Məhkəmə qərarları › İş №2(105)-659/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-659/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-659/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6747/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh onun xeyrinə sabit pul miqdarında tutulması müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat məbləğində müəyyən edilməsi və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minsə də, cavabdeh tərəfindən icra olunmamışdır. Belə ki, həmin dövrdə o, Türkiyə Respublikasına işləmək üçün getmək məcburiyyətində qaldığından övladlarının da onunla birlikdə getmələri üçün cavabdehin razılığı tələb olunmuşdur. Cavabdeh isə razılığı yalnız artırılmış aliment məbləğindən imtina edəcəyi təqdirdə verəcəyini bildirdiyindən o, həmin məhkəmə qətnaməsinin icrasından imtina etmək məcburiyyətində qalmışdır. Ancaq cavabdeh nəinki artırılmış aliment məbləğini ödəməmiş, ümumiyyətlə alimentin ödənilməsindən yayınaraq bugünədək uşaqlarının saxlanılmasından kənarlaşmışdır. Halhazırda maddi vəziyyətinin ağırlaşması, eyni zamanda Türkiyə Respublikasında inflasiyanın yüksəlməsi səbəbindən uşaqların saxlanılma xərcləri də artdığından və övladlarının saxlanması daha çox xərc tələb etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Övladları böyüdükcə onların saxlanma xərcləri də artırmışdır ki, bu xərclər çox çətinliklə onun tərəfindən çəkilir. Halbuki bu xərclərdə övladlarının atası kimi cavabdeh də iştirak etməlidir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini 3 ilə yaxındır ki, ödəmir və uşaqlarının saxlanılmasında iştirak etmir. 2019-cu ildən sonra həm Azərbaycan Respublikasında, həm də Türkiyə Respublikasında dolanışıq xərcləri artdığından, o cümlədən uşaqlar üçün yaşayış minimumu məbləği artırıldığından, cavabdehin ödəməli olduğu aliment məbləğinə yenidən baxılmalı və alimentin məbləği yüksəldilməlidir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6747/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 112.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 6, 82.3-cü, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1.6, 8.1, 20.1.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. (...) 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (...)

Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; (...)

Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...)

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbindən imtina edilməsinə dair ərizə təqdim edərək, iddia tələbindən imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyası, mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6747/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

11. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlnun iddia tələbindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6747/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar