Məhkəmə qərarları › İş №2(105)-659/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-659/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-659/2024 02.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(012)-4895/2021 nömrəli qətnaməsindən iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********08214 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə illik 16% ödənilmək şərti ilə 202.000 manat məbləğdə kredit verilmişdir. Kreditin təminatı olaraq bağlanan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsi A.Ələsgər küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 12 nömrəli 2 mərtəbəli, 220,40 kv.m. ümumi, 127,49 kv.m. yaşayış, 92,91 kv.m. yardımçı sahədən ibarət 7 otaqdan ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçı kredit müqaviləsi üzrə tələblərinin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4856/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2014-cü il tarixli **********08214 saylı Kredit müqaviləsi üzrə 103.449,69 manat əsas borc, xx.xx.2018-ci il tarixədək illik 16 faiz dərəcəsi ilə hesablanmış 23.035,55 manat adi faiz borcu, xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1.787 manat məbləğdə penya olmaqla, cəmi 128.272,24 manat məbləğdə pul vəsaitinin Bankın xeyrinə tutulması, borcun ödənilməsi üçün cavabdehə məxsus ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 205.000 manat müəyyən olunması, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun Banka ödənilməsi, iddiaçının, X5, X11, X7, X9, X3, onların ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan mənzildən çıxarılması, həmin şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1151/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilərək 206.000 manat məbləğdə müəyyən edilmiş, digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması hissəsində iddia tələbi təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi digər hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında YP-038 nömrəli Satış protokolu və Bank ilə hərrac təşkilatçısı arasında 03 noyabr 2020-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 131.325 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli **********08214 №-li kredit müqaviləsi üzrə Bank qarşısında vaxtı keçmiş əsas borc məbləğinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər illik 16% dərəcəsi ilə hesablanmış 26.031,21 manat məbləğdə əldən çıxmış faydanın (zərər) əvəzi, xx.xx.2020ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 10.279,77 manat məbləğdə penya, cəmi 36.310,98 manat məbləğdə pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumunun əvəzi və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 6 manat məbləğdə çəkilmiş xərclərin Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4895/2021 nömrəli, 04 noyabr 2021- ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Elman Məmmədov). Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Qətnamədən iddiaçı ASC "xxxx" Bank tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(012)-4895/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə Bankın iddiasının rədd edilməsinin əsası kimi, məhkəmə tərəfindən cavabdehin (borclunun) pulun ödənilməsinin gecikdirilərək ondan faydalanması halının müəyyən edilməməsi və iddiaçının bununla bağlı məhkəməyə sübut təqdim etməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009cu il tarixli qərarında ifadə edilmiş hüquqi möveyinə istinad etməklə əsaslandırmışdır. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə hər-hansı əsas göstərmədən və heç bir maddi normaya istinad etmədən illik 15% dərəcəsi ilə hesablanmış 10 279,77 (on min iki yüz yetmiş doqquz manat 77 qəpik) manat məbləğində penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələbini də təmin etməmişdir. Birinci instansiya məhkəməsinin zərərin tutulması imkanını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əlaqələndirməsi və cavabdehin borc pulunun ödənilməsinin gecikdirilərək ondan faydalanması halının müəyyən edilməməsi, iddiaçının bununla bağlı məhkəməyə sübut təqdim etməməsi barədə mövqeyinə gəlincə məsələyə bu cür yanaşma istinad edilən normanın və Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarın mahiyyətinə tamamilə ziddir. Əvvəla, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü, 399.4-cü, 445-ci və 449-cu maddələrinin müddəalarına əlaqəli şəkildə şərh verilmişdir və həmin qərarda zərərin əvəzinin ödənilməsi qaytarılmayan məbləğdən borclu tərəfindən gəlirin, artımın, bəhərin və ya başqa formada xeyirin götürülməsinin labüdlüyü ilə şərtləndirilməmişdir. Təbii ki, belə bir şərt nəzərdə tutula da bilməzdi, çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi pul öhdəliyinin icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri kimi sanksiyanı müəyyənləşdirdiyi halda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2-ci, 443.1-ci və 443.2-ci maddələrinin müddəalarından irəli gəlir. Zərərin əvəzinin ödənilməsi dedikdə, kreditorun (borc verənin) faktiki itkilərinin bərpası (əvəzləşdirilməsi) başa düşülür. Bu baxımdan tərəfə (borc verənə) dəymiş zərərin ödənilməsi üçün onun borclunun qaytarılmasını gecikdirdiyi vəsaitdən gəlir, artım, bəhər və başqa formada xeyir götürdüyünü sübut etməli olduğuna dair mülahizə çox absurd səslənir. Zərərin ödənilməsini tələb edən tərəfdən ona zərər dəydiyinin sübut olunması tələb edilə bilər. Qanunverici, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı da məhz bunu tələb edir. Həmin qərarda həmçinin o da göstərilmişdir ki, qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsi kreditora dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında tələb edilə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. İstinad edilən Qərarda «mücərrəd qaydada hesablama» anlayışının mahiyyətinə də aydınlıq gətirilmişdir. Qərarda deyilir: «Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-109/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən - cavabdehin iddiaçı qarşısında vaxtı keçmiş əsas borc məbləğinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixinə qədər illik 5% dərəcəsi ilə əldən çıxmış faydanın (zərər) əvəzinin ödənilməsi hissəsində təmin edilməsi, cavabdehdən əldən çıxmış faydaya görə 6.339,29 manat pulun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmması qət edilmişdir (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari). Kassasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bankın xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ilik 16% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın ödənilməsi barədə tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 443-cü maddələrindən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqedən və Kredit müqaviləsinin 6.1-ci bəndindən irəli gəlir. İddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki dövrlər ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatlar məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş həmin məlumatlardan göründüyü kimi, AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta illik faiz dərəcələrinə dair Məlumata əsasən mili valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixdək illik faiz dərəcəsi 23% təşkil etməsinə baxmayaraq, Bank, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi əldə çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 16%) əldə rəhbər tutmağı əsaslı hesab etmişdir. Belə ki, həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bankın kredit üzrə gecikdirilmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 10.279,77 manat təşkil edən penyanın tutulması ilə bağlı tələbi Mülki Məcəllənin 462-ci maddəsindən və kredit müqaviləsinin 6.2-ci bəndindən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2(102)-3828/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-109/2023 nömrəli 30 may 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən, gecikdirilmiş əsas borca görə 30 iyun 2019-cu il tarixdən 15 aprel 2021-ci il tarixə qədər illik 16% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın (zərər) əvəzinin ödənilməsi tələbinin rədd edilən hissədə, qismən ləğv edilməsi, işin eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Məmmədov Vidadi, hakimlər Əliyev Zaur və Abbasov Aqil). Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər əldən çıxmış faydanın (zərərin) əvəzinin tutulması tələbinin rədd edilməsi hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir, adıçəkilən normanın tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Bu mənada, birinci instansiya məhkəməsindən fərqli, eyni zamanda düzgün olaraq iddianı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər illik 5% üzərindən hesablanan əldən çıxmış faydanın tutulması hissədə əsaslı sayan apellyasiya instansiyası məhkəməsi eyni əsas borcun davam edən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər illik 5%-lə əldən çıxmış faydanın (zərərin) əvəzinin tutulması tələbi hissədə rədd edilməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı, bank olaraq vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı 16%-ə kimi daha yüksək faiz ödənilməsini tələb edirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir və sübut etməlidir. Hazırkı mübahisədə olduğu kimi, əgər iddiaçı digər əsaslardan çıxış edərək daha yüksək faiz ödənilməsi tələbini lazımi qaydada əsaslandıra bilmirsə, o halda onun gecikdirilmiş vaxt üçün vurulmuş zərərin əvəzi məqsədilə illik 5% ödənilməsini tələb etmək hüququna malik olub-olmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, xüsusilə vurğulamışdır ki, iddiaya xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər illik 5%-lə əldən çıxmış faydanın (zərərin) əvəzinin tutulması tələbi hissədə yenidən hüquqi qiymət verilərkən işin əhəmiyyət kəsb edən hallarına diqqət yetirilməlidir. Bu kontekstdə dəqiqləşdirilməlidir ki, xx.xx.2019-cu il tarixə nə qədər əsas borc cavabdeh tərəfindən ödənilməmiş qalmışdır, həmin tarixdən ipoteka predmeti əmlak iddiaçı tərəfindən hərracda əldə edilən tarixə kimi 5% zərərin məbləği neçə manat təşkil edir, ipoteka predmeti əmlakın iddiaçı tərəfindən hərracda əldə edilən dəyərinin hansı hissəsi əsas borcdan çıxılmalıdır, qalan əsas borca, yəni ipoteka predmeti əmlak iddiaçı tərəfindən hərracda əldə edilən tarixdən əsas borcun ödənilib başa çatdığı xx.xx.2021-ci il tarixə qədər olan məbləğə, hesablanmalı 5% zərərin miqdarı nə qədərdir. Başqa deyişlə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər illik 5%-lə əldən çıxmış faydanın (zərərin) əvəzinin ödənilməsi məsələsi həll edilərkən ipoteka predmeti əmlakın iddiaçı tərəfindən əldə edilmə tarixi və qiyməti də nəzərə alınmalı, əldə edilmə tarixinə qədərki və ondan sonrakı məbləğlər, evin hərracda əldə edilmə qiyməti müvafiq hesablama qaydasında borc məbləğlərindən çıxıldıqdan sonra, ayrı hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(012)-4895/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinin baxılma predmetinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, 30 iyun 2019-cu il tarixdən 03 noyabr 2020-ci il tarixə qədər 5% dərəcəsi ilə əldən çıxmış faydaya görə 6896,64 manat Cavabdeh alınaraq iddiaçı ASC "xxxx" Bankına ödənilməli, apellyasiya şikayətinin baxılma predmetinə aid digər hissəsində iddia təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. AR Ali Məhkəməsi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər əldən çıxmış faydanın (zərərin) əvəzinin tutulması tələbinin rədd edilməsi hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış və həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Buna görə iş yenidən apellyasiya baxışında olarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, ipoteka predmeti olan əmlak 03 noyabr 2020-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Buna görə də məhkəmə kollegiyas hesab edir ki, apellyasiya şikayətinin baxılma predmetinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş əsas borc üzrə 16 aylıq müddət üzrə faiz borcu hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı daha yüksək faiz ödənilməsi tələbini lazımi qaydada əsaslandıra bilmədiyindən AR MM-nin 447.5-ci maddəsinin tələbinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə əvvəlki apellyasiya baxışında baxılarkən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5643 nömrəli ekspert rəyindən də müəyyən olunur ki, **********08214 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh müqavilə üzrə 103449,69 manat əsas borcu vardır. Həmçinin qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(105)-1151/2019 nömrəli qətnaməsində də kredit üzrə ödənilməyən əsas borcun 103449,69 manat məbləğində olduğu məyyən edilmişdir. Buna görə də gecikdirilmiş borc üzrə illik 5% hesablanmaqla Cavabdeh bir il ərzində 5172,48 (beş min yüz yetmiş iki manat qırx səkkiz qəpik) manat borcu yaranır. On altı aylıq müddət üçün faiz borcu hesablanmalı olduğundan ümumi faiz borcu cəmi 6896,64 (altı min səkkiz yüz doxsan altı manat altmış dörd qəpik) manat müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsinə əsasən cavabdehin iddiaçı qarşısında vaxtı keçmiş əsas borc məbləğinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər illik 5% dərəcəsi ilə əldən çıxmış faydanın (zərər) əvəzinin ödənilməsi təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(012)-4895/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinin baxılma predmetinə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, 30 iyun 2019-cu il tarixdən 03 noyabr 2020-ci il tarixə qədər 5% dərəcəsi ilə əldən çıxmış faydaya görə 6896,64 manat Cavabdeh alınaraq iddiaçı ASC "xxxx" Bankına ödənilməli, apellyasiya şikayətinin baxılma predmetinə aid digər hissəsində iddia təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(012)-4895/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinin baxılma predmetinə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. 30 iyun 2019-cu il tarixdən 03 noyabr 2020-ci il tarixə qədər 5% dərəcəsi ilə əldən çıxmış faydaya görə 6896,64 (altı min səkkiz yüz doxsan altı manat altmış dörd qəpik) manat Cavabdeh alınaraq iddiaçı ASC "xxxx" Bankına ödənilsin. Apellyasiya şikayətinin baxılma predmetinə aid digər hissəsində iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar