyi vaxtdan bu günə qədər onunla telefon əlaqəsi yaradaraq danışsa belə pulun ödənilməsini tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırırdı. Bu günə qədər səbrli olub hər vasitə ilə cavabdehi yanına çağırıb pulunu tələb etmək istədikdə buna nail ola bilməmişdir. Belə ki, cavabdehin ona borclu oilduğu 39500 manat pulun ona qaytarmaması barədə Xaçmaz rayon PŞ-nə ərizə ilə müraciət etmiş və Xaçmaz rayon PŞnə çağırılmış şahidlər də təsdiq etmişlər ki, həqiqətən də nisyə alınmış şaftalının pulunu şəxsi maşınını sataraq kənd sakinlərinin pullarını ödəmişdir. Xaçmaz rayon PŞ-dən ona rəsmi qaydada məktub verilərək bildirilmişdir ki, müraciət mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ vardır. Cavabdeh ona borclu olduqu 39500 manat pulu könüllü vermədiyi ücün məhkəməyə müraciət etməyə vadar etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 39500 (otuz doquz min beş yüz) manat pulun və 208.50 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o iddia tələbini qəbul etməmişdir və izahatında iddiaçıya hər hansı bir pul borcunun olmadığını bildirmişdir. Bu məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılarkən verdiyi izahatda borcunun olmadığını bildirmiş, lakin ona göstərilən müəyyən təzyiqlər nəticəsində izahatında əgər iddiaçının pul tələbi məhkəmə qaydasında təsdiqini taparsa, imkanı olacağı təqdirdə onu ödəyəcəyini bildirmişdir. İddiaçı 39500 manat pul məbləğində borcu olduğunu etiraf etməmişdir. Məhkəmə qərəzli mövqedən çıxış edərək sübut kimi Xaçmaz rayon PŞ-dən alınmış materiallara istinad etmişdir. Məhkəmə özü heç bir araşdırma aparmamış, cavabdeh tərəfdən təqdim olunmuş sübutları araşdırmamışdır. Nəticədə iş üzrə tamamilə qanunsuz qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən hazırkı iş üzrə qətnamə ləğv edilərək, iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, hazırkı iş üzrə mübahisə tərəflər arasında yaranmış hüquq münasibətləri xaraktercə hər iki tərəfin qarşılıqlı sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olmaqla kommersiya mübahisəsidir. İddiaçı cavabdehdən ona alğı-satqı məqsədi ilə göndərilmiş malların dəyərini tələb edir. “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsi ilə hazırkı iş üzrə tərəflərin vergi məlumatları sorğu edilərkən müəyyən olunmuşdur ki, iddiaçı Xeyrallayev Vüqar xx.xx.2011-ci il tarixdən “ağır çəkili yüklərin daşınması” fəaliyyət istiqaməti üzrə ********** nömrəli VÖEN-lə, Cavabdeh isə xx.xx.2009-cu il tarixdən “sair plastik məmulatların istehsalı” fəaliyyət istiqaməti üzrə ********** nömrəli VÖEN-lə vergi orqanlarında fərdi sahibkar kimi uçota alınıblar. Hazırda hər ikisinin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 28-ci bəndində göstərilir ki, “...fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.” MPM-in 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa bu hal şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməklə, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387, 397-398, 402.2.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(067)-120/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar