Məhkəmə qərarları › İş №2(105)-656/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-656/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-656/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X12 və X7 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştrakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və əlavə xərclər tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(027)-1676/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(027)-1284/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq 17 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat məbləğində alimentin müəyyən edilməsi, cavabdehdən uşağın əməliyyatına çəkilmiş 1500 manat məbləğində pulun, müalicəsinə sərf edilmiş 5000 manat məbləğində vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2018-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların birgə nikahdan 17 avqust 2019-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Uşaq anadangəlmə inkişaf qüsuru-Pyer Roben sindromu ilə doğulduğu üçün cavabdeh onu körpə uşaqla atmış, baxmamış, onun bu hərəkəti onların ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmiş və Quba rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(027)-1284/2020 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv edilmiş və cavabdehdən qızı İlknurun saxlanılması üçün 130 manat məbləğində aliment alınaraq ona verilməsi və uşağın 3 yaşı tamam olanadək 50 manat məbləğində yardımın tutulması qət edilmişdir. Artıq həmin vaxtdan sonra keçən bu 2 il ərzində uşağın saxlanılması minimumu artaraq 193 manat təşkil edir. O, körpə övladına baxdığı üçün heç yerdə işləmir. Bu səbəbədən də məhkəmənin qət etdiyi alimentlə övladını saxlamaqda çətinlik çəkir. Buna görə də qət edilmiş aliment artırılaraq 193 manat məbləğində müəyyən olunmalıdır. Övladında olan bu xəstəliklər üzündən uşaq daima həkim nəzarəti altında olmaqla mütəmadi müalicələr qəbul edir. Uşaqla birlikdə o, AR Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına X10 İnstitutunda və Sumqayıt şəhər Uşaq Xəstəxanasında stasionar müalicələr almış, həmin müalicələr ilə bağlı həkim tərəfindən yazılmış reseptlər əsasında uşağa dərmanlar almışdır ki, həmin dərmanlara 5000 manata yaxın xərc çəkilmişdir. Bundan başqa onun qızına “X14 Mərkəzi” tərəfindən “Sərt və yumşaq damağın anadangəlmə yarığı diaqnozu ilə bağlı “Uranoplastika” cərrahi müdaxiləsi aparılmış və bu məqsədlə həmin tibb müəssisəsinə 1500 manat məbləğində pul köçürülmüşdür. Lakin bütün bu müalicələrin heç birində cavabdeh köməklik göstərməmişdir. Qeyd olunalara əsasən iddia tələbi təmin edilməlidir. Quba Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(027)-1676/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2(027)-1284/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi xx.xx.2019-cu il təvəllüdlü X3 cərrahi əməliyyatı və müalicəsi üçün xərclənmiş 2083,85 manat məbləğində vəsaitin yarısı, yəni 1041,92 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 81.1, 81.2, 112.1-ci maddələri və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdə hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(027)-1676/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qətnamə qəbul edərkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmiş, bununla da AR MPM-nin 14-cü maddəsinin tələblərini pozmuşdur. İddiaçıya hər ay vaxtlı-vaxtında aliment ödənilir. İddiaçı gözəllik salonunda işləyir, cavabdeh isə heç bir yerdə işləmədiyi halda 130 manat aliment və əlavə olaraq uşaq 3 yaşına çatanadək 50 manat pul da ödəyir. İddiaçı uşağa lazımi qaydada baxmır, uşağı cavabdehə göstərmir. İddiaçı başqa şəxslərin xəstəlik üçün istifadə olunan dərman reseptlərini məhkəməyə gətirərək azyaşlı uşağa verilməyən dərmanların uşağa aid olduğunu söyləmişdir. Hətta məhkəmədə hakim bu dərmanların uşağa verilməyəcəyini, həmin dərmanların böyüklər üçün olduğunu söyləmişdir. Sonra isə iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə yeni dərman reseptləri gətirib verərək, əvvəl verdiyi dərman reseptlərinin özünə aid olmadığın söyləmişdir. Eskpert rəyi nəticəsində müəyyən olundu ki, reseptdə qeyd olunan dərmanlar uşaq üçün nəzərdə tutulmamışdır. Bütün bunlara baxmayaraq məhkəmə heç bir ciddi sübut olmdan iddia tələbini qismən təmin etmiş, ondan tutulan alimentin məbləği artırılmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddiaçı məhkəməyə uşağa aid olmayan reseptlər təqdim edərək əsassız iddia irəli sürmüşdür. Bu hal məhkəmədə təstiq olunmuşdur. Cavabdeh onun oğludur, heç yerdə işləmir. Məhkəmə tərəfindən müəyyən olunan aliment məbləğini ödəməyə cavabdehin gücü yoxdur. Müalicə xərclərinin yarısının ödəməyə razıdır, lakin aliment məbləğinin artırılmasına etiraz edir. Belə ki, cavabdeh maksimum ayda 150 manat aliment ödəyə bilər. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, tərəflərin azyaşlı övladları İlknur xəstədir. Onun müalicələri hələ də davam edir. Məhkəmə qətnaməsində müəyyən edilən 180 manat aliment məbləği uşağın ehtiyaclarının ödənilməsinə kifayət etməsə də iddiaçı qətnaməni mübahisələndirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17 uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maadə 34 analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3. Aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahalartını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan “İmplant” X11 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X5 “sərt və yumşaq damağın anadangəlmə yarığı” diaqnozu ilə “Uranoplastika” cərrahi müdaxiləsi aparılmış və pasient cərrahi müdaxilə üçün 1500 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan müxtəlif tarixlərə aid olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 17 avqust 2019-cu il təvəllüdlü X3 müalicəsi üçün 583,85 manat dəyərində dərman pereparatlarından istifadə olunmuşdur. İş materiallarında olan Quba RMX X15 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Paşaoba kəndində qeydiyyatda olan, xx.xx.2019- cu il təvəllüdlü X1 dəfə “İTS” proqramı üzərindən Quba RMX-na xx.xx.2022-ci il tarixində “ASM”-də həkimpediatra müraciət etmiş və müvafiq tibbi xidmət göstərilmişdir. Təqdim edilmiş resept blanklarına baxış keçirilmiş, resept blanklarının bəziləri Quba RMX-nın ASM-nin həkimi Aynurə Əzizbəyovaya aiddir və uşaq üçün yazılmışdır. Bundan başqa, digər resept vərəqələri də, uşaq üçün yazılan dərmanlardan ibarətdir. İş materillarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1284/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Quba regional “ASAN xidmət” X6 tərəfindən həmin tarixli 0159 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaq anası İddiaçı himayəsində qalmış və nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş - xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına qədər hər ay 50 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2022-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil etmişdir. Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin 193 manat olmasına baxmayaraq, cavabdehin az gəlirli olmasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq, iddianı qismən, aliment məbləğini 180 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə (əvvəlki cəmi məbləğdən 50 manat) artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin azyaşlı İlknurun müalicəsi üçün çəkilən xərclərinin yarısının cavabdehdən tutulmasına dair mövqeyi ilə də razılaşaraq qeyd edir ki, bu hissədə iddia tələbi əsaslı olmaqla, əlaqəli sübutlarla təstiq olunmuşdur. Habelə cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin uşağın müalicə xərclərinin yarısının tutulmasına cavabdehin etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, onun hər ay uşaq üçün 193 manat aliment ödəmək qabiliyyətinin olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(027)- 1676/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(027)-1676/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar