Məhkəmə qərarları › İş №2(105)-65/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-65/2022

12.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-65/2022 12.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş maddi ziyan tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, 2(068)-04/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xızı Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş ziyan tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülkiyyətinə maneənin aradan qaldırılmasının cavabdehlərə həvalə edilməsi, həmçinin, cavabdehlərdən mənzilinin təmirinə və ailə üzvlərinin səhhətinə dəymiş maddi zərər olaraq 3000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil onun mülkiyyətindədir. Ona məxsus mənzil və yardımçı tikilidə heç bir qanunsuz dəyişiklik aparılmamış, tikililər qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlər ona təqdim edilmişdir. Onun mənzili binanın 1-ci mərtəbəsində, cavabdehlərə məxsus 3 otaqlı mənzil isə binanın 2-ci mərtəbəsində yerləşir. Buna baxmayaraq cavabdehlər yaşadıqları binaya və onun mülkiyyətində olan mənzilin divarına bitişik ərazini qanunsuz zəbt edərək orada tikili aparmış, həmin vaxt memarlıq və şəhərsalma qaydalarını pozmaqla binanın divarını və qoruyucu səkisini zəbt etmişlər. Cavabdehlər tikilidən ev quşları saxlamaqla istifadə edir. Halbuki, onlara ayrılmış torpaq sahəsi Xızı şəhər bələdiyyəsindən tikili aparılmamaq şərtilə, yalnız yaşıllaşdırma üçün verilmişdir. Evinin bütün çöl divarı cavabdehlər tərəfindən zəbt olunduğuna, heç bir havalanma, günəş şüası düşmədiyinə görə yaşadığı mənzilin otaqlarının daxili divarları nəm çəkmişkiflənmişdir. Dəfələrlə mənzili təmir etsələr də, bir neçə aydan sonra mənzilin otaqları yenidən yararsız hala düşmüşdür. Bununla yanaşı, otaqlarda olan kif qoxusu, nəmişlik ailə üzvlərinin səhhətinə ciddi təsir göstərir. Belə ki, o və qızı tənəffüs allergiyasından əziyyət çəkir, daim müalicə olunur və dərman pereparatlarından istifadə edirlər. Cavabdehlər binaya bitişik tikilidə ev quşları saxladığına görə normal yaşayışları pozulur və saxladığı ev quşlarının səsi ilə yatıb-dururlar. Bundan başqa, mənzilinin çöl divarları cavabdehlər tərəfindən qeyri-qanuni zəbt olunduğuna görə mənzildə nəmişliyin və kifin qarşısını almaq üçün heç bir suvaq və təmir işləri apara bilmir. Dəfələrlə cavabdehlərə müraciət edərək maneəni aradan qaldırmalarını, mənzilin çöl divarının havalandırılması və təmir işləri görülməsi üçün binaya bitişik tikilinin sökülməsini və mənzilinin divarından ayırmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, çox çıxılmaz vəziyyətdədir və məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ölkənin inkişaf etdiyi, yaşayışın yaxşılaşdığı, binaların abadlaşdırıldığı bir zamanda qonşunun gəlib yaşadığı, ona məxsus olmayan evinin divarına bitişik tikili tikməsi və tövlə kimi istifadə etməsi qanunla mümkün olmayan haldır, bu onun yaşayış və mənzil hüququnun kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, cavabdehlər mənzillərində təmir işləri apararkən preparator adlı elektrik cihazından istifadə etmiş, bunun da nəticəsində evinin tavanları və çılçıraq zərər çəkmiş, tavanın suvağı lay qoparaq çılçıraq qarışıq yerə tökülmüş, nəticədə ona maddi zərər dəymişdir. Bu barədə Xızı rayon Polis Şöbəsinə şikayət etsə də, mənzilin təmirinin yararsız hala salınması ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab etmişlər. Hazırda mənzilinin təmirinə və ailə üzvlərinin səhhətinə dəymiş zərəri 3000 manat məbləğində qiymətləndirir və həmin məbləği cavabdehlərdən tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xızı Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni ətraflı araşdırmamış və nəticədə düzgün qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh X1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçıya məxsus Xızı şəhəri, H.Əliyev prospektində yerləşən 22 saylı evin 1 saylı mənzilinə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı maneə olmadığı, cavabdehlər tərəfindən hər hansı bir hüququnun pozulmadığı və ya marağına toxunulmadığı, nəticədə zərərə məruz qalmadığının müəyyən edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbi mülkiyyətə maneənin aradan qaldırılması və vurulmuş maddi ziyan barədədir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Bununla əlaqədar gəlinən nəticənin tam, hərtərəfli araşdırılması və obyektin nəticəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və "xxxx" MMC-nin 03- 10/20 № 07 may 2021-ci il tarixli ekspert rəyində iddiaçıya məxsus 1 saylı mənzilin 1-ci mərtəbəsində, cavabdehə məxsus mənzilin isə 2-ci mərtəbədə yerləşdiyini, hər iki mənzillərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğu, cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin mənzillərdən kənarda yerləşdiyini nəzərə alaraq, İddiaçı məxsus Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzilə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı bir maneənin olmadığı müəyyən edilir. Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzilin tikililərindəki texniki xüsusiyyətini (divarın kiflənməsi, divar kağızının qopması, mənzilin tavanının dəmir-beton konstruksiyalı panelin çatlaması, suvaq, şpaklyovka və boya qatının tökülməsi) nəzərə alaraq həmin zədəlrin əmələ gəlməsi Cavabdeh2 istifadəsində olan torpaq sahəsində inşa olunmuş tikili 2 mərtəbəli binaya nisbətdə ara məsafə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun divarın hündürlüyünün 0,6 hissəsində inşa olunmadığından, atmosfer çöküntülərinin həmin tikili ilə binanın arasına dolması səbəbindən, eyni zamanda cavabdehlərə məxsus mənzildə istilik sisteminin inşaat texnologiyasına uyğun olmayaraq döşəmənin altı ilə çəkilməsi, mənzildə təmir işləri aparılması zamanı zərbələr nəticəsində yaranmağa xarakterikdir və cavabdehlərin mənzilində təmir işlərinin aparılması nəticəsində əmələ gələ bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 oktyabr 2021-ci il tarixli, 10/1969 saylı ekspertiza rəyindən görünür ki, hər iki mənzilə ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğu, cavabdehə məxsus torpaq sahəsində mövcud olan tikilinin (qeyri-yaşayış sahəsi) mənzillərdən kənarda yerləşməsi və mülki iş materiallarında olan Xızı RMX-nın baş həkiminin müavini Məmmədov Şahin, poliklinika şöbəsinin müdiri Əliyev Vaqif, həkim-stomatoloq və həmkarlar təşkilatının sədri Telman Məmmədov, Xızı RMX-nin baş mühasibi Eldəniz Cabbarov və Xızı RMX-nin təsərrüfat müdiri Fəxrəddin İsmayılovun tərtib etdikləri 02.08.2019-cu il tarixli baxış aktında qeyd olunanlar nəzərə alaraq Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzilə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı bir maneənin olmadığı müəyyən edilir. Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzildəki qüsurların (divar kağızının qopması, şpaklyovka qatının qopması və boya qatının qabarması) yaranması otaqlarda istilik təminatının kifayət qədər olmaması, həmçinin hər hansı titrəyiş və ya divarın şpaklyovka qatının tikinti texnologiyasına uyğun vurulmaması səbəbindən yaranmağı xarakterikdir. Xızı şəhəri, H.Əliyev prospekti 22 ünvanında yerləşən 1 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmirtikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 234 manat manat məbləğində müəyyən olunur. Aşağı instansiya məhkəməsi tərəfindən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2020-ci il tarixli, 23753 nömrəli rəydə də Xızı şəhəri, H.Əliyev prospektində yerləşən 22 saylı evin 1 saylı mənzilinə cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı maneə olmadığı müəyyən edilir. 1 saylı mənzilin tikililərindəki qüsurların texniki xüsusiyyətini (divarın kiflənməsi, divar kağızlarının qopması, şpaklyovka qatının tökülməsi) nəzərə alaraq, həmin zədələrin əmələ gəlməsi mənzilin otaqlarının kifayət qədər isidilməməsi, divarların izolyasiya qatında qüsurlar olması, eləcə də hər hansı silkələnmə, titrəyiş nəticəsində və ya şpaklyovka qatının tikinti texnologiyasına uyğun aparılmaması səbəbindən yaranmağa xarakterikdir. Xızı şəhəri, H.Əliyev prospektində yerləşən 22 saylı evin 1 saylı mənzilinə dəymiş ziyanın dəyəri təqribən 200 (iki yüz) manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyləri ilə iddiaçıya məxsus mənzildə əmələ gəlmiş qüsurların səbəbləri aydın göstərilməklə, cavabdehlər tərəfindən texniki cəhətdən hər hansı maneə olmadığı və cavabdehlər tərəfindən iddiaçıya zərər vurulmadığı bir daha öz təsdiqini tapmışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya hər hansı bir maneənin yaradılması, bunun nəticəsində onun qanunla qorunan hüquq və manefələrinin pozulmadığı, eləcə də zərərə məruz qalmadığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Xızı Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı ekspertiza xərci 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına, 300 (üç yüz) manat "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ekspertiza xərci 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 300 (üç yüz) manat "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar