Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-661/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 9600 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmiş, İddiaçı və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yazılı qəbzlərə əsasən 05 mart 2018-ci ildə verilmiş 4600 manat və 5000 manat olmaqla, ümumilikdə 9600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun keçmiş iş yoldaşı olmuşdur. Digər Cavabdeh1 Cavabdeh2 oğludur. Cavabdeh2 ondan 1 ay müddətinə qaytarmaq şərti ilə 10000 manat pul istəmişdir. Həmin vaxt onda cavabdehlərin istədiyi qədər pul olmadığına görə cavabdehlərə 5000 manat borca pul vermişdir. Bunu hər iki cavabdehin imzaladığı 05.03.2018-ci il tarixli qəbz təsdiq edir. Həmin gün axşam Cavabdeh1 onun yaşadığı ünvana gələrək əlavə olaraq borca pul istəmişdir. O, həmin vaxt cavabdehə 4600 manat borca pul vermişdir. Bunu 05.03.2018-ci il tarixli qəbz təsdiq edir. Həmin qəbzi Cavabdeh1 şəxsən özü imzalamışdır. Cavabdehlər aldıqları pulu 1 ay müddətinə, yəni 05 aprel 2018-ci il tarixinə qədər qaytarmağa söz versələr də, borcu ödəməkdən yayınırlar. Dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, cavabdehlər borcu ödəməkdən əsassız olaraq boyun qaçırırlar. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən qismən narazıdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan qismən ləğv edilməlidir. Belə ki, hər iki cavabdeh müştərək qaydada ondan borca 5000 manat pul almışlar. Bunu həmin şəxslərin verdiyi qəbzlər də təsdiq edir. Məhkəmə qətnamə qəbul edərkən bu hala hüquqi qiymət verməmiş, cavabdeh kimi cəlb etsə də, Cavabdeh2 borcun tutulmasını təmin etməmişdir. İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və 5000 manat pulun müştərək qaydada hər iki cavabdehdən tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni tamamilə əsassız hesab edir, iddia tələbini qəbul etmir, qətnamə ilə razı deyildir. Məhkəmə öz qətnaməsini iş materillarında olan əlyazmalar və ekspert rəyi ilə əsaslandırmışdır. İşdə olan əlyazmalar ona məxsus deyildir. O, ekspert rəyi ilə də razı deyildir, iş üzrə təkrar ekspertiza keçirilməlidir. İddia tələbindən görünür kı, iddiaçı həm ondan, həm də digər cavabdehdən pul tələb edir. Belə olan halda, həmin qəbzlərdəki imzalar ona məxsus ola bilməz. Əgər qəbzlərdəki imzalar ona məxsus olsaydı, iddiaçı pulu yalnız ondan tələb edərdi. Göründüyü kimi, iddiaçı həm ondan, həm də digər cavabdehdən pul tələb edir. Qətnamədə qeyd olunur ki, guya 5000 manat pulun verilməsinə dair qəbzdəki imzanın ona məxsus olduğunu bildirmişdir. O, məhkəmədə belə bir izahat verməmişdir. Qəbzdəki imzalar ona məxsus deyildir, qəbzlər onun tərəfindən yazılmamışdır. Məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Cavabdeh1 apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh1 nümayəndəsi Vəkil Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qismən, cavabdehin apellyasiya şikayəti isə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 05.03.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 anasının iş yoldaşı Xədicə xanımdan 5000 manat pul almışdır. Qəbzi M.Məmmədov və Cavabdeh2 imzalamışlar. İş materiallarında olan 05.03.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 anasının iş yoldaşı Xədicə xanımdan 4600 manat pul götürmüşdür. İş üzrə keçirilmiş ekspertizanın 4/473 saylı, 30.06.2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü vərəqində 05.03.2018-ci il tarixli Cavabdeh1 adından olan 5000 manat pula dair borc qəbzinin mətni (“Məmmədova” yazılarının qarşısındakı “S.M” yazılarından başqa) və həmin qəbzdə “Dünyamalıyev.M” yazılarının qarşısındakı imza, 4-cü vərəqində 05.03.2018-ci il tarixli Cavabdeh1 adından olan 4600 manat pula dair borc qəbzinin mətni və həmin qəbzdə “Dünyamalıyev.M.M” yazılarının qarşısındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 440-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında yazılı formada bağlanmış qəbzlərə əsasən Cavabdeh1 İddiaçı 05.03.2018-ci il tarixdə 5000 manat və 4600 manat, cəmi 9600 manat borc almış, lakin həmin məbləği iddiaçıya qaytarmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, Cavabdeh1 borc aldığı 9600 manatı iddiaçıya qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində məhkəmənin Cavabdeh2 cavabdeh kimi cəlb etsə də, Cavabdeh2 borcun tutulmasını təmin etmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 05.03.2018-ci il tarixli hər iki qəbzlə iddiaçıdan pulu Cavabdeh1 almışdır və 5000 manatın alınmasına dair qəbzə Cavabdeh2 imza etməsi həmin məbləğin Cavabdeh2 da alması anlamına gəlmir. Belə ki, qəbzdə 5000 manatı Cavabdeh1 alması qeyd edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətində qəbzdəki imzaların ona məxsus olmadığını, ekspert rəyi ilə də razı olmadığını, iş üzrə təkrar ekspertiza keçirilməli olmasını qeyd etsə də, onun bu dəlili iş materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının 30.06.2021-ci il tarixli rəyi ilə təkzib olunur. Belə ki, həmin rəydə hər iki qəbzin mətninin və qəbzlərdə olan imzaların Cavabdeh1 tərəfindən icra olunduğu göstərilmişdir. Həmçinin ekspertin rəyi kifayət qədər aydın və tamdır, ziddiyyətli deyildir. Digər tərəfdən, Cavabdeh1 təkrar ekspertiza keçirilməsinin zəruriliyinli apellyasiya şikayətində əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-2108/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-661/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-661/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver