Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-649/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-668/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) Abşeron Rayon Məhkəməsinin 2(012)-5480/2018 nömrəli, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 sentyabr 2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanması, Cavabdeh 41,6 (qırx bir manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5480/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş 120 manat məbləğində alimentin miqdarının dəyişdirilərək Cavabdeh mediasiya barədə arayışın verildiyi xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1654/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsinə əsasən Kərimova (Rzaquliyeva) Günel Dilavər qızı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi ləğv edilmiş, xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının anası Kərimova (Rzaquliyeva) Günel Dilavər qızının yanında qalması müəyyən edilmiş, xx.xx.2009-cu il təvəlldlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanması üçün 87 manat məbləğində aliment müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5480/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanması üçün 120 manat məbləğində aliment müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2025-ci il üçün bir uşağın ölkə üzrə yaşayış minimumu 245 manat olduğu halda məhkəmə tərəfindən həddən artıq aşağı məbləğdə aliment təyin edilmişdir. Məhkəmə alimentin artırlması zamanı hansı meyarlar əsasında alimenti bir uşaq üçün yaşayış minimumundan dəfələrlə aşağı məbləğdə təyin etməsini əsaslandırmamışdır. Məhkəmə təcrübəsində aliment verən şəxsin ikinci dəfə ailə qurması halında alimenti azaltması faktı olmamışdır. Alimentin 245 manat təyin edilmiş yaşayış minimumundan dəfələrlə aşağı məbləğdə alimentin artırılması nəticəsinə gəlməsi işin hallarına uyğun gəlmir. Cavabdehin büdcəsi, işsizliyi, gəlirləri imkan verməsəydi ikinci dəfə ailə qurmazdı və iki uşaqla ailə saxlamazdı. Cavabdehin birinci ailədən olan kifayət qədər öhdəliyi olduğu işləməyə işləməyə ikinci dəfə ailə öhdəliyi yaratması reallıqdan kənardır, əksinə ididaçının himayəsində olan uşağın xərcləri və saxlanması daha artıq vəsait tələb edir. Cavabdehin uşaqla görüşməməsinin alimentin məbləği ilə səbəbli əlaqəsi yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin yenidən ailə qurduğunu və cavabdehin gəlirlərində dəyişiklik olması ilə bağlı sübutlar təqdim edildiyini nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində müəyyən edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Tərəflərin rəsmi nikahından xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının anadan olması, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah qeydinin ləğv edilməsi və uşağın hazırda iddiaçının himayəsində olması, xx.xx.2009-cu il təvəlldlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanması üçün 87 manat məbləğində aliment müəyyən edilməsi, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanması üçün 120 manat məbləğində alimentin tutulması işin mübahisəsiz halıdır. Mövcud iddia tələbi isə həmin qətnamə ilə müəyyən olunmuş alimentin məbləğinin artırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1. maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaşı artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı hər ay 120 manat məbləğində müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan 7 ilə yaxın müddətin keçməsi nəzərə alınarsa, bu alimentin artırılmasını qaçılmaz edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1.-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-3.-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Həmin Qərarın “8.11-1-ci bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. "Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin yanvar ayının 1-dən minimum aylıq əmək haqqı 345 manat müəyyən edilmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, iddiaya baxarkən alimentin məbləği 207 manat məbləğində müəyyən edilməli və müəyyən olunmuş alimentin məbləği xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi verilən tarixdən) başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli (345x0.6=207) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 120 manat miqdarında alimentin artırılaraq hər ay 250 manat miqdarda tutulması təşkil edir (250-120=130 manat). Həmin artımın bir il ərzində məcmusu isə (130 X 12 ay = 1560 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən (ərizə verilən tarixdən) başlayaraq yetkinlik yaşına çatmayan 19 sentyabr 2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-649/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-649/2025
29.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver